İsmayıllının qürur duyduğu icra başçısı
Əziz oxucu! Bir az toxta, dur, məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Cumhuriyyet.az olaraq Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən -İsmayıllı rayonunun icra başçısı Mirdaməd Sadıqovdan bəhs edəcəyik. Gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə qısa
Tərcümeyi-hal:
İqtisad elmləri doktoru, professor Mirdaməd Mirsadıq oğlu Sadıqov 1 sentyabr 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. 1957-1967-ci ildə Lahıc qəsəbə orta məktəbində oxuyub, 1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnsititunun Maliyyə-statistika fakultəsinin “Maliyyə” ixtisasına qəbul olub və 1971-ci ildə həmin fakültəni əla qiymətlərlə bitirib. M.Sadıqov elə həmin ildə insititutun “Maliyyə-kredit” kafedrasına işə qəbul olunub, 1971-ci ilin dekabr ayından 1972-ci ilin 16 dekabr tarixinədək kafedrada baş pereporator, 1972-ci ildən 1977-ci ilə qədər “laborant” və “baş laborant” vəzifəsinə təyin edilib.
O, indiyədək müxtəlif vəzifələrdə çalışıb. Sadıqov 1993-cü ilin mart ayından Yeni Azərbaycan partiyasının üzvüdür. 1996-cı ildə Azərbaycanda ilk dəfə yaradılmış “Heydər Əliyev-iqtisadi idarəetmə məktəbi”nin icraçı direktoru olub. 1999-cu ilin 27 iyul tarixindən 2000-ci ilin may ayının 6-dək Bakı şəhəri Nəsimi rayonu üzrə Vergilər İdarəsinin rəisi vəzifəsində çalışıb və doktorluq dissertasiyasını müdafiə etmək və onu başa çatdırmaq məqsədi ilə 2000-ci ilin may ayının 6-dan Azərbaycan Dövlət İqtisad İnsitituna prorektor vəzifəsinə təyin edilib. M.Sadıqov 2000-ci ildən 2007-ci ilə qədər Azərbaycan Dövlət İqtisad Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində işləyib.
2004-cü ildə “Azərbaycan Respublikasının Maliyyə potensialının formalaşması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək Azərbaycanda bu sahədə doktor adı almış ilk şəxslərdən biri olub. 2007-ci ildən 2008-ci il noyabr ayının 21-dək Azərbaycan Respublikası Vergilər Nazirliyi “Vergi siyasəti və vergi qanunvericiliyi strateji araşdırmalar mərkəzi” nin baş idarə rəisi vəzifəsində çalışıb. 2008-ci il noyabr ayının 21-dən Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilib.
M.Sadıqov prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ildən İsmayıllının icba başçısıdır.
Ailəlidir 4 övladı var.
Yeganə icra başçısıdır ki…
Yuxarıda göstərilən quru statistik məlumatlara söykənən xronologiyadır. Amma bu xronologiyanın arxasında Azərbaycan dövlətinin idarəçilik sistemində xüsusi iz qoyacaq bir rəhbər durur. Çoxlarından fərqlənən və təkrarolunmaz rəhbər… Beləliklə cumhuriyyet.az olaraq sadalayaq: Mirdaməd Sadıqov
…Yeganə icra başçısıdır ki, bu posta biznesdən, polis həyatından, məmur nomenklaturasından deyil elmdən gəlib. Bəlkə də yanılırıq, amma o bizim bildiyimiz yeganə alim icra başçısıdır…
… Yeganə icra başçısıdır ki, bu posta gəlmək üçün planlar qurmayıb, mübarizə aparmayıb. Əksinə onun bu posta olmasını istəyiblər…
… Yeganə icra başçısıdır ki, od-alova dönən bir rayona rəhbər təyin olunub və qısa zaman kəsiyində bu odu nüfuzuyla yatırda bilib…
… Yeganə icra başçısıdır ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona “başçı” yox daha üstün sayğı ilə “Ağa”, “Müəllim” deməsi də burdan qaynaqlanır.
