Dövlət büdcəmiz ciddi təhlükə altında
Iran və Liviya Azərbaycanı neftlə
“vurdu”; bu iki ölkənin dünya neft bazarına çıxış əldə etmələrindən
sonra qiymətlər ucuzlaşmağa doğru istiqamət götürüb;
Prosesdən ən çox zərər çəkən ölkələrdən biri də bizik; hökumətin narahat günləri başlandı
Iran və Liviya Azərbaycanı neftlə
“vurdu”; bu iki ölkənin dünya neft bazarına çıxış əldə etmələrindən
sonra qiymətlər ucuzlaşmağa doğru istiqamət götürüb;
Prosesdən ən çox zərər çəkən ölkələrdən biri də bizik; hökumətin narahat günləri başlandı
İlin ilk günündən neft hasilatının
tədricən artdığı qeydə alınan Liviyadan daxil olan xəbərlər fonunda
neftin dünya qiymətləri azalmağa başlayıb. Nyu-Yorkda yanvarın 2-də keçirilən hərracın nəticələrinə görə,
müddətli mal birjasında WTI (Light Sweet) neftinin 1 barelinin rəsmi
qiyməti 2,98 dollar azalaraq, 95,44 dollara enib. ISE Futures Europe”
elektron mal birjasında isə neftin qiyməti 3,02 dollar azalaraq, 107,78
dollara düşüb.
Liviyanın “National Oil Corp.” şirkətinin mətbuat katibi bildirib
ki, istirahət günlərində iki neft yatağı hasilatını bərpa edib. Bir
müddət əvvəl Liviyada neft yataqlarında və neft terminallarında
etirazlar bazara xammal neft tədarükünün məhdudlaşmasına gətirib
çıxarmışdı.
2013-cü ilin noyabrında Liviyanın neft istehsalı gündə 350 min
barel təşkil edib, ayın sonuna doğru gündəlik 1,4 milyon barel istehsal
üçün potensial imkan olduğu halda, hasilat 250 min barelə qədər
enmişdi.
“Qara qızıl”ın qiymətinin azalmasına Kuşinge anbarında (Oklahoma
ştatı) xammal neft ehtiyatının kəskin şəkildə artması mövzusundakı
spekulyasiyalar da təsir edib.
Analitiklər 2013-cü ildə çıxarılan neft ehtiyatlarının həddən artıq
çox olması problemini qeyd edirdilər. Çünki indi dünya bazarına bir
neçə mənbədən əlavə neft daxil olmağa başlayıb. Birincisi, ABŞ-İran
anlaşması fonunda İran dünya bazarlarına neft göndərməyə başlayıb.
İkincisi, Liviyada üsyançıların neft terminallarının mühasirəsinə son
qoyulub və hasilat bərpa edilir. Üçüncüsü, Suriyada vəziyyət dinc yolla
tənzimlənir və terrorçuların nəzarətində olan neft rayonlarına nəzarət
bərpa edilir. Bu amillər “qara qızıl”ın qiymətinin necə olacağını
proqnozlaşdırmağı belə çətinləşdirir.
İran və Liviyanın dünya bazarına çıxışı qiymətlərin avtomatik
olaraq ucuzlaşmasını stimullaşdırır. Dünya neft ehtiyatlarının həcminə
görə İran dördüncü (ehtiyatların həcmi 150 milyard 600 milyon barel
qiymətləndirilir), Liviya isə onuncu yerdədir (47 milyard barel). Bu iki
neft nəhənginin dünya bazarına çıxışının təmin edilməsi təklifin
artmasına və qiymətlərin ucuzlaşmasına gətirib çıxaracağı şübhəsizdir.
Ancaq neftin hansı həddə qədər ucuzlaşacağına proqnoz vermək mümkün
deyil. Bununla belə, analitiklər belə hesab edir ki, ilin ikinci
yarısında neftin qiyməti 2013-cü ilin dekabrındakı səviyyə ilə
müqayisədə azı 15 faiz ucuzlaşacaq.
