Ərdoğanla Gülən barışır

06.01.2014 - 12:01

Fətullah Gülən Ankaraya “sülh məktubu”, baş nazirə isə iki imzalı kitabını göndərdi

Fətullah Gülən Ankaraya “sülh məktubu”, baş nazirə isə iki imzalı kitabını göndərdi
 

Bir neçə gündür Türkiyədə baş nazir Rəcəb Tayyib Ərdoğana gələn “sülh
məktubu” müzakirə olunur. Məktub məsələsi baş nazirin yanvarın 4-də
40-a yaxın media mənsubunu səhər yeməyinə dəvət edib, onlarla son
olayları müzakirə edərkən ortaya çıxdı. Lakin həmin görüşdə Ərdoğan
məktubun kimdən gəldiyi və içərisində nələrin yazıldığı barədə heç bir
açıqlama vermədi. Jurnalistlərin “Məktub Fətullah Güləndənmi gəldi?”
sualını isə baş nazir cavabsız qoydu. Amma çox keçməmiş məlum oldu ki,
məktub elə Fətullah Güləndən gəlib. Lakin ehtimal edildiyi kimi,
Ərdoğana yox, prezident Abdullah Gülə. Sadəcə, orada Ərdoğana da
ünvanlanan bəzi məqamlar yer alıb.

Gül adamlarını Gülənin qəbuluna göndərib

Məktubla bağlı bütün qaranlıq məqamlar Fətullah Gülənə məxsus
“Herkul.org” saytında yayılan açıqlamadan sonra ortaya çıxdı. Məktub 17
dekabrda başlayan və Türkiyəni silkələyən “böyük rüşvət” əməliyyatı və
bu olaylarda “Gülən camaatının” adının hallandırılması, ittihamlara tuş
gəlməsi ilə bağlı idi. Gülənin müəllifi olduğu məktubda əvvəlcə o qeyd
olunur ki, prezident Gül məlum olaylar ətrafında mübahisələrin
böyüməsini önləmək üçün fərqli kəsilmlərlə görüşüb məsləhət almağı, o
cümlədən Fətullah Gülənin də mövqeyini öyrənməyi vacib sayıb. Bu
məqsədlə də fikirlərini bildirməsi üçün dekabrın 21-də öz adamlarını
Gülənin yanına göndərib. Həmin adamlar Gülənlə söhbət zamanı ondan
Ankaraya mövqeyini yazılı şəkildə çatdırmağı xahiş ediblər. Fətullah
Gülən də məktubla açıqlamağı daha məqsədəuyğun sayıb. Gülən məktubun
əvvəlində dərsanələr məsələsinə toxunaraq onların mövcudluğunun Türkiyə
üçün faydasından, qapadılma qərarının isə yanlış olmasından bəhs edib.
Bununla belə, dərsanələrlə bağlı ondan müqavimət göstərməyi tələb
edənlərə “Sülh tərəfdarı olacağımıza və əlimizdən gəldiyi qədər hər kəsi
sükunətə çağıracağımıza əmin olun” mesajını verdiyini xatırladıb. Gülən
hər fürsətdə çevrəsinə “Gəlin, gündəlik olaylarla başımızı qatmayaq,
imanımızı dərinləşdirməyə və xidmətlərimizi davam etdirməyə çalışaq”
tövsiyəsini verdiyini də bildirib.

“Kiməsə əmr verməmişəm, məmurları səfərbər etməmişəm”

F.Gülən bildirir ki, dövlətin fəaliyyətilə bağlı əmr vermək, müdaxilə
etmək və məmurları hansısa addıma səfərbər etmək kimi, cəhdlər
göstərməyib. Lakin bunun müqabilində bəzi media orqanları qarayaxma
kampaniyası aparıblar və bəzi hallarda da etik hədləri aşıblar. Gülən
prezident Gülün bu kampaniyanı dayandırmaq üçün əlindən gələni edəcəyinə
ümidvar olduğunu bildirib. Və qeyd edib ki, əməliyyat çərçivəsində öz
vəzifələrini həyata keçirən bəzi məmurlara qarşı yaradılan maneələri
təəssüflə izləyib: “Dövlət məmurlarının üzərinə gedib vəzifələrini
yerinə yetirməyə imkan verməmək və heç bir günahları olmaya-olmaya
cəzalandırmaq yolverilməzdir. Mən və sevənlərim bunu sükutla qarşılasaq
belə, məşhəri vicdan susmayacaq”.

