Neft səltənətində işsiz qalan neftçilər
Bahar Energy” şirkətinin ixtisara düşən işçiləri piket keçirib
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib ki, Dövlət
Neft Şirkəti 20 mindən çox işçini ixtisar etməyə hazırlaşır. Şirkət
prezidenti Rövnəq Abdullayev işdən çıxarılanlara kompensasiya
ödəniləcəyini açıqlayıb.
“Bahar” və Qum adası neft yataqlarının
kəşfiyyatı, hasilat və işlənməsi üzrə operator olan “Bahar Energy
Operating Company”nin 60-a yaxın əməkdaşı bazar ertəsi şirkətin ofisi
qarşısında işdən çıxarılmalarına etiraz olaraq piket keçiriblər.
“Bizim müqaviləmizin müddətini
uzatmaq istəmirlər. Amma işdən çıxarılan qadınlar himayəsində uşağı olan
tək analardır. Biz heç olmasa başqa işlə təmin olunmağımızı istəyirik”,
BBC Azərbaycancaya şirkətdə ətraf mühit məsələləri üzrə mütəxəssis kimi
çalışan Aliyə Məmmədova deyib.
Əmək müqavilələri
Dekabrın 30-da şirkət 147 işçisi ilə bağlanan müqavilənin müddətinin bitdiyini açıqlayıb və müddətin uzadılmayacağını bildirib.
düşənlər təqaüdçü deyillər və uzun müddət neft sahəsində çalışan
insanların iş tapması mümkün deyil. Mütləq ölkədə işsizliklə mübarizə
üzrə proqram hazırlanmalıdır“
Mirvari Qəhrəmanlı, Hüquq müdafiəçisi
Rəsmi məlumatda bildirilir ki, ştatın sayına
təsir edəcək bütün amillər dərindən araşdırılıb və qərar şirkətin
“biznes prosesini avtomatlaşdıran daha effektiv şirkətə çevrilmək
səyləri ilə” izah edilib. İxtisara düşənlərə yarımillik əməkhaqqı
həcmində kompensasiya təyin olunduğu qeyd edilib.
Xanım Məmmədova BBC Azərbaycancaya deyib ki,
şirkətin prezidenti ilə bazar ertəsi keçirilən görüşün ardınca
toplaşanların yazılı müraciəti hazırlanıb.
“Bizə dedilər ki, müraciətimizə bir neçə gün
sonra araşdırıb cavab verəcəklər. Amma biz ərizəni yazmışıq və axşama
kimi bir cavab verilməsini istəyirik”, o əlavə edib.
Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin
sədri Mirvari Qəhrəmanlı BBC Azərbaycancaya deyib ki, şirkət işçiləri
piket keçirırkən jurnalistlər çəkiliş aparmaq üçün əraziyə buraxılmayıb.
“İxtisara düşənlər təqaüdçü deyillər və uzun
müddət neft sahəsində çalışan insanların iş tapması mümkün deyil. Mütləq
ölkədə işsizliklə mübarizə üzrə proqram hazırlanmalıdır”, xanım
Qəhramanlı qeyd edib.
BBC Azərbaycanca Bahar Energy Operating Company ilə əlaqə yaratmağa çalışıb, lakin şirkətin telefonlarına çıxan olmayıb.
Xəbərdarlıq
Xanım Məmmədova günün sonunda BBC Azərbaycancaya deyib ki, ixtisara düşən qadın əməkdaşlara xidmətçi işləmək təklif olunub.
“Lakin biz buna razı deyilik və əvvəl gördüyümüz
işə uyğun maaşla işləmək istəyirik. Ona görə də sabah yenidən gəlib
müraciətimizə cavab verilməsini tələb edəcəyik”, o bildirib.
Xanım Qəhrəmanlı deyib ki, Azərbaycan Dövlət
Neft Şirkətinə(ARDNŞ) daxil olan 11 idarənin əməkdaşlarına dekabrın
29-da işdən çıxarılmaqları ilə bağlı xəbərdarlıq edilib.
“Şirkətin 7 idarə daxil olan bir trestinin,
magistral neft kəmərlərinə daxil olan 4 idarəni və “Azəriqaz”a daxil
olan qaz istismarı idarələrinin ləğv ediləcəyi gözlənilir. Bu isə 20 min
insanın işsiz qalması deməkdir”, hüquq müdafiəçisi qeyd edib.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev trestin ləğv olunmasının beynəlxalq standartlara uyğun olmadığını deyib.
“Şirkətdə beynəlxalq audit keçirilir. Bu
səbəbdən də düşündük ki, hamısını birləşdirək və vahid idarə yaradaq.
Adının necə olması önəmli deyil”, şirkət prezidenti APA-ya bildirib.
Əlavə ixtisarlar
Cənab Abdullayev Geologiya və Geofizika
idarələrində, “Azəriqaz” İstehsalat Birliyində də işçilərin ixtisarının
aparılacağını deyib.
“Bu trestlərin ləğv olunması nəticəsində ixtisar
olunmuş 1100 nəfər işçinin çoxu yenidən işlə təmin olunacaq,
qalanlarına isə təzminat ödəniləcək”, o əlavə edib.
İqtisadçı Vüqar Bayramov Azadlıq radiosunda çap
olunan bloqunda ARDNŞ-da ixtisarlara ehtiyac olduğunu və şirkət
işçilərinin sayının azaldılmasının səbəblərini açıqlayıb və bunun daxili
istehlak üçün neft və qazın istehsalına çoxminli işçilərə ehtiyac
olmadığını yazıb.
“Belə olan halda isə, ARDNŞ-in şişmiş heyətinin
kiçildilməsi olduqca vacibdir. Əks halda, Dövlət Neft Şirkətinin uzun
müddətli dövrdə nə müqayisəli, nə də mütləq rentabellik əmsalına malik
olması çətin olacaq”, o bildirib.
İqtisadçının fikrincə, sosial, hətta inşaat üzrə
iri treslər və ya şöbələrin saxlanılması həmçinin vəsaitlərin səmərəli
xərclənməsi imkanlarını və o cümlədən şəffaflığı azaldır.
“Dövlət Neft Şirkəti nəinki məktəb, hətta
birbaşa onun fəaliyyəti ilə bağlı olan hər hansı inşaat işini özü həyata
keçirməməlidir. Bununla da, şirkət kifayət qədər böyük işçi heyətinə
malik olan trest və ya şöbələri saxlamamaqla vəsaitə qənaət edir”,
Bayramov əlavə edib.
İşsizlik
İqtisadçı şirkətdə çalışanların 21 600 nəfərinin
fəhlə kateqoriyasına aid olmadığını və buna görə də ixtisara düşənlərin
həm də “müdirlər” olacağını yazır.
“Kütləvi ixtisarlar əmək bazarında işsizlərin
sayını kəskin artıracaq. Düzdür, ixtisarlar şirkətə işini qoruyub
saxlayan işçilərin əmək haqlarını artırmaq imkanı verəcək”, o deyib.
Bahar Energy Company şirkətinin təsisçiləri Baghlan Group, Greenfield İnternational və RAFI Oil şirkətləridir.
2009-cu ildə ARDNŞ və şirkət arasında “Bahar-Qum
dəniz” yatağının kəşfiyyatı, hasilatı və işlənməsi üçün 25 illik
müqavilə imzalanıb.
Bu yatağa qoyulan investisiyalar 1 milyard
dollardır və ilkin mərhələdə karbohidrogenlərə qoyulan payın 90 faizi
ARDNŞ-in payına düşür.
Short URL: http://www.cumhuriyyet.net/?p=3287