Qobustanda ömürlük məhbus fəryadı

07.01.2014 - 01:30

Azərbaycan məhkəmələrinin, hakimlərin vicdandan
uzaq ədalətsiz qərarları bir ailənin ocağını söndürüb

 

Bir
vaxtlar diş həkimi olacaq, ailəsinə, yaşlı atasına dayaq duracaqdı. O zamanlar
baş verən qəfil qətl hadisəsi onun və ailəsinin bütün həyatını dəyişdi. Yox,
elə düşünməyin ki, Hüseynağa Babayev qətl törədib, adam öldürüb, əlini qana
batırıb. Olmayıb belə bir şey. Azərbaycan məhkəmələrinin, hakimlərin vicdandan
uzaq ədalətsiz qərarları bir ailənin ocağını söndürüb, bir-birinə doğma, əziz
olan insanları yerindən-yurdundan oynadıb, pərən-pərən salıb. Bu ailənin
faciəsinin şahidi olan insanlar bu gün də inana bimirlər, inana bilmirlər ki,
necə olur, gələcəyə namuslu, qeyrətli, savadlı, ziyalı övladlar böyütmək arzusu
olan Əmirəli kişi də haqsızlığın, qudurğanlığın, harınlığın qurbanı ola bilər.
Oğullarına tuşlanan barmaqlar sonunda onu haqlayacaq, haqsız yerə salındığı
həbsxana divarlarının arasında ölümün üzünə dik baxa-baxa, bu dünyadan nakam
köçəcək.

 

Nə biləydi?

 

Hardan
biləydi ki, oğlanlarının ali məktəblərə qəbul olunduğu zaman keçirdiyi sevinc
hissləri çox sürməyəcək, faciə-faciə ardınca onu izləyəcək və ailəsini olmazın
dərdlərə düçar edəcək. Əmirəli kişinin 3 oğlu – Babayev Əhmədağa Xəzər
Universitetinin beynəlxalq hüquq fakultəsində, Babayev Mütəllim İqtisadiyyat
Universitetinin sonuncu kursunda, Hüseynağa Babayev isə Azərbaycan Tibb
Universitetinin stomotoloğiya fakultəsində təhsil alarkən, xoşbəxt gələcəyə
ünvanlanmış arzuları qapını döyən ilk faciə ilə belə başladı.

Xəzər
Universitetində təhsil alan Babayev Əhmədağa 1993-cü il oktyabrın 25-də 20
nəfər gənc tərəfindən vəhşicəsinə döyülür, bıçaqla boğazı kəsilərək, qətlə
yetirilir. Nə polis, nə də məhkəmə qatilləri cəzalandırmır, sonunadək
hüquq-mühafizə orqanlarına güvənən ailənin bütün cəhdlərinə baxmayaraq, cinayətin
üstü bağlanır.

 

Hüququn bitdiyi yer

 

Əhmədağanın
haqsız ölümü, cinayətkarların azadlıqda gəzməsi ailənin yaxın adamlarını rahat
buraxmır, ən azı onlara “dərs” vermək, törətdikləri qətlin nə qədər ağır
olduğunu onlara dərk etdirmək istəyirlər. Yaxın dostları Azər Nüsrətov və
Ələddin Əliyev bu məqsədlə Əhmədağanın böyük qardaşı, 23 yaşlı Hüseynağaya
müraciət edərək, onlara qoşulmağı məsləhət görürlər. Hüseynağa bunun heç bir
nəticə verməyəcəyini, cinayətkarlara ziyan vurmağı bacarmayacağını bilsə də,
gənclərə qoşulur. Hadisə zamanı sürücü rolunu oynasa da, nə əlinə silah alır,
nə də adam öldürür. 1996-cı il sentyabrın 19-da Ali Məhkəmənin 144 saylı hökmü
ilə ölüm cəzasına məhkum edilir. 1998-ci il fevralın 10-da cəzası ömürlük
azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilir.

 

Onların günahı nə?

 

Başı övlad
dərdinə qarışmış, olanlardan xəbərsiz saxlanılan Əmirəli kişi və oğlu Mütəllim,
Hüseynağanın həbsindən sonra dərhal həbs olunurlar. Cinayətlərdə iştirakları
sübut olunmasa da, barələrində ən ağır cəza kəsilir. Ali Məhkəmənin 19 sentyabr
1996-cı il tarixli hökmü ilə Əmirəli kişiyə ölüm cəzası verilir, Mütəllim
Babayev isə 13 il azadlıqdan məhrum edilir. M.Babayev 2008-ci ildə cəzasını
başa vurub, azadlığa qovuşsa da, atası Əmirəli kişi 17 il törətmədiyi cinayətin
ağır cəzasını çəkdikdən sonra, türmədə tapdığı sağalmaz xəstəliklərdən 2012-ci
il noyabrın 21-də 77 yaşında dünyasını dəyişir.

 

Qanun, yoxsa rüşvətxorluq?

