Adil Əliyevin yalançı şəhidliyi
Və ya müharibə
dövründə vətəni Bakıdan sevmək məntiqinə izahat

dövründə vətəni Bakıdan sevmək məntiqinə izahat
ərzində azad edə bilər. Amma müharibənin Ermənistan üçün hansı fəsadlar
yaradacağını erməni xalqı indidən dərk etməlidir”.
Belə bir bəyanatla deputat, Azərbaycan Kikboks Federasiyasının prezidenti Adil Əliyev çıxış edib. Cənab Əliyevin 2014-cü ilin Azərbaycandan Ermənistana
ünvanlanmış ilk hədə kimi qeydə alınan “feysbuk” statusunda daha daha
sonra bildirilir:
“Ali baş komandan, prezident İlham Əliyevin bütün çıxışlarında işğal
altında olan torpaqlarımızın müharibə yoluyla azad oluna bilinəcəyini
bəyan etməsi hər zaman Ermənistan üçün siqnal olmalı və bu onları
narahat etməlidir. Təəssüflər olsun ki, işğalçı Ermənistan sülh
şəraitindən sui-istifadə edir və özünə vaxt qazanır. Bu, sona qədər
davam edə bilməz. Bu məsələdə beynəlxalq qurumların fəaliyyətsizliyi də
işğalçı ölkəni ruhlandırır. Bu gün Azərbaycanın güclü ordusu var və ordu
hücum əmrini gözləyir. Ermənistan rəhbərliyi unutmasın ki, Azərbaycan
öz torpaqlarını 24 saat ərzində azad edər. Ordu bu əmri hər an icra edə
bilər.
Azərbaycan hərbi gücünü öz imkanları daxilində gücləndirdikcə, buna
cavab olaraq da bəzi qüvvələr Ermənistanı silahlandırır və ona hər cür
dəstək verirlər. Bölgədə balansı “tarazlaşdırmağa” çalışırlar. Amma bu
mümkün deyil. Ermənistanın iqtisadi imkanları getdikcə tükənir, insanlar
rahat yaşamaq üçün başqa ölkələrə üz tuturlar. Ölkə miqrasiya axını ilə
üz-üzədir. Təsadüfi deyil ki, hələ bir neçə il bundan öncə Ermənistanın
sabiq prezidenti Levon Ter-Petrosyan Qarabağ müharibəsi başlayan zaman
ölkədə 4 mln əhalinin yaşadığını, indi isə 2,4 mln insanın qaldığını
Rusiya mətbuatına verdiyi müsahibəsində qeyd etmiş, ölkənin gerçək
mənzərəsini açıq-aydın göstərmişdi.
Bu gün Ermənistanda elə hərbi hissələr var ki, formalaşa bilmir.
Çünki insan resursu çatmır. Hesab edirəm ki, Ermənistanın əsas
funksiyası Türk Dünyasına qarşı plasdarm kimi istifadə olunmasıdır.
Ermənistan forpost bir ölkədir və lazım olan qüvvələr tərəfindən də Türk
Dünyasına qarşı istifadə olunur.
P.S. Mən vətənimin hər guşəsini sevirəm və vətənim üçün şəhid
olmağa hazıram. Hər dəfə Allaha dua edirəm ki, məni vətən və
torpaqlarımız uğrunda şəhid etsin. İnanın ki, boğazdan yuxarı
danışmıram, bu fikirləri tam səmimiyyətimlə deyirəm… Əminəm ki,
ölkəmizin gələcəyi üçün bu addımları ata biləcək insanlar çoxdur.
Günü-gündən də çoxalır. Bu gün Prezidentimizin arxasınca gedənlərin
böyük əksəriyyəti sağlam gənclərdən ibarətdir və həmin gənclər Ali Baş
Komandanın əmrini gözləyir.
Tanrı bizə belə şərəfli ölüm qismət eləsin. AMİN!”
Adil Əliyevin bu bəyanı, təbii olaraq, bu bayram günlərində mövzu
qıtlığından əziyyət çəkən əksər saytların diqqətini çəkib. Onlar
tanınmış deputatımızın “şəhid olmaq arzusunu” cəlbedici başlıqlarla
manşetdən tirajlayıblar.
