Türkiyədəki rüşvət qalmaqalı haqda şok dosye

06.01.2014 - 22:10

Rza Zərrabın istefa verən nazirlərlə əlaqəsindən Türkiyə hökuməti 8 ay əvvəl xəbərdar imiş

Türkiyəni silkələyən “böyük rüşvət əməliyyatı” başlayandan bu yana
Ərdoğan hökuməti israrla baş verənlərdən xəbərsiz olduğunu, bu
əməliyyatın AKP iqtidarını sarsıtmaq üçün gizli şəkildə həyata
keçirildiyini bəyan edir. Lakin yerli medianın üzə çıüxardığı məlumatlar
göstərir ki, hökumətin bu bəyanatları o qədər də səmimi deyil. Türkiyə
mediasının (haberler.com) yazdığına görə, “rüşvət əməliyyatı”nda adı
əsas fiqur kimi hallandırılan iranlı iş adamı Rza Zərrabın istefa verən
nazirlərlə əlaqəsindən AKP hökuməti, daha dəqiq desək, ölkənin milli
təhlükəsizliyinə cavabdeh olan MİT (Milli İstihbarat Təşkilatı) xəbərdar
imiş. Hətta bununla bağlı MİT əməkdaşlarının rəşbərliyi ilə məlum
rüşvət əməliyyatından 8 ay əvvəl – 2013-cü ilin aprelində “45650928”
saylı xüsusi bir dosye də hazırlanaraq hökumətə təqdim edilib.

Zərrabla iki nazirin sövdələşməsi…

Üç səhifəlik dosyedə Rza Zərrab və onun nazirlərlə əlaqəsindən söz
açılır. Bildirilir ki, Rza Zərrabın İqtisadiyyat naziri Zəfər Çağlayan
və Daxili işlər naziri Müəmmər Gülərlə yaxın əlaqəsi var. Bu əlaqələrdən
istifadə edərək o, nazirlərə qardaşı Məhəmməd Zərrabın Türkiyə
vətəndaşlığına qəbul edilməsi üçün müraciət edib: “Qapalı Çarşı”da qızıl
ticarəti ilə məşğul olan və sənətçi Ebru Gündəşlə evli olan iranlı
Türkiyə vətəndaşı Rza Zərrab embaroqoya görə Türkiyəyə pul göndərə
bilməyən banklara vasitəçilik edir. Bunların arasında İrandakı “Bank-e
Parsiyan”,

“Bank-e Keshavarzi”, “Bank-e Karafaran”, “Bank-e Sarmaye”, “Bank-e
Saman” kimi banklar var. Onun Dubayda fəaliyyət göstərən və dünya
miqyasında pul transferləri həyata keçirən “Al Salşam exchange”in şəriki
olduğu, Dubaydakı işləri ilə atası Hüseyn Zərrab və qardaşı Məhəmməd
Zərrabın məşğul olduğu, İrandan Dubaya köçürülən pulları banklar
vasitəsilə Türkiyə və Çinə göndərdiyi, İrandakı embarqolara görə Çindəki
“Postal Saveings Bank Of Chine”, “Kunlun Bank” və “Huaksi Bank” ,
Hindistandakı “Bank of Baroda” ilə çalışdığı, Türkiyədəki “Halkbank” və
“Ziraat Bank”ın səlahiyyətli şəxsləri ilə 2013-cü ilin yanvarında
görüşdüyü müəyyən edilib”.

“Qızılla dolu təyyarə üçün Çağlayandan kömək istəyib”

Dosyedə o da qeyd olunur ki, Zərrab nazir Çağlayanla əlaqələri zamanı
ondan bir məsələ ilə bağlı kömək istəyib: “Qanadan Dubaya 1500 kq.
qızıl aparan və 2013-cü il 1-18 yanvar aralığında Atatürk Hava Limanında
saxlanılan təyyarə ilə bağlı İqtisadiyyat naziri Zəfər Çağlayanla
danışan, ona malın gəldiyini, lakin ala və ya geriyə də qaytara
bilmədiklərini deyib. Zərrabın xanımı Ebru Gündəş Çağlayanın oğlunun toy
məclisində də iştirak edib.

Nazir oğluna 2 il boyunca 15 min dollar…

Nazir Müəmmər Gülərlə isə qardaşına Türkiyə vətəndaşlığı ala bilmək
üçün 2013-cü il aprelin 12-də görüşüb. Görüş zamanı nazirdən müsbət
cavab alıb. Bir gün sonra qardaşı Məhəmmədlə görüşündə Rza Zərrab deyib
ki, nazirin oğlu Barış Gülər onun yanına gələcək və vətəndaşlıq üçün
müraciət vərəqəsini gətirəcək. O da bunun müqabilində Barış Gülərə
Məhəmməd Zərrabın məsləhətçisi qismində iki il boyunca 15 min dollar
verəcək”.