… Yeganə icra başçısıdır ki, ona qarşı ən qərəzli media orqanı belə villalarının, bahalı avtomobillərinin, obyektlərinin şəkillərini dərc etməyib və etməyəcək də…
… Və nəhayət sonda Azərbaycan üçün şok olacaq fakt: Yeganə icra başçısıdır ki, kirayədə yaşayır! İstəyirsiz inanın, istəyirsiz yox, amma bu belədir!…
Əlbəttə, sadaladıqlarımızın bir çoxu elə hər bir rayon rəhbərinin sahib olmalı olduğu hallardır. Amma reallıq budur: Mirdaməd Sadıqov yeganə icra başçısıdır ki…
İsmayıllı: İki ilin uğurları icra başçısının dilindən
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovla görüş də xüsusi bir təəssürat yaratdı. Amma bu yazımızda bu təəssürat haqda yox icra başçısının planladığı ilər haqda bəhs edəcəyik. Onun sözlərinə görə bu il rayonda bir neçə zavod, istehsal müəssisələri açılacaq və əhalinin bir hissəsi bu iş yerlərində çalışacaq. Məsələn Azərbaycanda analoqu olmayan ilk velosiped zavodu İsmayıllıda tikilir: “Biz bu zavodu dünya velosiped istehsalında böyük yeri olan Bolqarıstanla bir yerdə tikirik. Artıq avqust ayında zavodun istifadəyə verilməsi planlaşdırılır. Bunun da 51 faizi Azərbaycanın, 49 faizi bolqarların payına düşür. İsmayıllı rayonundan 20-25 nəfər Bolqarıstana səfər edib onların təcrübələrini öyrənəcəklər. Azərbaycanda istehsal ediləcək velosipedlər həm keyfiyyəti, həm də qiymət münasibliyi ilə də sərfəli olacaq”, – deyə M.Sadıqov vurğulayıb.
M.Sadıqov deyir ki, İsmayıllıda kənd təsərrüfatı sahəsində bir sıra texnoloji yeniliklərdən istifadə edilir: “Artıq dünya elektron ticarətə keçib. Azərbaycan bölgələrində ilk dəfə olaraq “Yaşıl Market” İsmayıllıda tikilir. Azərbaycanın istənilən yerində olan bir şəxs bizim “Yaşıl Maket”in saytına daxil olub, kənd təsərrüfatı məhsullarını elektron şəkildə sifariş edə bilər. Biz həmin məhsulu ucuz və keyfiyyətli şəkildə həmin ünvana göndərəcəyik. Bu marketlərin özlərinin xüsusi maşınları olacaq. Bu da öz növbəsində məhsulun istənilən ünvana çatdırılmasını mümkün edəcək”.
Rayonda tikiləcək digər zavodlar haqqında da məlumat verən icra başçısı bildirir ki, hazırda yarımkeçiricilər və məişət xidməti cihazları istehsal edən zavodun tikintisi davam edir: “Bu Yaponiya ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Məlumat üçün bildirim ki, İsmayıllı Yaponiyanın İto şəhəri ilə qardaşlaşıb. Bu əməkdaşlıq çərçivəsində daha bir neçə layihənin keçirilməsi nəzərdə tutulur. Bunlardan biri də ağac əkilməsi sahəsində olacaq. Yaponiya Bakının Suraxanı, Yasamal və Sabunçu rayonlarında yapon bağı salacaqlar. Həmin bağın ağaclarını tinglərini isə İsmayıllıda yetişdirib aparacaqlar. Hazırda həm İsmayıllı, həm də Azərbaycanın digər rayonları üçün Yaponiyada çox əlverişli iqtisadi bazar var. Sahibkarlar bunu dəyərləndirə bilərlər. Məsələn, şabalıd qurusu, narşərab və digər kənd təsərrüfatı məhsulları Yaponiyada böyük alıcılıq qüvvəsinə malikdir. Azərbaycan dövləti bu kimi fəaliyyətlə məşğul olmaq üçün hər bir şərait yaradıb, yetər ki, hər kəs qanun çərçivəsində iş görsün”.
