“Azercell” maxinasiyasının şok ifşası

06.01.2014 - 22:48

Konturların topdansatışı, 211-lə başlayan nömrə biznesi, Dubayda, Türkiyədə şirkətlər

Azərbaycanın ən iri mobil rabitə operatorunda aparılmış korrupsiya araşdırmaları nəticəsində işdən qovulan Samit Həmidov kimdir?…

Azərbaycanın ən iri mobil rabitə operatoru, İsveç telekommunikasiya nəhəngi “TeliaSonera”nın törəmə şirkəti olan “Azercell”də aparılan yoxlamalar şok korrupsiya və maxinasiya faktlarını üzə çıxarıb.

Bu yoxlamalar nəticəsində şirkətin marketinq departamentinin şöbə rəhbəri olan Samit Həmidov işdən qovulub. İctimaiyyətdən gizli saxlanılan bu faktıvirtuaaz.org saytının apardığı özəl araşdırmalar üzə çıxarıb.

“Röyter”in xəbərində nə deyilirdi?

Araşdırmaya keçməzdən əvvəl onu xatırladaq ki,ötən ilin dekabr ayında
nüfuzlu “Röyter” agentliyinə istinadən “TeliaSonera” şirkətinin Azərbaycana da
məsul olan Avrasiya divizionunun rəhbərinin korrupsiya araşdırmalarının
nəticəsi olaraq işdən çıxarıldığını xəbər vermişdi. Xəbərdə bildirilirdi ki,
İsveç prokurorluğu ötən il “TeliaSonera”nın Özbəkistandakı törəmə şirkəti
“Ucell”in 3G lisenziyası alması üçün bu ölkənin prezidenti İslam Kərimovun qızı
Gülnarə Kərimovaya yüz milyonlarla dollar rüşvət verdiyi barədə iddialara dair
araşdırmaların nəticəsi olaraq şirkət 2013-cü ilin noyabr ayında dörd yüksək
vəzifəli əməkdaşını, o cümlədən maliyyə direktorunu işdən azad edib.

“TeliaSonera”nın sifarişi ilə “Norton Rose Fulbright” hüquq firması şirkətin
Avrasiya regionundakı fəaliyyətinə dair geniş aparşdırma aparıb və məlum olub
ki, şirkətin Qazaxıstan, Azərbaycan, Özbəkistan, Tacikistan, Gürcüstan, Moldova
və Nepaldakı fəaliyyəti “ədalətli kommersiya praktikası prinsiplərinə uyğun
olmayıb”. “TeliaSonera” dekabrın 16-da bəyan edib ki, şirkətin beynəlxalq
əməliyyatlar üzrə rəhbəri Erik Hallberg Avrasiya divizionunun rəhbəri Veysel
Aralı əvəz edəcək. Veysel Aral bu vəzifəyə bu ilin fevralında təyin olunmuşdu.

Divizionun əvvəlki rəhbəri Tero Kivisiari Özbəkistandakı korrupsiya
qalmaqalına görə işdən azad edilmiş və başqa vəzifəyə keçirilmişdi. Şirkətdəki
mənbə bildirib ki, T.Kivisiari ötən ay “TeliaSonera” sistemindən qovulan dörd
əməkdaşdan biridir.Veysel Aral isə “TeliaSonera”nın Avrasiya divizionunun
rəhbəri olmazdan əvvəl Qazaxıstanın mobil rabitə operatoru, İsveç şirkətinin
törəmə müəsisəsi “K-Cell” şirkətinin rəhbəri idi.

“TeliaSonera” Veysel Aralın işdən çıxarılması ilə bağlı şərh verməyib.
Şirkətdən yalnız onu bildiriblər ki, hüquq firmasına sifariş verilən araşdırma
təkcə Özbəkistandakı fəaliyyəti əhatə etmir. “TeliaSonera” gözləyir ki, firma
təhqiqatlarını 2014-cü ilin birinci kvartalında yekunlaşdıracaq.

Erim Taylanların təkzibi…

“Röyter” bu məlumatı yayandan sonra
“TeliaSonera” şirkətinin Avrasiya diviziyonunun korporativ ünsiyyət üzrə
vitse-prezidenti Erim Taylanların adından təkzib məktubu yayıldı. Təkzib
məktubunda deyilirdi ki, “TeliaSonera” özünün Avrasiya divizionunun (biznes
sahəsinin) rəhbərini hər hansı korrupsiya araşdırmasının nəticəsi olaraq dəyişdirməyib
və Erik Hallberg bu vəzifəyə “şirkətdə aparılan struktur dəyişikliyinin
nəticəsi” olaraq təyin edilib. Eyni zamanda bildirilirdi ki, “TeliaSonera”nın
Azərbaycandakı törəmə şirkəti “Azercell”də heç bir hüquq firması tərəfindən
araşdırma aparılmır.

Lakin xəbərin birinci mənbəyi olan “Röyter” agentliyi hər hansı təkzib
yaymadı. Eyni zamanda saytımız “Röyter” kimi nüfuzlu dünya agentliyinin yalan
məlumat yaymadığına əmin olaraq araşdırmalar aparmağa çalışıb. “Röyter”dən olan
həmkarlarımızın köməyi ilə bu informasiyanı bir daha dəqiqləşdirdik və məlum
oldu ki, agentlik heç də boş yerə “TeliaSonera” şirkətinin Azərbaycandakı
törəmə şirkətinin fəaliyyətində “ədalətli kommersiya praktikası prinsiplərinin”
pozulduğunu öz xəbərində əks etdirməyib. Şirkətdə doğrudan da ciddi korrupsiya
və maxinasiyalarla məşğul olan məsul şəxs olub və həmin şəxs artıq işdən
qovulub.