Dosyenin yekununda isə qeyd olunur ki, Zərrabın nazirlərlə əlaqəsi
üzə çıxarsa, bundan hökumət əleyhinə istifadə edə bilərlər: “İrana qarşı

iqtisadi sanksiyalara baxmayaraq, pul transferləri həyata keçirən
Zərrab yaxın gələcəkdə ABŞ-ın “qara siyahısına” düşə bilər. Onun
Türkiyədəki fəaliyyətləri isə başda maqazin mediası olmaqla, bütün
cəmiyyətin diqqətini üzərinə çəkəcək. Zərrabın nazirlər Zəfər Çağlayan
və Müəmmər Gülərlə mövcud əlaqələri üzə çıxarsa, bundan hökumət əleyhinə
istifadə oluna bilər”.

Maraqlıdır ki, hər iki nazir, eləcə də onların oğlanları Rza Zərrabla
hər hansı ticari və ya pulla bağlı əlaqələrinin olmasını inkar
etmişdilər. Yeri gəlmişkən, məhkəmə Zəfər Çağlayanın həbsdəki oğlu Salih
Kaan Çağlayanın şikayətini təmin etməyib. Nazir oğlu istintaq müddətini
həbsdə keçirməsinə etiraz etmiş və bununla bağlı məhkəməyə şikayət
vermişdi.

Bu gün o da bəlli olub ki, Türkiyədəki “böyük rüşvət əməliyyatı”
zamanı həbs edilən 41 nəfərdən 7-nin əmlakına həbs qoyulması barədə ötən
ilin dekabr ayında çıxarılan məhkəmə qərarı artıq icraya yönəldilib.
Məhkəmə bu qərarı işi İstanbul Cümhuriyyət prokuroru Müəmmər Akkaş
araşdırarkən çıxarmışdı. Sonradan Türkiyənin bir çox tanınmış
simalarını, o cümlədən baş nazirin oğlu Bilal Ərdoğanı şübhəli şəxs
qismində istintaqa çağırması Akkaşı bu işin araşdırmasından
uzaqlaşdırdı. Daha doğrusu, hökumət onu istintaq sirrini yaymaqda
ittiham edərək işdən kənarlaşdırdı.

Əmlakları alındı, bank hesabları donduruldu…

Hakim Süleyman Qaraçölün sədrliyi ilə məhkəmənin 7 iş adamı ilə bağlı
çıxardığı məlum qərar Türkiyədəki bütün banklara, sənaye, ticarət,
vergi, əmlak idarələrinə, notariuslara göndərildi. Bundan belə, bu
şəxslərin bütün bank hesabları dondurulmuş sayılır. Üstəlik onlar
adlarına olan heç bir əmlakı sata, dəyişdirə, təhvil verə bilməzlər.

Söhbət, rüşvət əməliyyatı çərçivəsində həyata keçirilən “ikinci həbs
dalğası” zamanı saxlanılan iş adamlarından – “Türk Telekom”un şəriki və
İdarə Heyətinin üzvü Abdulla Tivnikli, Mustafa Lətif Topbaş, Camal
Kalyonçu, Ömər Faruk Kalyonçu, Mehmet Çingiz, Üsamə Qutub və Çingiz
Aktürkdən gedir. Əmlaka həbs qoyulması ilə bağlı siyahıda “Kalyon”
şirkətlər qrupuna məxsus “Zirvə Holdinq” (bir neçə həftə əvvəl ATV və
“Sabah”ı satan alan şirkət) və Çingiz Aktürkün şirkəti “Bosphorus 360”
da var. Adıçəkilən şəxslərə cinayət törətmək məqsədilə təşkilat qurmaq,
onu idarə etmək, rüşvət almaq, dövlət malına zərər vurmaq kimi
ittihamlar irəli sürülüb.

Hökumətdən növbəti “təmizləmə əməliyyatı”

Türkiyə hökuməti “böyük rüşvət əməliyyatı” ilə bağlı daha bir qərara
imza atıb. 17 dekabrdan bu yana, İstanbul Polis İdarəsindən başlayan və
az qala, bütün polis şöbələrini əhatə edən işdən çıxarılma əməliyyatı
Asayiş Şöbə Müdirliyinə də sıçradı. Dünən “rüşvət əməliyyatı”
çərçivəsində telefon danışıqlarını dinləyən 45 polis əməkdaşı işdən
çıxarıldı. Asayiş Şöbə Müdirliyinin küçədə izləmə həyata keçirən
əməkdaşlarını da eyni aqibətin gözlədiyi bildirilir. Ən qısa zamanda
telefonların dinlənilməsi bölməsinə yeni şəxslər təyin olunacaq. Bununla
yanaşı, Bursa Polis İdarəsində çalışan 30 xüsusi xidmət əməkdaşı da
işdən uzaqlaşdırılıb. Dekabrın 18-də bu idarənin Qaçaqmal və Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə şöbəsinin rəisi də işdən çıxarılmışdı.(azadliq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=3240

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930