Gültəkin Hacıbəyliyə qarşı iddiada hüquq rüsvayçılığı
Mahmud Mehdiyev özünü və hakimiyyəti gülünc vəziyyətə saldı
Xəbər verdiyimiz kimi dekabr ayının 30-da Bakı Apellyasiya Məhkəməsində
hakim Vüqar Məmmədovun sədrliyi ilə Milli Şuranın komissiya sədri Gültəkin
Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyevə qarşı xüsusi ittiham
qaydasında verdiyi şikayəti icraata götürməkdən imtina haqqında Yasamal Rayon
Məhkəməsinin qərarından apellyasiya şikayəti üzrə baxış keçirilmişdir.
Şikayətdə Mahmud Mehdiyevin 17 may 2013-cü il tarixində keçirdiyi mətbuat
konfransında Gültəkn Hacıbəylinin ünvanına səsləndirdiyi böhtan və təhqirlərə
görə Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb
olunması tələb edilir. Yasamal Rayon Məhkəməsinin hakimi Fuad Babayev şikayəti
icraata götürməməsini təqdim edilən sübutların mötəbər olmaması ilə
əsaslandırmışdır.
“Bu Konstitusiyanın bərabərlik
hüququnun pozulması, siyasi diskriminasiyadır”
Apellyasiya baxışında Gültəkin Hacıbəylinin vəkili Elçin Sadıqov çıxış
edərək şikayətə kifayət qədər sübut əlavə olunduğunu, internet mənbələrinin
ünvanlarının konkret olaraq göstərildiyini və hətta internetdən çıxarışların,
əlavə olaraq qəzetlərin və canlı görüntülərin olduğu videomaterialların da
məhkəməyə təqdim edildiyini bildirdi. Belə olan halda məhkəmə qərarının əsassızlığı
göz önündədir və qərar ləğv edilməlidir. O, eyni zamanda hakim Vüqar Məmmədova
2013-cü ildə Mahmud Mehdiyevin digər həyat yoldaşı ilə də Nərimanov Rayon
Məhkəməsində uşaq ilə bağlı çəkişməsinə baxdığını xatırladaraq, Mehdiyevin
şəxsiyyətinin hakimə yaxşı bəlli olduğunu vurğuladı. Vəkil Bəhruz Bayramov
çıxışında Azərbaycan Konstitusiyasına görə hamının qanun və məhkəmə qarşısında
bərabərliyi hüququ təsbit olunsa da, Gültəkin Hacıbəyliyə qarşı bu hüququn onun
siyasi fəaliyyəti ilə bağlı kobud şəkildə pozulduğunu bildirdi: “Necə ola bilər
ki, Mahmud Mehdiyev kimi şəxsiyyəti sizə də yaxşı bəlli olan birinin qondarma
şikayəti əsasında Gültəkin Hacıbəyliyə qarşı icraata başlanılır, ancaq həmin
Yasamal Məhkəməsi ortada bu qədər böhtan, təhqir və sübutlar ola-ola Mehdiyevə
qarşı şikayətə baxmaqdan imtina edir? Bu açıq-aydın siyasi diskriminasiyadır”.
Gültəkin Hacıbəyli sübutların qiymətləndirilməsinin məhkəmə hazırlıq iclasının
predmetinə aid olmadığını və sübutları araşdırmadan onların mötəbərliliyinə
qiymət verməyin kobud prosessual pozuntu olduğunu qeyd etdi. O, internetin KİV
olduğunu və bununla bağlı Cinayət Məcəlləsinə dəyişikliklər edildiyini və
internetlə bağlı məhkəmə hökmlərinin olduğunu əsas gətirərək, Fuad Babayevin
qanunsuz və əsassız qərar qəbul etdiyini bildirdi. Vəkillər hakimlərə elə
məhkəmə iclasının gedişində Mahmud Mehdiyevin Gültəkin xanıma qarşı yaydığı
təhqir və böhtan məzmunlu materialları planşet vasitəsilə əyani şəkildə də
göstərdilər.
Məhkəmənin senzuranın ləğvindən xəbəri yoxdur?
Sonra Mamud Mehdiyev çıxış etdi və məhkəmənin ən əyləncəli hissəsi də onun
çıxışı oldu. Mehdiyev əvvəlcə təqdim edilən internet materiallarının notarial
qaydada təsdiq edilməli olduğunu, bu saytların qanuni fəaliyyət göstərməsi
haqqında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən arayış təqdim
edilməli olduğunu, hakimin interneti açıb oxumağa borclu olmadığını bildirdi.