 

Halbuki
əgər hüquq-mühafizə orqanları, məhkəmələr rüşvətə deyil, qanunlara boyun
əysəydilər, ədalətli hökm çıxarsaydılar və Babayev Əhmədağanın qatillərini
vaxtında cəzalandırsaydılar, o zaman “özüməhkəmə” hadisəsi baş verməzdi. Azərbaycanda
ən qatı cinayətlərin törədildiyi 1988-1993 -cü illərdə özü də 22-23 yaşlı
gənclərin, “qanlarının qaynadığı” bir vaxtda baş vermiş bu qətl hadisəsinin
mahiyyəti istintaq orqanları tərəfindən daha səriştəli aparılar, o zaman əlinə
silah almayan, qan tökməyən, gələcəyi Vətən üçün xeyirli mütəxəssis kimi
yetişən bir gəncin tale işığını söndürməz, bir ailənin faciəsinin baiskarı
olmazdılar.

 

Ədliyyə də ciddi qanun pozuntularını inkar
etmir

Azərbaycan
Respublikasi Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi” ilə bağlı 12
dekabr 2002-ci il tarixli, çıxardığı 3
saylı qərarda da qeyd
olunur ki, “Qəsdən adam öldürmə cinayətləri üzrə məhkəmə təcrübəsinin
ümumiləşdirilməsi göstərir ki, bu kateqoriyadan olan işlərə baxılarkən ciddi
qanun pozuntularına yol verilməsi halları da mövcuddur. Bu bir tərəfdən də yeni
cinayət qanunvericiliyinin qəbul edilməsi və tətbiqi ilə əlaqədardır. Çünki,
yeni cinayət qanunvericiliyi bu cinayətlər üzrə əvvəlkindən fərqli bir sıra
yeni tövsifedici əlamətlər müəyyən etmişdir. Məhkəmələr tərəfindən cəzaların
təyini zamanı Cinayət Məcəlləsinin 58-61-ci maddələrinin müddəalarının düzgün
anlaşılmaması hallarına da yol verilir”.

Halbuki, qəsdən adam öldürmə cinayətlərinin
ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələr törədilmiş cinayət hadisəsini hərtərəfli, tam
və obyektiv araşdırılmalıdırlar. İbtidai istintaq zamanı və birinci instansiya
məhkəməsində işə baxılarkən hadisənin işin düzgün həllinə təsir edən bütün
halları aydınlaşdırılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hökmdən
verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası
CPM-nin 392.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması
məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi
nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman
işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin
xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən
əvvəlki münasibətləri, cinayətin məqsədi,motivi,törədilmə üsulu,
təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən
sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək
edən digər hallar hərtərəfli araşdırılmalıdır.

 

Hüseynağa
Babayevin Əhliman Əmiraslanova müraciəti

 

Hüseynağa Babayev bütün ali instansiyalara
günahsız olduğunu, hüquq-mühafizə orqanlarının səriştəsizliyi səbəbindən ömürlük
həbs cəzasına məhkum olunduğunu dəfələrlə yazaraq, işinə yenidən baxılmasını və
cəzasının qalan hissəsindən azad olunmasını diləsə də, səsinə səs verən
olmayıb.

Son ümid yeri bildiyi, vaxtilə arzularının
çiçəkləndiyi, təhsil aldığı Azərbaycan Tibb Universitetinin rektoru Əhliman
Əmiraslanova müraciət edib:

“Hörmətli, cənab rektor!

Mənim tələbəlik illərim, Sizin ATU-nun
rektoru kimi rəhbərliyiniz dövrə təsadüf edib, buna görədə özünü xoşbəxt hiss
edirəm. Mən, Sizin alicənablığınızı, ədalətli olduğunuzu bilərək, mətbuat
vasitəsi ilə müraciət edirəm. Bildirirəm ki, əgər Siz mənə ali təhsil verən,
sənətimi öyrədən müəllimlərimdən maraqlansınız, çoxlu sayda barəmdə müsbət xarakterizə
verənlər tapılacaq. Mən, buna tam əminəm! Mən cinayətkar deyiləm!

18 ildir həbsdəyəm və 18 ildir ki, mənim
hüquq və haqlarım çox kobud şəkildə pozulub, elə ona görə də, sizin
köməkliyinizə böyük ehtiyacım var.

Mən, törətdiyim əməlin (ağır cinayətdə
qismən sürücü qismində iştirak etmişəm, adam öldürməmişəm, əlimə silah
almamışam) cəzamı artıqlaması ilə çəkmişəm. Əgər, tam araşdırmaq üçün, məlumat
toplamaq üçün, hər hansısa sənəd lazım olarsa, göndərə bilərəm. Xahiş edirəm:

Ətraflı araşdırmadan sonra, barəmdə cəzanın
və saxlanma rejimin yüngülləşdirilməsi və yaxud həbsdən tam azad olunmağım
barədə: AR-nın Prezidenti, cənab İlham Heydər oğlu Əliyevə qanunvericiliyə
müvafiq qaydada müraciət edəsiniz. Sizin tələbəniz olaraq, Sizə güvənirəm və
inanıram ki, mənə kömək edəcəksiniz.

Hörmətlə, 1990-1995-ci illərdə ATU-nun
Stomotologiya fakultəsinin 716-cı qrupunda təhsil alan, hazırda AR ƏN PX
Qobustan həbsxanasının “Ömürlük Həbs Rejimin”ndə qanunsuz olaraq saxlanılan
Babayev Hüseynağa Əmirəli oğlu”

 

BURLAXATUN

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3251

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031