“Azercell”in ən qaranlıq və nüfuzlu adamı kimdir?

Bakıdakı qaynaqlarla apardığımız araşdırmadan sonra nəhayət ki, həmin şəxsin
kimliyini dəqiqləşdirə bildik: Samit Beytulla oğlu Həmidov (əslən Masallı
rayonundandır-red.). Şübhəsiz ki, bu ad və soyad geniş ictimaiyyətə heç nə
deməyəcək. Həm də ona görə ki, Samit Həmidov “Azercell”də birinci, yaxud ikinci
şəxs deyildi, şirkətin geniş media reklam kampaniyalarında gözə dəyməyib və
ictimaiyyətə açıq fiqur olmayıb. Lakin o, şirkətdə kifayət qədər böyük nüfuz və
əlaqə sahibi, “Azercell”in hakimiyyət orqanları ilə işlərini “yoluna qoyan” bir
nömrəli şəxs olub.

S.Həmidov “Azercell”in Marketinq Departamentinin şöbə rəisi işləyib.
Həmidovun xüsusi şöbəsi “Azercell”in hökumət strukturları ilə əlaqələri ilə
məşğul idi. Amma onun şöbəsində özündən başqa heç kim işləməyib. Yəni şöbə və
şirkətdə tutduğu vəzifə S.Həmidov üçün formal xarakter daşıyıb.

Konturların topdansatışı, 211-lə başlayan nömrə biznesi, Dubayda,
Türkiyədə şirkətlər…

S.Həmidovun işi isə faktiki olaraq kifayət qədər geniş sahələri əhatə edib.
“Azercell”in yerlərdə antennalarının quraşdırılması işini o həll edib. Bu
məqsədlə icra hakimiyyəti başçıları ilə danışıqları aparan, antennalar üçün yer
ayrılmasını “haqqını ödəməklə” həll edən də Həmidov idi. S.Həmidovun biznesinə
həmçinin nazirlər və digər yüksək vəzifəli məmurlar, onların ailə üzvləri və
yaxınları, habelə imkanlı biznesmenlər üçün 211-lə başlayan “hökumət” telefon
nömrələrini satmaq da daxil olub (belə nömrələrin qiymətləri minlərlə manatla
ölçülür-red.).

Mənbə bildirir ki, S.Həmidovun biznesinə 90-cı illərin ortalarından
başlayaraq Azərbaycanda mobil telefon aparatlarının satışı biznesi də daxildir.
Mənbənin məlumatına görə, mobil telefon bazarında əhəmiyyətli paya malik “World
Telecom” şirkətini yaradanlardan və ortaqlarından biri də S.Həmidovdur.

Həmçinin adıçəkilən şəxs təxminən 5 il əvvəl Telman Axundov adlı ortağı ilə
birlikdə Xırdalanda SİM-kartlar istehsal edən müəssisə də açıb və “Azercell”i
SİM-kartlarla təmin etməyə başlayıb. Həmin vaxtadək “Azercell” SİM-kartları
xaricdən alırdı. Mənbə müəssisənin 20 faizlik payının S.Həmidova məxsus
olduğunu bildirir.

İddialara görə, S.Həmidov vəzifəli şəxslərin və digər nüfuzlu müştərilərinin
sifarişi ilə onları maraqlandıran şəxsin telefon danışıqlarını və SMS
yazışmalarını “Azercell”dən qanunsuz olaraq çıxarırmış. O cümlədən
SİM-kartların topdansatışı biznesi də Həmidovun nəzarətində olub. Biznesini
genişləndirən S.HəmidovAnar Həbibli (əslən Lənkərandandır-red.) ilə birgə
Dubayda offşor şirkət açıb. Həmçinin “Hafka” kimi tanınan iş adamı Hafiz
Məmmədovun rəhbərlik etdiyi “Baghlan Group”un Dubayda tikdirdiyi dəbdəbəli
yaşayış binasından özünə mənzil alıb. S.Həmidov qardaşı Əfqan Həmidovla
birlikdə İstanbulda iki ətriyyat fabriki açıb, onun Türkiyədə də villaları,
şirkətləri olduğu haqda məlumatlar var.

Kiril Qaburiç şübhələnir…

Mənbənin bildirdiyinə görə, S.Həmidov “Azercell”in bundan əvvəlki rəhbəri
Əli Ağanla yaxşı anlaşırmış, çünki Ə.Ağan şirkətin dövlət strukturları ilə
məsələlərini Həmidov işə qarışmadan yoluna qoya bilməzdi. Ancaq “Azercell”in
yeni prezidenti, moldovalı gənc menecer Kiril Qaburiç S.Həmidovun
fəaliyyətindən şübhələnib və onun telefonlarının dinlənilməsinə göstəriş verib.
Nəticədə Həmidovun kifayət qədər geniş biznes şəbəkəsi və şübhəli əlaqələri
ortaya çıxıb. Onu dərhal işdən azad ediblər. Mənbə bildirir ki, hazırda Həmidov
hökumətdəki güclü əlaqələrindən istifadə edərək ya Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyində, ya da Prezident Administrasiyasında vəzifəyə
düzəlməyə səy göstərir.

S.Həmidovun işdən azad edilmə tarixini təxmini də olsa dəqiqləşdirə bildik.
Məlum oldu ki, həmin şəxs “Röyter”də sözügedən xəbərin yayılmasından təxminən
iki-üç həftə əvvəl işdən çıxarılıb…Bütün bunlar hələ son deyil.
S.Həmidov barədə araşdırmalarımız davam edir və onun barəsində çoxsaylı əlavə
məlumatlar da gəlməkdədir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3242

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31