Mirdamət Sadıqov sözlərinə əlavə edib ki, İsmayıllıda hazırda böyük mal-qara kompleksi də tikilir və istehsal müəssisəsində 1500 mal-qara saxlanılacaq ki, bu da regionda ən böyük təsərrüfat obyeklərindən biri olacaq. Onun sözlərinə görə, kompleksdə dondurma, pendir, ət, yağ süd emalı müəssisələri də fəaliyyət göstərəcək. İsmayıllıda 1000 tonluq hinduşka əti istehsal edilən fabrikin də tikildiyini bildirən icra başçısı vurğulayıb ki, artıq fabrikin bünövrəsi qoyulub və yaxın zamanlarda hazır olması nəzərdə tutulur: “Bu istehsalla biz Bakının Qala qəsəbəsində olan ət zavodunu hinduşka ilə təmin edə biləcəyik. Artıq Azərbaycana başqa ölkələrdən hinduşka əti gətirmək ehtiyac olmayacaq”.
Rayonun enerji ilə təmin edilməsi barədə də məlumat verən Mirdamət Sadıqov söyləyib ki, İsmayıllı özünü elektrik enerjisi ilə təmin edən rayonlardan biridir. İcra başçısı deyib ki, 2 il öncə “İsmayıllı 1” adlı elektrik stansiya istifadəyə verilib və bu ilin avqust ayında isə “İsmayıllı 2” istifadəyə veriləcək. İsmayıllının Azərbaycanın dünyada tanıtdırdığı mədəniyyət nümunələri barədə də məlumat verən Mirdamət Sadıqov deyib ki, Basqal kəlağayısı bir çox uğurlara imza atıb: “1862-ci ildə Londonda Basqal kəlağayısı gümüş medal alıb. 2014-ci ilin dekabrında isə YUNESKO Basqal kəlağayısını milli-mənəvi dəyərlər siyahısına daxil edib. Gələcəkdə Basqal kəlağayısının kütləvi istehsalı nəzərdə tutulub”.
Ölü doğulan yalanlar və ya bir daha media təxribatı haqqında
Bu barədə cumhuriyyet.az olaraq bir dəfə yazmışdıq. Bəzi media orqanları İsmayıllı rayon İcra Hakimiyyətinin başçısını tənqid edərkən hissə qapılırlar. Ən azı Mirdamət Sadıqov barəsində tənqid yazarkən sıradan biri haqqında deyil, professorun hədəf seçilməsi götür-qoylarla nəzərə alınmır. Mirdamət Sadıqov kimdir, hansı suallara cavab verir, o nədən təhsil sistemindən uzaqlaşdırılaraq İsmayıllı rayonuna icra başçısı göndərildi, kimi əmsallar peşəkarcasına aparılan paralellərdən sonra qeyd olunmur. Bu suallara jurnalistlərin yerinə cavab verib, pərdəni və həmkarlarımızla aramızda olan məsafəni aradan götürmək, onları pis vəziyyətdə qoymaq istəmirik. Amma… Amma sözünü boşuna işlətmirik. Çünki, bəzi sayt və qəzetlər də nəzərə almalıdır ki, İsmayıllı rayonu İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov barəsində tənqid yazarkən şayələri xəbərə çevirməsinlər, faktlara əsaslansınlar. Ən azı yazılarında qəti imkan tədbiri seçib özlərini çətin duruma salmasınlar. Çünki, İsmayıllı rayonunda orta sahibkarlıq inkişaf etdirilir, rayon icra hakimiyyətinin imkanları daxilində sahibkarlara ən yüksək səviyyədə köməklik edilir. Rayon vətəndaşları qəbul günləri qəbul edilir, problemləri dinlənilir. Kənd icra nümayəndələri yerlərdə insanlarla hörmətlə davranır. Bu kimi onlarla halın haradan qaynaqlandığını düşünmək yetərlidir. Mirdamət Sadıqovun mədəni səviyyəsi nəfsindən irəli gələn bütün məsələləri üstələyir. O, sahibkarlıq subyektlərini incitmir, narahatçılıq yaratmır, hər hansı bir MMC-si yoxdur. Belə olan halda nədən ondan tənqid yazılır, ictimaiyyətdə sonradan özünü doğrultmayan fikirlər ortaya qoyulur, tənqid ucuzlaşdırılır?!
