“Azadlığa çıxanda edəcəyim ilk iş anamın əlindən öpmək olacaq”
Zaur Qurbanlı: “Ədalət cəmi 1% təmin edilsəydi, biz
indi azadlıqda olardıq”
“Klassik müxalifət adlandırılan “Qocalar evi” bir
daha sübut etdi ki, onlar rejimi dəyişməklə yox, gündəmdə qalmaqla məşğuldurlar”
“Böyük xalqlar azadlıqlarının bədəlini qanları ilə
ödəyiblər. Biz isə bunu ömrümüzdən verilən illərimizlə ödəyirik. Azərbaycanın
azadlığı üçün qoyulan sərmayə siyasi həbslərin illəridir”
“Yeni Cümhuriyyət” qəzeti bir cəsarət nümunəsidir”
Bu ilin mart-aprel aylarında N!DA Vətəndaş Hərəkatının
üzvlərinə qarşı repressiya başlandı, təşkilatın 7 üzvü həbs olundu. İstintaqın
iddiasına görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət
Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi
aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. Daha sonra gənclərin
bir neçəsinə qarşı qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama
ittihamı da irəli sürülüb. Artıq xeyli müddətdir gənclərin məhkəmə prosesi
başlayıb.
Azərbaycan gəncliyinin zülmə və şərə qarşı mübarizə
örnəyi olan NİDA hərəkatının həbsdə olan üzvləri ilə müsahibə ənənəsin davam
etdiririk. Bu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsində suallarımızı Zaur Qurbanlı cavablandırıb.
– Zaur bəy,
gəlin ordan başlayaq ki, necə oldu NİDA təşkilatı yarandı?
– “N!DA”-nın ideyası daha əvvəldən yaransa da,
2010-cu ildə keçirilmiş “parlament seçkiləri” adlı oyundan sonra gənclər
arasında təşkilatlanma çərçivəsində biz də “N!DA”-nı yaratdıq. Məsələn o zaman
– bizdən 1 ay öncə Azad Gənclik təşkilatı yaradıldı. Sadəcə biz daha fərqli
üsul seçdik. Azərbaycan Respublikası tarixində ilk təşkilatdır ki, inqilabı öz
məqsədi etdi.
– Niyə təşkilatın
adını NİDA qoydunuz?
– Nida işarəsi hiss-həyəcan bildirən və qətilik ifadə
edən cümlələrin sonuna qoyulur. İnqilab isə həm də ürək işidir. Bu, həm də
“qeyri-demokratiyanın, hüquqsuzluğun nidasını biz qoyacağıq” anlamına gəlir.
– Həbsinizi gözləyirdinizmi?
– Azərbaycandakı diktaturanın indiyə kimi dinc
mübarizə aparanlara qarşı amansız və hüquqazidd davranışını bildiyimizə görə
dinc mübarizə tərəfdarı olan “N!DA”-nın da hədəfə doğru gələcəyini gözləyirdik.
Bəli, həbsimizi hələ təşkilat yaranandan gözləyirdik, lakin bu bizim
davranışımızın hüquqazidd olmasına görə deyildi (Çünki biz həmişə istisnasız
olaraq dinc və hüquqamüvafiq fəaliyyət göstərmişik) bu, Azərbaycan hakimiyyətinin
cinayətkar mahiyyətinə görə idi.
– Bu yaşda
həbsdə olmaq nə deməkdir?
– Bu yaşda siyasi məhbus kimi həbsdə olmaq Azərbaycanda
gəncliyin ölmədiyini sübut emək deməkdir, ona görə də fəxrdir. Mən N!DAçı
siyasi məhbuslar arasında “orta yaşlı”-yam. Dünyanın ən gənc siyasi məhbusu ilə
eyni məhkəməyə çıxmaqdır, bu yaşda həbsdə olmaq. Böyük xalqlar azadlıqlarının bədəlini
qanları ilə ödəyiblər. Biz isə bunu ömrümüzdən verilən illərimizlə ödəyirik. Azərbaycanın
azadlığı üçün qoyulan sərmayə siyasi həbslərin illəridir. Ona görə də bunu təmkinlə
və sakit qarşılayırıq.
– Sizcə
hakimiyyət NİDA-ya qarşı niyə bu qədər aqressivdir?
– Bayaq da qeyd etdiyim kimi, “N!DA” Azərbaycanda
yeganə təşkilatdır ki, inqilabı öz məqsədi edib və hər zaman yalnız dinc və
hüquqauyğun vasitələrdən istifadə edəcəyini bəyan edib. Bu isə tarixən dinclik
və sabitlik tərəfdarı olan Azərbaycan xalqı üçün xilas olmaq yolunda bir fürsət
ola bilər. Bu, əlbəttə ki, rejimin məğlubiyyətinə aparacaq. “Acı” həqiqət
hakimiyyəti bizə qarşı aqressivləşdirdi.
– NİDA-
çıların məhkəmə gedişini necə qiymətləndirisiniz?
– Mən hüquqşünasam və bu prosesi “məhkəmə”
adlandırmağa utanıram. Özümü cizgi filmi qəhramanı kimi hiss edirəm məhkəmədə.