Lakin nədənsə heç kim qeyd etməyib ki, hörmətli Adil Əliyevin bu
bəyanatı təkcə 2014-cü ilin ermənilərə ünvanlanmış və qarşı tərəfdə
gülüş doğuran ilk hədəsi deyil, həm də yeni ilin ilk populist çıxışı
kimi qeydlərə düşə bilər.
Ümumiyyətlə, Azərbaycan parlamentinin üzvü kimi ciddi statusu
daşıyan bir şəxsin bu qədər qeyri-ciddi, populist, ikrah hissi yaradan
bir bəyanata imza atması təəsüf doğurur. Azərbaycan Ordusunun
24 saat ərzində işğal altında olan torpaqlarımızı azad etmək iqtidarında
olduğu haqda iddianın ciddiliyinin və onun ortaya çıxardığı sualların
üzərində dayanmağa ehtiyac görmürük. Qoy bu suallara zəhmət çəkib
hörmətli deputatımızın özü cavab versin, aydınlaşdırsın ki, 24 saat
içində həlli mümkün olan bir problemin əlində niyə 24 ildir girinc
qalmışıq.
Biz diqqəti Adil Əliyevin bəyanatının P.S. (“Post Scriptum” –
“Yazılandan sonra”) hissəsinə yönəltmək və ortaya çıxan bir suala
toxunmaq niyyətindəyik.
Cənab Əliyev “Hər dəfə Allaha dua edirəm ki, məni vətən və
torpaqlarımız uğrunda şəhid etsin” deyə yazır, lakin özü də inandırıcı,
səmimi görünmədiyinin fərqinə vararaq əlavə edir, inandırmağa çalışır
ki, “boğazdan yuxarı danışmıram, bu fikirləri tam səmimiyyətimlə
deyirəm…” Lakin yenə də inandırıcı ola bilmir.
Adil Əliyevin “şəhid olmaq” arzusu niyə inandırıcı görünmür?
Çox sadə bir səbəbə görə: Qarabağda müharibənin qızğın çağlarında
Adil Əliyev 24-25 yaşlı bir gənc, üstəlik də zabit olub. Lakin nə
işdirsə indiki əmin-amanlıq dövründə “şəhid olmaq” arzusu ilə
alışıb-yanan bu cənab, həmin vaxt Vətənin harayına yetişməyib. Əksinə,
müharibənin ən kritik dövründə – 1994-cü ildə (6 rayonumuzun işğal
olunduğu ildə) Hərbi Dəniz Qüvvələrində zabit vəzifəsindən imtina edərək
Daxili İşlər Orqanlarında işə düzəlib və burda sürətlə vəzifə
pillələrində irəliləməyə başlayıb. Yəni çox hörmətli
deputatımız Azərbaycanın rayonları ard-arda işğal olunduğu o illərdə
düşmənə qarşı ələ silah götürməkdənsə, “Öncə evin içi, sonra çölü”
prinsipini rəhbər tutaraq, Bakıda milli cinayətkarlarla mübarizəyə
başlayıb. Yəqin həm də ona görə ki, həmin vaxt Adil Əliyevin böyük
qardaşı Məhərrəm Əliyev Bakı polisinə rəhbərlik edirdi (Ola bilsin
“ermənidən daha təhlükəli olan” milli ünsürlərlə mübarizədə qardaşını
tək buraxmaq istəməyib).
Bunları yazmaqda məqsədimiz heç də hörmətli Adil Əliyevi vaxtilə
müharibəyə getmədiyinə görə qınamaq deyil. Azərbaycanda əli silah tutan
milyonlarla adam olsa da, onların çox az bir hissəsi Vətən uğrunda
döyüşmüşdü.
Lakin bu milyonlarla Adil Əliyevin fərqi ondadır ki, onlar Vətənin
dar günündə müharibədən yayınıb, əmin-amanlıq dövründə “şəhid olmaq”
arzusundan danışmırlar.
Sözdə Vətəni sevmək çox asandır. Yaxanda deputat mandatı, arxanda milyonlar, belə Vətəni sevməyə nə var ki?!
Ondan danış ki, Vətən sevgisini əməldə sübut etmək məqamında nə edibsən…
Rasim ƏLİYEV
AzPolitika.info
Short URL: http://www.cumhuriyyet.net/?p=3197