“Bakı” tankeri Liviyada atəşə tutuldu
Azərbaycana məxsus gəmi yaraqlıların
nəzarətindəki limandan neft götürməyə cəhd edərkən hücuma məruz qalıb və
Maltaya tərəf qaçıb
Liviya sahillərində Malta bayrağı altında üzən “Bakı” neftdaşıyan tankeri atəşə tutulub. İngilisdilli Afrika
nəşrlərinə istinadən virtualaz.org-un əldə etdiyi xəbərə görə, insident yanvarın 7-nə keçən gecə
baş verib. Xəbərə görə, tanker bir neçə aydır Liviya hökumətinə müxalif
yaraqlıların nəzarətində olan limana yan alaraq qanunsuz neft yükləməyə
cəhd edibmiş.
Liviya rəsmilərinin verdikləri açıqlamaya əsasən tanker yaraqlıların
nəzarətində olan “əs-Sider” limanına yan almağa cəhd göstərib. Liviyanın
mərkəzi hökuməti bir neçə aydır ki, müxalif yaraqlıların nəzarətində
olan həmin limandan qanunsuz neft daşınmasının qarşısını almağa çalışır
və bu məqsədlə silah tətbiq edir.
Liviya rəsmilərinin bildirdiyinə görə, “Bakı” tankeri bazar günü
ölkənin ərazi sularına daxil olub və limana yan almaq üçün manevrlərini
davam etdirib. Liviyanın hərbi donanmasının gəmiləri onu izləyib və
tanker limandan neft yükləməyə cəhd edəndə heyətə dayanmaq barədə
xəbərdarlıq edilib. Lakin gəmi xəbərdarlığa məhəl qoymayanda Liviya
hərbi gəmiləri ona atəş açıblar. Azərbaycana məxsus tanker Malta
istiqamətində üzərək aradan çıxıb.
“Biz gəmi heyətindən tələb etdik ki, kursu dəyişdirib
Misurata limanına doğru üzsün. Lakin heyət bizim tələbimizə əməl
etməkdən imtina etdi, tanker ziqzaqvari hərəkət etməyə və aradan çıxmağa
çalışdı” – deyə Liviyanın hərbi-dəniz qüvvələrinin təmsilçisi İmad
Əyyub digər hərbçilərlə birlikdə təşkil etdiyi televiziya brifinqində
bildirib.
Xəbərdə bildirilir ki, Liviyanın Milli Neft Korporasiyası (NOC) bütün
gəmi sahiblərinə bir neçə ay əvvəl xəbərdarlıq edib. Bu xəbərdarlığa
əsasən yaraqlıların nəzarətində olan limana yan almaq qanunsuzdur və
istənilən tankerin Liviya neftini qanunsuz olaraq oğurlayıb daşımasının
qarşısı alınacaq.
Məlumata görə, “Bakı” tankeri “Royal Asset Management” adlı offşor
şirkət tərəfindən kirayəyə götürülüb. NOC təmsilçisi bildirib ki, bu
şirkət və onun hansı ölkədə qeydiyyatdan keçdiyi haqda onlarda heç bir
əlavə məlumat yoxdur.
İsveçrədə qeydiyyatdan keçmiş “Royal Asset Management” adlı şirkətdən
isə “Röyter”ə bildiriblər ki, bu insidentlə heç bir bağlılıqları mövcud
deyil.
Lakin araşdırmalar zamanı neft ticarəti ilə məşğul olan bu adda başqa
şirkətə rast gəlinmir. NOC təmsilçiləri “Bakı” tankerini kirayəyə
götürən şirkətin hansı ölkədə qeydiyyatdan keçdiyini bilmədiklərini
deyiblər.
NOC rəsmiləri bildiriblər ki, onlar hazırda tankerin beynəlxalq
sularda hərəkətini online rejimdə izləyirlər və “Bakı” Malta
istiqamətində üzməkdədir. Məlum olub ki, tanker hələ dekabrın
sonlarından Liviya ətrafında üzürmüş və əvvəlcə Breqa limanı
yaxınlığında görünüb, daha sonra “əs-Sider” limanına doğru istiqamət
alıb.
Bununla bağlı virtualaz.org saytı araşdırıb ki, Azərbaycan Dövlət
Dəniz Administrasiyasının Dövlət Gəmi Reyestrində həqiqətən “Bakı” adlı
neftdaşıyan tanker qeydiyyatdadır. Belə ki, reyestrdə “Bakı” adında cəmi
5 gəminin qeydiyyatda olduğu göstərilir. Onlardan biri elmi-tədqiqat
gəmisi, digəri səyahət yaxtası, üçüncüsü işçi kater, dördüncüsü quru yük
gəmisi, nəhayət, “Bakı-1” adlı beşinci gəmi neftdaşıyan tankerdir.
Lakin Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansında bu adda
tanker yoxdur. Deməli, “Bakı-1” tankeri hansısa özəl şirkətə məxsusdur.
Dövlət Gəmi Reyestri həm dövlət, həm də özəl şirkətlərə məxsus gəmilərin
qeydiyyatını aparır.
Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya Federal Təhlükəsizlik
Xidməti Xəzərdə Azərbaycan Dövlət Dəniz Gəmiçiliyinə məxsus “Naftalan”
tankerini Mahaçqala limanından yüklənmiş qaçaq nefti daşıyarkən Xəzərdə
yaxalamışdı. Gəmi hələ də Mahaçqala limanında saxlanılır və
qaytarılmayıb.
Fərhad Məmmədov
Short URL: http://www.cumhuriyyet.net/?p=3259