Siyasi sifarişi verən bəlli, həbslərin səbəbləri bəlli, biz də hakimlər və prokuror
daxil olmaqla, həftədə 2 dəfə deyə-gülə söhbət edirik. Ədalət cəmi 1% təmin
edilsəydi, biz indi azadlıqda olardıq, çünki vəkillər artıq təqsirsizliyimizi
sübut ediblər. Məhkəmə baxışının sonunda bu bir daha sübut olunacaq. Amma bunun
nəyisə dəyişəcəyini gözləmirik. Ən pisi odur ki, Azərbaycanda ədaləti təmin etməli
olan orqan alçalır, bu da ölkəmiz adına rüsvayçılıqdır.
– Sizlərin
həbsindən sonra NİDA-nın fəaliyyətindən razısınızmı?
– Razı olduğum məqamlar olsa da, “tənqidsiz inkişaf
olmaz” prinsipi ilə Hərəkatımızı daha çox inkişaf etdirməyə çalışıram. Hər bir
halda isə mən NİDAçılarla fəxr edirəm.
– Azərbaycanda seçkidən sonrakı mühit və
müxalifətdaxili son prosesləri necə qiymətləndirirsiniz?
– Seçkidən sonra klassik müxalifət adlandırılan “Qocalar
evi” bir daha sübut etdi ki, onlar rejimi dəyişməklə yox, gündəmdə qalmaqla məşğuldurlar.
Onlar gözləyirlər ki, xalq bu biabırçı istibdada dözməyib ayağa qalxacaq,
rejimi devirəcək, sonra yaranan siyasi böhranda artıq 20 ildir ki, gündəmdə
qalan klassiklər “xilasedici” kimi ortaya çıxıb “vəzifələrini” icra edəcəklər.
Halbuki onlar gözləməli deyildilər, xalqı özləri qaldırmalı idilər. Çünki əks təqdirdə
hər bir dövlət üçün təhlükəli ssenari olan “acların üsyanı” ola bilər. Təəssüf
ki, Milli Şuranı dağıtmaqla məşğul olanlar bu təhlükəli ssenaridən sui-istifadə
etməyi planlaşdırırlar. Cəmil Həsənli qəhramanlıqla bu oportunizmin əleyhinə
gedir. Bu səbəbdən müxalifətdaxili proseslər mənə o qədər də maraqlı deyil. Bu
xaqlın xilası naminə çalışmaq istəyən hər kəsi də “gündəmdə qalmaq uğrunda
mübarizə aparanlara” diqqət verməməyə çağırıram. Məhşur jurnalistlərimizdən
biri demişkən, “hansı hakimiyyət istəməz ki, belə müxalifəti olsun?!”
– Elə bu an azadlıqda olsanız ilk etdiyiniz iş
nə olar?
– Şəxsi həyatımda edcəyim ilk iş anamın əlindən öpmək
və qardaşımın hələ də görmədiyim 2 aylıq uşağını öpmək olar. İctimai fəaliyyətimdə
isə – NİDAçılarla görüşmək olar.
– “Yeni Cumhuriyyət” qəzetini
oxuyursunuzmu və qəzetimiz haqqında fikiləriniz necədir?
— “Yeni Cümhuriyyət” qəzeti bir cəsarət nümunəsidir.
Müdafiəmizlə məşğul olduğunuza, “N!DA”-ya səhifə verdiyinizə görə təşəkkür edirəm.
Azərbaycanda çap mediasının nə qədər ağır bir iş olduğunu bildiyimə görə, əziyyətinizi
qismən başa düşürəm. Uğurlar və mətbuat azadlığının bərbad olduğu ölkədə ən əsası
davamlılıq arzu edirəm. Qəzetinizə yenicə abunə yazılmışam. Hələ ki, təcridxanada
qəzeti ala bilməmişəm. Qəzet paylanmasında siyasi məhbuslara qarşı ayrıseçkilik
olan təcridxanada bu, gözləniləndir amma hər halda “Yeni Cumhuriyyət”-i əldə
etməyə nail olacağam. Hələ ki, qəzeti məhkəmədə güc-bəla ilə tapıb oxuya
bilirik.
– Oxuculara, yaxınlarınıza və hərəkat dostlarınıza
sözünüz…
– Oxuculara səslənirəm – belə bir qəzeti yaşatmaq
lazımdır. İmkan verməyək ki, daha bir müstəqil mətbuat nümayəndəsi yarımçıq
qalsın.
Yaxınlarıma
– bu qədər aşırı narahat olmağa dəyməz. Həbsimə mən sizdən daha çox öyrəşmişəm.
Həbsim mübarizəmin bir hissəsidir, mübarizə isə mənim həyat
tərzimdir. Yəni mən həbslərdən keçən həyatı könüllü seçmişəm.
Hərəkat
dostlarıma – Siz Azərbaycanın xilasısınız, hər birinizlə qürur duyur və daha fəal
mübarizənizi gözləyirəm. Biz Şərə qarşı Xeyiri təmsil edirik. Ona görə də qələbə
bizimdir.
Short URL: http://www.cumhuriyyet.net/?p=3297