Azərbaycan kəndlisindən “sağdığılan” yüz milyonlar…

12.01.2014 - 18:40

Azərbaycan kəndlisinin ənənəvi bədbəxtlik və çətinlikləri ilə
yanaşı yeniləri də peyda olub. Doğrudur, bu yeni fəlakətlər – 
hüquqsuzluq, məmur özbaşınalığı, ilgəyə çevrilmiş bank faizləri
kolxoz-sovxoz dövründən sonrakı illərdə həmişə olub. İndi isə…

Azərbaycan kəndlisinin ənənəvi bədbəxtlik və çətinlikləri ilə
yanaşı yeniləri də peyda olub. Doğrudur, bu yeni fəlakətlər – 
hüquqsuzluq, məmur özbaşınalığı, ilgəyə çevrilmiş bank faizləri
kolxoz-sovxoz dövründən sonrakı illərdə həmişə olub. İndi isə…
 
lham
Əliyev 2014-cü ili “Sənaye ili” elan etsə də bir şeyi bilmək lazımdır
ki, Azərbaycanın ənənəvi neft-kimya sənayesindən başqa öyünələsi hələlik
heç nəyi yoxdur. Ölkənin bütün sənaye infrastrukturu dərəbəyliyin baş
alıb getdiyi 90-cı illərdə dağıdılaraq hərraca qoyuldu. İkinci neft
bumunun başlanması ilə əlaqədar isə iqtisadiyyatın qeyri-neft sektoru
praktiki olaraq məhv olub getdi, itib-batdı. Bu üzdən aqrar sektor
Azərbaycan iqtisadiyyatında hələ də üstün, hakim mövqeyini qoruyub
saxlayır.

Söz yox, Prezident Administrasiyasının məhz kənd təsərrüfatına görə
məsul əməkdaşı Azər Əmiraslanov lap elə bu yaxınlarda aqrar sektorun
faciəvi durumda olması barədə ilk dəfə danışdı. Bunun səbəbləri çoxdur:
“Holland sindromu”ndan (hansı ki, aqrar sektoru ondan qoruya bilmədik)
sistemli korrupsiyaya qədər…

Jan-Jak Russonun bu sözünü azca dəyişib iqtisadiyyatın əsas problemi
barədə belə də deyə bilərik: ticarət sərvət yaradır, kənd təsərrüfatı
isə azadlığı təmin edir!

Bəs Azərbaycan kəndlisinin sosial zümrə kimi praktiki olaraq məhv edildiyi bir şəraitdə hansı azadlıqdan söhbət gedə bilər?

Ölməkdə olan kəndi, kəndli zümrəsini yalnız aqrar sektorun xilas
edilməsinə yönəlmiş yeni konsepsiya, ona dövlət dəstəyi, ənənəvi
inzibati-polis xidmətlərinin zülmündən bezən fermerlərə güzəştlər etmək,
prezidentin də haqqında tez-tez danışdığı regionların inkişafı
proqramları vasitəsilə dirçəldib ayağa qaldırmaq olardı.

Amma ortada acınacaqlı mənzərə var və bu gerçəklik tamam başqa şey
deyir. Azərbaycan kəndi dibi görünməyən dərin quyuya salınıb. Yerli
məmurların hay-küyünə, yağlı rəqəmlərlə dolu proqnozlarına baxmayaraq
iflasa uğramaq, müflis olmaq Azərbaycan kəndində artıq kütləvi hal alıb.
Fermerlərin 75 faizi yeni kənd təsərrüfatı texnikası almaq
imkanlarından məhrumdur. Onlar sınıq-salxaq sovet texnikasının, ən yaxşı
halda isə Belarus traktorlarının ümidinə qalıb.

Azərbaycan hökuməti son bir neçə ildə təkcə Almaniya və Avstriyadan 5
min baş cins inək almağa 23 milyon dollar xərcləyib. Məqsəd yerli
iribuynuzlu mal-qaranın artım keyfiyyətini və süd istehsalını artırmaq
idi. Lakin sonradan məlum oldu ki, Azərbaycan kəndinin bütün fəlakəti də
elə bu xarici inək əhvalatından başlayır. Günahkar isə həmişə olduğu
kimi bu dəfə də bu islaholunmaz korrupsiya sistemidir…

Əgər cins inəklər Avropada gündə 30-40 litr süd verirsə,
Azərbaycanda bu rəqəm çox aşağıdır – gündə cəmi 9 litr. Yada salaq ki,
xaricdən cins mal-qaranın alınıb gətirilməsi ilə dövlətə məxsus
“Aqrolizinq” Səhmdar Cəmiyyəti (SC) məşğul olur. Fermerlərə bu
heyvanları almaq üçün pulu isə İqtisadi İnkişaf Nazirliyi yanında
Sahibkarlığa Yardım Milli Fondu (SYMF) verir. Cins mal-qaranın satışı
ilə isə “Aqroservis” şirkəti məşğul olur.

Hökumət xarici cins mal-qara almağa başlayarkən ümid edirdi ki, daha
məhsuldar Avropa inəklərinin idxalı süd istehsalını artıraraq onu
2015-ci ildə 2,5 milyon tona çatdırmağa imkan verəcək (2011-ci ildə 1,6
milyon ton süd istehsal olunub).

Amma hər şey tərsinə oldu. Sonradan bəlli oldu ki, tərifli Avropa
inəkləri gözlənildiyi qədər də süd vermirlər. Hökumətdəki məmurlar deyir
ki, səbəb fermerlərin həmin mal-qaraya düzgün qulluq göstərməməsidir,
bu inəklər xüsusi qulluğu sevir və s. Fermerlər isə bildirirlər ki,
xarici inəklərin ekstravaqant ehtiyaclarını təmin etmək sərfəli deyil,
bu halda südün maya dəyəri kəskin artır, nəticədə məhsul bahalaşır.