Məsələn, İsmayıllıda insanların ayağa qalxacağı oxucuya vəd olunur, sonradan heç nə baş vermir. Bəzi saytlar İsmayıllı insanını özlərinə sipər seçənlərə dəstək olur, onların adından spikulyasiya edənləri qısa müddətli sevindirirlər. “Məqalələrində” vətəndaşların Mirdamət Sadıqovdan narazı olduğu vurğulanır, amma bunlar sonradan özünü doğrultmur, şayə olaraq qalır. Dostlar, inanın ki, sizdən Mirdamət Sadıqova qarşı istifadə edirlər. Bu şəxslər sonradan sizə lağ da edirlər. Bunların fikri rayonda yenidən qarışıqlıq yaratmaqdır. Çünki rayondan hadisələr zamanı belə ləyaqətsizcəsinə ifşa olunaraq getmələrini heç cür həzm edə bilmirlər. Həzm edə bilmirlər ki,İsmayıllıya yerli kadr rəhbərlik edir.İsmayıllıda yerli kadrın uğur qazanması onların gələcək planlarını da alt-üst edir. İsmayıllıda hazırki başçının yerinə göz dikənlər var.Ancaq onlar bu məkrli oyunlara sizləri qatırlar.Yerli adamların əliylə yerli kadrı vurmaq planı.
İsmayıllıdan olan tanınmışlar Mirdaməd Sadıqov haqqında
Azərbaycanın tanınmış şairi Baba Vəziroğlu Mirdaməd Sadıqovla dost olduğunu deyib: “Mən Bakıda qeydiyyatda olsam da həmişə özümü ismayıllılı sayıram. Sanki Bakıda olanda da mənə elə gəlir ki, İsmayıllıda yaşayıram. Tez-tez, fürsət düşdükcə ora gedirəm. Mirdaməd müəllimlə çox- çox əvllərdən dostuq. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə zəif cəhəti var ki, başqa bir icra başçısı sərt tədbirlər görəcəyi halda, o müəllimlik xüsusiyyətindən irəli gələrək başa salırki , belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxtda buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə islah etmək olar. B.Vəziroğlu İsmayıllıdakı problemlərdən də söz açıb: “Əvəllər insalar deyirdilər ki, bizim rayonun bəxti gətirməyib. Allah bizə Kəmaləddin Heydərovu yetirməyib ki, rayon ağ günə çıxsın. Çünki Qəbələ balaca bir kənd olanda, İsmayıllı şəhər idi və qəbələlilər İsamyıllıya paytaxt kimi baxırdılar. Ancaq baxımsızlıqdan, yiyəsizlikdən İsmayıllı bərbad vəziyyətə düşmüşdü. Çox şükür ki, İsmayıllıdan olan, ismayıllıların qədrini bilən bir insan gəldi.
Sağ olsun ki, prezidentimiz rayonu qədir bilən bir adama tapşırdı. Mirdaməd müəllim işini çox yaxşı bilən bir icra başçısıdır”.