Vəkil Elçin Sadıqov 1998-ci ildən Azərbaycanda KİV üzərində senzuranın ləğv
edildiyini və RİTN-nin mətbuatın fəaliyyətinə nəzarət etmədiyini, ona görə də
bu nazirlikdən arayış tələbinin absurd olduğunu dedi.
“İnternet alma, armud, nar deyil ki, onu bazardan alıb hakimə təqdim
edək”
Gültəkin Hacıbəyli isə mülki işlərdən fərqli olaraq cinayət icraatında
sübutların notarial qaydada təqdim edilmədiyini vurğuladı: “Çox təəssüf edirəm
ki, ali hüquq təhsilli bir adam belə gülünc fikirlər səsləndirir. İnternetlə
tanış olmağın yeganə yolu konkret ünvanla internetə daxil olmaqdır. Biz bu
ünvanı göstərmişik. Hakim açıb oxumalıdır. Hətta hakimin işini asanlaşdırmaq
üçün internetdən çıxarışları da təqdim etmişik. Axı internet alma, armud, nar
deyil ki,biz onu bazardan alıb hakimə təqdim edək”.
Mahmud Mehdiyev Mahmud Mehdiyev deyilmiş?
Mahmud Mehdiyevin səsləndirdiyi növbəti fikir isə onu və heç şübhəsiz ki,
təmsil etdiyi hakimiyyəti gülünc duruma salmaya bilməzdi. O, dedi: ” Şikayətçi
şikayət ərizəsində bu əməlin konkret Mahmud Mehdiyev tərəfindən törədildiyini
sübut etməli idi. Təqdim olunan sübutlardan məlum olmur ki, əməl doğrudan da
Mahmud Mehdiyev tərəfindən törədilib, ya yox!”. Yəni, başqa sözlə desək, Mahmud
Mehdiyev məşhur mətbuat konfransında çıxış etdiyini danır. Onlarla KİV-də,
hətta “Xəzər” TV-nin xəbərlərində dəfələrlə yayımlanan bu mətbuat konfransını
Mahmud Mehdiyev deyilsə, kim təşkil edibmiş? Bəlkə hakimiyyət Gültəkin
Hacıbəyliyə qarşı cəbhənin genişliyini nəzərə alaraq Mahmud Mehdiyevi bir neçə
nüsxədə klonlayıb və mətbuat konfransında çıxış edən Mehdiyevin özü yox, klonu
olub? Hakim Vüqar Məmmədov heç bir fakta münasibət bildirmədən, heç bir əsas
göstərmədən apellyasiya şikayətinin rədd edilməsi haqqında qərar verdi.
Ümumiyyətlə, Mahmud Mehdiyevin məhkəmədəki son davranışlarından, faktiki
olaraq, 17 may tarixli mətbut konfransında özünü danmasından belə hiss olunur
ki, onun sifarşçilərini ifşa edərək özünü “qurban” kimi təqdim edəcəyi gün də
uzaqda deyil. Nələrinsə qarşılığında oğlunun anasının üzünə duran birisini
özlərinə müttəfiq seçənləri, yəqin ki, qarşıda hələ çox sürprizlər gözləyir.
Gültəkin Hacıbəyli: ” Bu analoqu olmayan əxlaqsızlıq kampaniyasıdır”
Bu məzhəkəli məhkəmə ilə bağlı Gültəkin Hacıbəylinin fikirlərini öyrəndik.
O, bunları bildirdi: “Azərbaycan hakimiyyəti mənim 9 il əvvəl həyatımdan
sildiyim, 9 il ərzində övladı ilə bir dəfə maraqlanmayan, 9 ildən sonra
məhkəmənin təyin etdiyi 200 manat alimenti verməkdən imtina edən, məndən sonra
bir neçə dəfə nişanlanmış, evlənib-boşanmış və sonrakı xanımı ilə də məhkəmədə
uşaq üstündə çəkişən, prokurorluq orqanlarından bu orqan işçisinə yaraşmayan
hərəkətlərinə görə xaric edilən, evində, ailəsində bacısı Aynur Mehdiyeva
tərəfindən törədilən əməllərə görə DİN tərəfindən cinayət işi açılan (Aynur
Mehdiyevanın əməli iyun ayında ifşa olunsa da, ortada konkret zərərçəkən və
hətta, mənim əlimdə belə insan alveri cinayətini sübut edən təkzibedilməz
faktlar olsa da, o, hələ də məsuliyyətə cəlb edilməyib) birisinə mətbuat
konfransı təşkil edib, Beynəlxalq Mətbuat Mərkəzini sərəncamına verib,
KİV-ləri, hətta TV-ləri cəlb etməklə mənə qarşı 37-ci ilin ən iyrənc
ənənələrinə uyğun geniş “ifşa” kampaniyası aparıb. Təbii ki, belə olan halda,