Azərbaycan nefti “Brent” markası altında satılır. 2013-cü ilin
sonunda hasilat azalıb və gündəlik 830 min barelə enib. Sentyabrda isə
gündəlik hasilat 912,7 min barel idi. İndi Azərbaycan nefti dünya
bazarında 1 bareli 106 dollara satılır. 2014-cü ilin dövlət büdcəsində
isə neftin 1 barelinin qiyməti 100 dollardan götürülüb.
Deməli, Azərbaycan iqtisadiyyatı çox ciddi təhlükələr
astanasındadır. Bir tərəfdən hasilat azalmağa doğru gedir və neftdən
asılı olan büdcə bundan milyonlarla manat itirir. O biri tərəfdənsə,
qiymət ucuzlaşarsa, xam neft satışı hesabına formalaşan (büdcədə neft
sektorunun payı 68 faizdir) büdcə sözün həqiqi mənasında çökə bilər.
Əgər ilin birinci yarısında hökumətin üzünü ağ edən “qara qızıl” 15
faiz ucuzlaşarsa, bu o deməkdir ki, Azərbaycan nefti 89 dollara enəcək.
Bu isə büdcədə nəzərdə tutulan baza qiymətindən 11 dollar azdır.
Bu il Azərbaycanda 41 milyon barel neft hasilatı nəzərdə tutulur.
Bunu 7 milyon bareli daxili tələbatın ödənilməsinə yönələcək. Qalan 34
milyon barelin isə ixracı nəzərdə tutulur. Orta hesabla ilin birinci
yarısında 17 milyon barel neft ixracı nəzərdə tutulur. Əgər qiymət ilkin
proqnozlaşdırıldığı kimi 15 faiz ucuzlaşsa və “Brent” markası 89
dollara satılsa, onda büdcə gəlirləri 190 milyon dollara yaxın azalacaq.
Nəzərə alsaq ki, bu büdcə kəsiri 1 milyard 679 milyon manat həddində
proqnozlaşdırılır, bunun büdcə üçün nə demək olduğunu xüsusi izah etməyə
ehtiyac qalmır. Qiymət ucuzlaşarsa, dövlət büdcəsinin kəsiri 2 milyarda
manata bilər. Özü də neftin 15 faiz ucuzlaşması nikbin proqnozlara
əsaslanır. Pessimist müşahidəçilər İran və Liviyanın xam neft satışı
bazarında mövqeyini gücləndirdikdən sonra qiymətlərin daha çox
ucuzlaşacağını düşünürlər.
Ancaq məsələ bununla da bitmir. Bu il 41 milyon barelin hasil
edilməsi sadəcə nəzərdə tutulur. Yəni bu həcmdə neft çıxarılmaya da
bilər. Hasilatın azalması davam edir və bp-nin səylərinə və hökumətin
hədələrinə baxmayaraq nəinki hasilatı artırmaq, heç sabit saxlamaq da
mümkün olmayıb. Əgər hasilat azalmaqda davam edəcəksə, hökumət həm
həcmdə, həm də qiymətdə uduzacaq. Bu halda hökumət büdcəni doldurmaq
üçün əlavə mənbələr axtarmalı olacaq. Hökumət hələ ki, bir alternativdən
istifadə edir – qiymətlərin artırmaqla itkiləri kompensasiya etmək.
Ancaq neftin qiymətinin ucuzlaşması və hasilatın azalması fonunda
itkiləri yalnız qiymət artımları ilə qarşılamaq mümkün olmayacaq. Qiymət
artımları sonsuzluğa qədər davam edə bilməz. Ona görə də hökumət qiymət
artımları əvəzinə şaxəli iqtisadiyyata keçid haqqında düşünsə yaxşı
olar.
Musavat.com
Short URL: http://www.cumhuriyyet.net/?p=3218