İqtidar düşərgəsində “yarpaq tökümü” başlayır
Hakimiyyət 500 məmurdan imtina edir
Hakimiyyət 500 məmurdan imtina edir
Son günlər bir sıra dövlət
qurumlarında ciddi islahatların həyata keçiriləcəyilə bağlı təlaş
yaşanmaqdadır. Bu barədə “Gündəm Xəbər” qəzetinə danışan məlumatlı mənbə
iddia edir ki, birbaşa olaraq prezidentin adından bütün rəhbər şəxslərə
təlimatlar verilib. Söhbət nazirliklərdən gedir.
Məlumatı verən
qaynaq iddia edir ki, bəzi nazirliklər islahatlara getsə də,
sıralarından onlarla məmuru çıxdaş etsələr də, hələ də susqunluq nümayiş
etdirənlər yetərincədir: “Prezident Nazirlər Kabinetinin yığıncağında
da bu məqama diqqət ayırdı ki, korrupsiyaya bulaşmış məmurlar işlərini
itirəcəklər. Təbii ki, bu xəbərdarlıq ciddidir və böyük bir dəyişiklik
planı hazırlanır”.
Mənbə idia edir ki, təxminən 500-ə yaxın məmurun
işdən atılması gözlənilir: “Onların arasında hətta nazir müavini postunu
tutanlar var. Ola bilsin ki, ictimaiyyətə məlumat verildiyi zaman
konkret səbəb göstərilməsin, dəqiq izahat verilməsin. Amma bilinməlidir
ki, bütün kadr islahatlarında əsas faktor kimi məhz korrupsiya ilə
mübarizə siyasəti prioritet təşkil edəcək”.
Mənbəmizin sözlərinə görə, artıq nazirlər öz “qara siyahılarını” tutmaqla məşğuldurlar:
“Məsələn, bu gün ən çox islahata ehtiyacı olan dövlət qurumlarından biri
əmlak məsələləri üzrə dövlət komitəsidir. Kərəm Həsənova bu barədə
dəfələrlə xəbərdarlıq edilib. Ola bilsin ki, Kərəm Həsənov da
müavinlərindən birinə “əlvida” demək zorunda qalsın. Düşünülməməlidir
ki, ayrı-ayrı vətəndaşların, qurumların Korrupsiyaya qarşı Mübarizə
İdarəsinə ünvanladıqları şikayətlər qulaqardına vurulur, nəzarətsiz
buraxılır, ciddiyə alınmır. Belə bir şey yoxdur. Bütün faktlar ciddiyə
alınır və araşdırılır. Bəzi faktlar olur ki, həmin istiqamət üzərə
operativ addımlar atılır. Amma elə hallar da olur ki, tədbir görülməsi
üçün həm vaxt və həm də münasib şərait lazımdır”.
Mənbəmizin bildirdiklərindən o da aydın oldu ki, təxminən fevral ayının əvvəlindən
məlum dəyişikliklərin start düyməsi basılacaq.
Fərid Abdullayev, CUMHURİYYET.az
Short URL: http://www.cumhuriyyet.net/?p=3318