sifarişçilər Mehdiyevi müdafiə etməyə borcludurlar və məhkəmədən başqa qərar
gözləmirdim də. Ancaq, bu qərarla hakmiyyət özü-özünü ifşa etdi və faktiki
olaraq mənə böhtan atdığını etiraf etdi. Mənə qarşı Mahmud Mehdiyevin dili ilə
dedikləri böhtan, yalan, təhqir deyildisə, şikayəti icraata götürüb məni ifşa
etməli idilər, mənim “Mehdiyevlərin başına açdığım oyunları” bütün ölkəyə
göstərməli idilər. Axı mən “vətən xaini, rüşvətxor, reketçi, hədə-qorxu yolu
ilə Mehdiyevlərdən və başqalarından külli miqdarda pul ələ keçirən” idim, nədən
bunu sübut etmək istəmirsiniz, nədən bu fürsəti qaçırırsınız? Axı Baş
Prokurora, Vergilər nazirinə, Daxili İşlər nazirinə, rektorlara, məhkəmə
sədrlərinə qanunsuz göstərişlər verib onları cinayətə sövq edirdim, onları
cəzalandıracağımla hədələyirdim, az qala məhkəmə və icra hakimiyyətlərinin
səlahiyyətlərini mənimsəmişdim, niyə dediklərinizin altından qaçırsınız? Qoy bu
yüksək vəzifəli şəxslər məhkəməyə gəlib izahat versinlər ki, niyə onlara heç
bir təsir imkanı və səlahiyyəti olmayan bir millət vəkilinin təzyiqi ilə belə
vəzifə cinayətləri törədiblər və, ümumiyyətlə, adi bir millət vəkili onlara
necə təzyiq edə bilərdi? İndi Mahmud Mehdiyev o qədər miskin durumdadır ki,
mətbuat konfransında özünün olduğunu belə danır. Mən məhkəməyə mətbuat
konfransındakı Mehdiyevin bu Mehdiyev olduğunu sübut etmək üçün onun qan və DNK
analizini təqdim etməliyəmmi?
“Məhkəmə hakimiyyətini ləğv edib
büdcə kəsirini azaldın”
Mehdiyev məni açıq mətnlə ağır və xüsusilə ağır cinayətlər törətməkdə, hətta
Cinayət Məcəlləsinin konkret maddələrini göstərməklə ittiham edib, mənə böhtan
atıb. Bütün ölkənin gözü qarşısında mən bu əxlaqsızlıq kampaniyasında
iştirakdan imtina etmişəm və susmuşam. Bu qədər ağır böhtan və təhqirlərin
qarşısında gözləri kor, qulaqları kar, vicdanı isə, ümumiyyətlə, olmayan
Azərbaycan məhkəməsi “Əgər mən pis idimsə niyə yalvarırdın ki, boşanmayım”
cümləsinə görə məni cinayət qaydasında dörd aydır təqib edir! Yəni,
hakimiyyətin siyasi opponenti olduğum üçün, mənim ən yumşaq şəkildə
özünümüdafiə, cavab hüququm da yoxdur! O zaman məhkəmələr nə üçündür? Ədalət
mühakiməsinin imitasiyasına nə ehtiyac var? Məhkəmə hakimiyyətini ləğv edib
büdcə kəsirini azaldın. Hakimiyyətin bu davranışının bir adı var: qanunsuzluq
və siyasi diskriminasiya! Mehdiyev bu məhkəməyə də vəkilsiz gəlmişdi, çünki
Prezident Administrasiyasında əyləşən, məhkəmələrə sifarişlər, ona isə
təlimatlar verən “vəkilinə” arxayındır. Ancaq, əbəs yerə. Bu cinayətin 7 il,
insan alveri cinayətinin isə 15 il təqib müddəti var. Hələlik, bizim Avropa
Konvensiyasının 6 və 8-ci maddələrinin pozulması ilə bağlı Avropa Məhkəməsinə
şikayətimiz hazırdır. Apellyasiya məhkəməsinin qərarını gözləyirik. Dərhal
kasassiya şikayəti verəcəyik. Şikayəti Avropa Məhkəməsinə göndərməklə bərabər,
təkrar verəcəyik. Mən, mənə qarşı bu analoqu olmayan əxlaqsızlığı törədənlərin,
mənim şərəf və ləyaqətimi ağır formada təhqir edənlərin, mənə böhtan atanların
öz layiqli cəzalarına çatdığı günədək mübarizəmi davam etdirəcəyəm. Eyni
zamanda, övladımın səhhətinə və psixikasına vurulan ağır zərbələrə görə də
hüquqi prosedurlara hazırlaşırıq.(azadlıq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=3173