“Bu ayrı-seçkiliyin qarşısı alınmasa…”

Gülən bu olaylar zamanı haqsızlığa məruz qalan bir çox insanla
görüşdüyünü, lakin onların heç birini kiməsə qarşı yönləndirmədiyini,
sadəcə, səbrli olmağı tövsiyə etdiyini bildirib: “Əgər bu
ayrı-seçkiliyin qarşısı alınmasa, sabah başqa vəzifələri tutanlar da
eyni münasibətlə üzləşəcəklər”.
Fətullah Gülən məktubunda qarşıdakı
seçkilərə də işarə edərək AKP hakimiyyətini dəstəkləyəcəklərinin
mesajını verib: “Mən və sevənlərim dünən hansı sırada yer almışıqsa,
yaxınlaşan seçim mərhələsində də eyni yerdə olacağıq. Mən hər zaman sülh
və hüzurun, birliyin yanında yer almışam və sevənlərimə də bunu təşviq
etmişəm. Bu yaşımda başqa bir sevda, düşüncə və niyyətim ola bilməz.
Tərəfdarlarıma və dostlarıma bundan sonra da bu dediklərimi tövsiyə
edəcək, hüzurun bərqərar olması üçün əlimdən gələni əsirgəməyəcəm. Hər
zaman sülhün dəstəkçisi olacam”.
O da məlum olub ki, Fətullah Gülən
məktubla birlikdə Ərdoğana iki imzalı kitabını da göndərib və baş nazirə
xoş arzularını çatdırıb.

“Le Monde”: “Yaranmış siyasi böhrandan ən çox Gül yararlana bilər”

Fransanın məşhur “Le Monde” qəzeti öz səhifəsində növbəti dəfə
Türkiyədəki son olaylara yer ayırıb. Qəzet yazır ki, uzun müddət baş
nazir Ərdoğanın kölgəsində qalan prezident Gül son aylar onun əsas
rəqibinə çevrilib. Yazı müəllifinin fikrincə, Türkiyəni sarsıdan “böyük
rüşvət əməliyyatı” ilə bağlı Güllə Ərdoğanın mövqeyi bir-birinə tam
ziddir: “Biri səhnəni monopoliyaya alıb, mitinqdən-mitinqə qaçır və onu
yıxmaq üçün tələ qurulduğunu dilə gətirir. O biri də Çankayadakı
prezident iqamətgahından sakitləşdirici və üzərində çox düşündüyü bir
fikri dilə gətirmək üçün çıxır.  Baş nazir ətrafının hədəf alındığı
ittihamlara qarşı əks-hücuma keçərkən, prezident sakit şəkildə uyğun
zamanı gözləyir. Yüksəlişini seyr etdiyi hörmətli Ərdoğanın uzun müddət
kölgəsində qalan Gül son aylarda onun ən ciddi rəqibinə çevrilib.
AKP-nin iqtidara gəldiyi 2002-ci ildən bu yana görünməmiş bu siyasi
böhrandan ən çox yararlanan da məhz Gül ola bilər”.
Qəzet 31 dekabr
gecəsi Ərdoğanın xalq qarşısında sərt bir çıxış etdiyini, Gülün isə
“moderator” qismində gözə dəydiyini xatırladıb.
Bu arada, prezident
Gül növbəti dəfə “böyük rüşvət əməliyyatı” ilə bağlı yerli
jurnalistlərin suallarını cavablandırıb. Gül bildirib ki, korrupsiya və
rüşvət halları varsa, prokurorluq və məhkəmə bunu mütləq araşdırıb üzə
çıxarmalıdır. Əks halda, korrupsiya dövləti içindən çürüdə bilər. Son
baş verənlərin Gəzi parkı olayları ilə hər hansı əlaqəsinin
olub-olmamasına gəlincə, prezident bu iki hadisə arasında paralellik
görmədiyini deyib. Qarşıdakı seçkidə namizədliyini irəli
sürüb-sürməyəcəyi ilə bağlı sualı isə Gül “Bu barədə danışmaq hələ çox
tezdir, zamanla hər şey müəyyənləşəcək” deyərək cavablandırıb.

“Bir daşla qətliam etmək istədilər”

Baş nazir Ərdoğan isə xalqla son görüşlərində yenə bəzi prokurorların
ünvanına ittihamlar səsləndirib: “Bu necə prokurordur ki, ifadə verməyə
gələn adama “Iki dəqiqə vaxtın var, ifadəni ver, çıx” deyir. Üstəlik,
“Əfəndilərinizə deyin, gəlib sizi xilas etsinlər” əlavəsini edir. Belə
də prokuror, belə də araşdırma olar? Həmişə demişəm, indi də təkrar
edirəm, bu, millətin iradəsinə qarşı oynanılan oyundur. Bir daşla bir
quş vurmadılar. Bir daşla qətliam həyata keçirməyə çalışdılar”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3223

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930