Gömrük Komitəsi hökumətin buğda yalanın faş etdi
Kənd Təsərrüfatı Nazirliyi və Statistika Komitəsinin hesabatları yalan çıxdı
Xatırladaq ki, Azərbaycanda payızlıq taxıl əkini üçün 444 min hektar sahədə taxıl səpilib. Onun 272 min hektarı buğda sahələridir. Kənd Təsərrüfatı Nazirliyindən isə bildirilir ki, ölkədə taxıl istehsalında məhsuldarlığın artırılması və Azərbaycanın özünü tam ərzaq buğdası ilə təmin etməsi üçün bu il də müvafiq tədbirlər görüləcək. Amma ilk növbədə, fermerlər taxıl becərmə prosesində nəzərdə tutulmuş 40-a yaxın aqrotexniki tədbirdən ən azı, 20-ni tam həyata keçirməlidir. Yalnız bu yolla ölkədə taxıl istehsalının keyfiyyəti və miqdarını artırmaq mümkün olacaq.
Kənd Təsərrüfatı Nazirliyi rəsmi qaydada ölkənin yerli istehsalının artdığını desə də, idxal məhsullarının faizində hər il artım müşahidə olunur. Maraqlıdır, taxıla olan tələbatı yerli istehsalla ödəmək mümkündürsə, nədən xaricdən idxalın səviyyəsi durmadan artır?
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov qeyd edir ki, Azərbaycan özünün taxıl məhsullarına olan tələbatını ödəyə bilmir. Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Statistika Komitəsinin verdiyi məlumatların reallığı əks etdirmədiyini söyləyən ekspertin sözlərinə görə, rəsmi statistikaya inansaq, həqiqətən 2 milyon 900 min ton taxıl istehsal edilirsə və bunun da 1,8 milyonu buğdadırsa, ölkənin xaricdən un və taxıl gətirməsinə ehtiyac olmamalıdır axı…
“Azərbaycana hər il unu buğdaya çevirmək şərtilə, 1 milyon 500 min ton buğda idxal olunur. Bu il həmin rəqəm daha da artacaq. Bu undan çörəkbişirmə və digər sahələrdə istifadə olunur. Verilən məlumatları əsas götürsək, onda bu qədər buğda idxalına nə ehtiyac var? Ehtiyac ona görə yaranıb ki, ölkə özünün taxıla olan tələbatını ödəyə bilmir. Azərbaycanda statistika həddən artıq şişirdilir”, – deyə Vahid Məhərrəmov bildirib.
İstehsal olunan buğdanın keyfiyyətinə gəlincə, espert deyir ki, onu hansısa sinfə aid etmək olmur: “Buğda biçindən sonra mütləq qurudulmalı, çeşidlənməli və müvafiq prosedurdan keçirilməlidir. Amma ölkədə istehsalla bağlı aqrotexniki qaydalara düzgün riayət olunmur və bu da özünü məhsulun keyfiyyətində göstərir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3271