Yazıçı, jurnalist Mehman Cavadoğlu Mirdaməd Sadıqovun işinə belə qiymət verib: “İsmayıllıya tez-tez getmirəm. Ancaq əlaqlərim, məlumatlarım var. Mirdaməd müəllimlə illlər öncə İsmayıllıdan olan bir ziyalı kimi görüşmüşəm. İcra başçısı olandan sonra isə heç vaxt görüşməmişəm. O gələndən sonra İsmayıllıda xeyli abadlaşma işləri gedib, yollar düzəlib. Eşitdiyimə görə, Mirdamət müəllim şəffaf idarəetmə sistemi ilə fəaliyyət göstərir. İnsanlarla görüşür, onların dərdlərini, qayğılarını öz dillərindən eşidir. Mümkün olan nə varsa, onları həyata keçirməyə çalışır. O, əhali ilə sıx təmas ilə işləmək xəttinə üstünlük verir. Təbii, bütün rayonlarda olduğu kimi İsmayıllıda da müəyyən problemlər var, bu problemlərin həllinin daha tez olmasını istəyərdim . Ancaq elə problemlər var ki, yerli hakimiyyət orqanlarından asılı olmur”.
ATƏT-in Bakı Ofisinin mətbuat xidmətinin rəhbəri Rəşad Hüseynov hesab edir ki, M.Sadıqov aktiv icra başçısıdır: ” Rayona 2-3 aydan bir gedirəm. Əsasən bayramlara və ya xeyir-şər işlərinə. Məzuniyyətimi də ailəmlə birlikdə İsmayıllıda keçirirəm. Yerli sakinlərlə görüşüb söhbət edirik, dərdləşirik. Yaşayışından razı olanlar da var, şikayət edənlər də. İnsanların çoxu Mirdaməd müəllimi aktiv bir insan kimi xarakterizə edir. O, tez-tez sakinlərlə və rayon ziyalıları ilə görüşlər keçirir, insanların problemlərini və təkliflərini dinləyir. Məncə, bu, çox önəmlidir. Rayon rəhbərliyinin sakinləri dinləməsi belə qarşılıqlı inam üçün güclü zəmin yaradır. Digər tərəfdən, bəzi həmyerlilərim, respublikanın digər yerlərində olduğu kimi, öz problemlərinin dərhal həllini gözləyir. Bu da baş verməyəndə narazı qalırlar. Əlbəttə, onları anlamaq olar. Hər kəs öz problemini prioritet sayır. Amma digər tərəfdən, real düşünsək, bütün problemləri qısa zaman kəsiyində həll etmək çətindir. Bəzi məsələlərin həlli zaman tələb edir. Rus yazıçısı Lev Tolstoy demişkən, “Gözləməyi bacaran üçün hər şey vaxtında baş verir”.
Space TV-nin “Hər Həftə” verilişinin aparıcısı və redaktoru , tanınmış telejurnalist Ayaz Mirzəyev İsmayıllının icra başçısının işindən narazı deyil: “Sözün açığı, rayona tez-tez getmirəm. İş elə gətirib ki, görüş, tədbir və ya müsahibə olanda ora gedirəm. Əlbəttə, çalışıram rayonda olarkən sakinlərin yaşayışı, həyat tərzi ilə yaxından maraqlanım. Hazırda rayonda şəhərdən fərqli qayğılar var. Həmişə müşahidə elədiyim və heç vaxt dəyişməyən bir məqam isə həqiqətən rayon sakinlərinin şəhərlilərdən öz zəhmətkeşliyi ilə fərqlənməsidir Mirdamət müəllimlə ötən il İsmayıllıda keçirilən tədbirdə geniş görüşüb müzakirə etmək imkanım olub. O həm savadı ,həm dünya görüşü, həm də həyat təcrübəsi ilə sözün əsl mənasında İsmayıllının ağsaqqalıdır. Əslən bu rayondandır və özünün də dediyi kimi bundan sonra qalan ömrünü də məhz İsmayıllının inkişafı üçün sərf edəcək. Mən İsmayıllıdan olan jurnalist kimi onun gördüyü işləri yüksək qiymətləndirirəm. O, mənim babam Bəhyəddin Mirzəyevin yaxın dostu olub”. Jurnalist daha sonra 2 il əvvəl İsmayıllıda baş verən olayları da xatırlayıb:” Mirdamət müəllim rayonda kifayət qədər birlik və əməkdaşlıq mühiti yarada bilib. Bu amil dövlət orqanlarının əhalinin problemləri və qayğılarının tez bir zamanda aradan qaldırılması üçün çox vacibdir. Rayonda yaşayan qohumlarımdan tez-tez soruşuram. Dediklərinə görə, icra hakimiyyəti operativ şəkildə rayon sakinlərinin qayğılarını dinləyir, onların problemlərinin həll olunması üçün əlindən gələni edir. Əlbəttə bu münasibətin bəslənilməsində, sözsüz icra başçısı yenə də həlledici rol oynayır”.
