Günəşdə güclü partlayış olub
08.01.2014 - 11:53
Böyük maqnit qasırğası gözlənilir
Günəşdə X gücündə yüksək dərəcəli rentgen partlayışı olub, təqribən iki gün sonra isə plazma tullantısı Yerə çatacaq və maqnit qasırğasına səbəb olacaq.Bu barədə “RİA Novosti”-yə istinadən məlumat verib.
Rusiyanın Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi üzrə Federal Xidməti yanında Tətbiqi Geofizika İnstitutunun məlumatına görə, Günəşdə X1.2 dərəcəli partlayış Bakı vaxtı ilə yanvarın 7-də, saat 22:32-də baş verib, onun mənbəyi isə 1944 qrup ləkəsi olub. Son illərdə ən iri qrup ləkələrdən olan 1944 Yerdən iki dəfə böyükdür. Məhz bu qrup çərşənbə axşamı günün ikinci yarısında nisbətən zəif M5.6 dərəcəli partlayışın mənbəyi olub.
İnstitutun əməkdaşı bildirib ki, 1944 qrupu Günəşin mərkəzi meridianında yerləşir, bu isə o deməkdir ki, həmin partlayış maqnit qasırğasına səbəb ola bilər. Qeyd edək ki, Günəş partlayışları rentgen şüalanmasının gücündən asılı olaraq 5 dərəcəyə bölünür: A, B, C, M və X. Minimal A0.0 dərəcəsi Yerdə 1 kvadrat metrə 10 nanovatt şüalanmaya bərabərdir.
Günəşdə baş verən son partlayışla əlaqədar Yerdə zəif maqnit təlatümləri gözlənilə bilər. Bunu “Trend”-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov deyib. Onun sözlərinə görə, sabahdan zəif maqnit təlatümlərinin olacağı gözlənilir: “Adətən, alışma nəticəsində atılan hissəciklər Yer kürəsinə 2-3 gündən sonra gəlib çatır. Bu, alışma nəticəsində atılan kütlənin enerjisindən, miqdarından asılıdır. Böyük ehtimalı var ki, onun geoaktivliyi olsun. Yerdə bəzi maqnit təlatümləri gözlənilir”. N.Cəlilov deyib ki, alışma nəticəsində yaranan güc o qədər böyük olmayıb. Onun sözlərinə görə, müxtəlif güclü alışma və tullantıların kvalikasiyası var: “Onların ən böyüyü X-dən yuxarıdır. Bu alışma isə hec X-ə çatmayıb. Ona görə də zəif təlatümlər gözlənilə bilər”. N.Cəlilov deyib ki, bu təlatümləri ürək xəstəliklərindən və qan təzyiqindən əziyyət çəkən xəstələr hiss edə bilər.
Maqnit təlatümlərinin günün hansı saatında insan səhhətinə daha aktiv təsir göstərə bilməsinə gəldikdə, mütəxəssis bildirib ki, burada günün hansı saatının olması rol oynamır. Maqnit təlatümləri günün istənilən saatında insan səhhətinə eyni formada təsir göstərir: “Çünki hissəciklər adətən, Yerin qütblərindən daxil olur. Yerin qütblərindən maqnit sahəsi çıxır və şimaldan cənuba doğru qapanır. Biz o “maqnit torbası”nın icərisində oluruq. O silkələnəndə biz istənilən vaxt onu hiss edirik. Bu isə günün istənilən vaxtında ola bilər”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3273