Tanınmış jurnalist Xətayi Əzizov İsmayıllının icra başçısının işindən razı olduğunu deyib: “Mirdaməd muüəllim, həqiqətən də işini bilən, bacarıqlı, kreativ bir rəhbərdir. Onun İsmayilli rayonuna rəhbər təyin olunmasından az vaxt keçməsinə baxmayaraq, rayonumuz simasını həqiqətən yaxşı mənada çox dəyişib. Bu gün İsmayıllı mədəniyyəti, incəsənəti, yaradıcı insanları, məhsul istehsalı ilə təkcə respublikada deyil, xaricdə də yaxşı tanınır. Bunu Yaponiya, Bolqarıstan və digər ölkələrin nümayəndə heyətlərinin rayona səfərlərindən də görmək olar. Bunlar hamısı Mirdaməd müəllimin qısa vaxt ərzində gördüyü işlər nəticəsində əldə olunub. Ona görə də qısaca olaraq demək olar ki, Mirdaməd müəllimin İsmayıllı rayonuna icra başçısı təyin olunması prezident İlham Əliyevin bölgəyə hörməti və diqqətinin təzahürüdür. Mirdaməd müəllim də bunu bilir və ona göstərilən yüksək etimadı layiqincə dogruldur”.
Türkel TV-nin baş direktoru Nadir Şəfiyev də Mirdaməd Sadıqovun işinə müsbət qiymət verib: “Mirdaməd müəllim hər bir kəslə onun dilində danışmağı bacaran insanlardandır. Birincisi, çox istəyərdim ki, vəzifə Mirdaməd müəllimi dəyişdirməsin. İkincisi, bir rəhbər və ağsaqqal kimi ölkəmizin və dünyanın müxtəlif bölgələrinə səpələnmiş əslən İsmayıllıdan olan ziyalıları bir araya toplamağa real cəhd göstərsin. Bu, onlar üçün mənəvi qida, rayonumuz üçün isə əlavə inkişaf imkanları verə bilər. Üçüncü isə çox istərdim ki, rayonun, eləcə də ölkəmizin ən qədim mədəni ocaqlarından olan Lahıc və Basqal kimi qəsəbələrin abadlaşdırılması və turizm mərkəzləri kimi tanıdılması üçün müvafiq dövlət strukturları ilə birgə fəaliyyət daha səmərəli formada davam etdirilsin. Bu, daha çox Basqal qəsəbəsinə aiddir. Qəsəbəyə bu il qaz çəkilməsi planı reallaşdırılmağa başlasa da, iş yeri demək olar ki, yox səviyyəsindədir. Bu qədim sənət ocağının əhalisinin əksəriyyəti işsizlikdən qəsəbəni tərk etmək məcburiyyətində qalır. YUNESKO-nun mənəvi sərvəti kimi qeydiyyata alınmış Basqal kəlagayısı isə sahibsiz qalmaq təhlükəsi ilə üz-üzədir. Çox istərdim ki, bu məsələlərdə icra başçısı daha təşəbbüskar olsun”.
Nəsimi, Cumhuriyyet.az
Short URL: http://www.cumhuriyyet.net/?p=32065