Xaricdən cins inəklər alınması qaydası belədir ki, hökumət və
fermerlər hər heyvanın dəyərinin ilkin olaraq yarısını ödəyirlər. Pulun
qalanını ödəmək üçün fermerlərə üç il vaxt verilir. “Aqrolizinq”
Azərbaycana cins mal-qara gətirmək üçün elan etdiyi tenderdə qalib gələn
üç şirkətin adını açıqlayıb. Onlar elə də tanınan şirkətlər deyillər:
“Rista Alliance”, “Ninox Alliance” və “Swisspoint Merchants Limited”.

“Rista Alliance” şirkətinə Latviya vətəndaşı İnt Bilder
adlı biri rəhbərlik edir. Bundan əvvəl isə mətbuatda belə bir məlumat
getmişdi ki, İ.Bilder beynəlxalq miqyaslı fırıldaqçıdır və onun dövlət
şirkətlərinin iştirakı ilə törədilmiş 150 milyon dollarlıq fırıldaqçılıq
əməllərinə birbaşa bağlılığı var.

Qeyd edək ki, “Aqrolizinq” SC təkcə cins mal-qara yox, həm də kənd
təsərrüfatı texnikasının idxalı ilə məşğuldur. SC lap elə bu günlərdə
kənd təsərrüfatı texnikasının alınması ilə bağlı tender elan edib.
Verilən məlumata görə, tender üç lot üzrə keçirilir: traktorlar üçün 699
ədəd qoşqu ləvazimatı (tenderdə iştirak haqqı 1000 manat), 40-55 at
gücündə olan 80 traktor (tenderdə iştirak haqqı 400 manat) və 30 traktor
qoşqusu və 160 irigavahınlı kotan (tenderdə iştirak haqqı 200 manat).

Lakin araşdırma zamanı onu öyrənmək mümkün olub ki, fermerlər bu
texnikanı almaq imkanına malik deyillər, onları nədənsə həmişə
oliqarxlara məxsus fermer təsərrüfatlarında çalışan şəxslər alırlar.
Məsələn, bu yaxınlarda İsraildən 5 ədəd damcı-suvarma qurğusu idxal
olunub. Onların da hamısını iri məmur-oliqarxlara məxsus təsərrüfatlarda
çalışan “öz fermerləri”nə veriblər.

Sahibkarlığa Yardım Milli Fondu (SYMF) tərəfindən kredit verilməsi isə məsələsi isə fermerlərin lap böyük başağrısına çevrilib.

Təzyiqlərə məruz qalacağından qorxub adınını açıqlanmasını istəməyən fermerlərdən birinin virtualaz.org saytına
dediyinə görə, SYMF kreditləri sırf cins mal-qara almaq şərtilə ayırır,
amma həmin heyvanların yerli mühitə uyğunlaşacağına və bu iqlimdə dözüb
yaşayacağına heç bir təminat vermir, bunun məsuliyyətini paylaşmır:
“Elə hallar da olur ki, həmin heyvanlar alınıb gətiriləndən iki-üç ay
sonra bizim mühitə dözməyərək tələf olurlar. Fermerlərdən isə bu halda
da pulu, üstəlik faizləri ödəməyi tələb edirlər”.

Digər fermerlər də təsdiqləyir ki, onlar SYMF-a və onun
əməkdaşlarına bütün bu pullardan əlavə “cins inək” əməliyyatına görə
“şapka” və “şirinlik əlavələri” də ödəyirlər. Daha bir detal: gətirilən
mal-qara arasında xəstə, arıq, zəif heyvanlar da çox olur, SYMF isə
sağlam mal-qaranı fermerlərə əlavə xərc və ya tanışlıq prinsipi ilə
satır.

“Aqrolizinq”in qanunsuz əməlləri bununla da bitmir. Buna dair daha
bir nümunə deyək. Fermerlər bildirir ki, “Aqrolizinq”in fəaliyyəti
bütövlükdə maliyyə piramidası prinsipi əsasında qurulub. Bu şirkətin
regional bölmələri kəndli-fermer təsərrüfatlarına guya mineral gübrə
satışı ilə məşğuldur. Lakin gübrə satışı yalnız kağız üzərində aparılıb,
buna görə müntəzəm ayrılan və ödənilən pullar isə aqrar sektoru
“inkişafı ilə məşğul olan” məmurların cibini şişirdib, onların maddi
vəziyyətini “münbitləşdirib”…

Bu dövlət strukturunun fəaliyyət tarixi büdcə pullarını mənimsəmək
üsullarının belə “ağıllı və effektiv” nümunələri ilə doludur. Maraqlıdır
ki, Baş Prokurorluq da bu faktlar əsasında dəfələrlə cinayət işi açıb.
Amma məsələ həmişəki kimi bitib – nədənsə heç kəs cəzalanmayıb…

Nəhayət, ötən ilin sonunda Baş Prokuror yanında Korrupsiyaya Qarşı
Mübarizə İdarəsi “Aqrolizinq”in İmişli rayon filialında analoji fırıldaq
faktının aşkarlanması ilə bağlı təhqiqat aparıb. Nəticədə həmin
filialın müdiri Razi Talıbzadə həbs olunub. Araşdırma zamanı müəyyən
olunub ki, R.Talıbzadə 2009-2013-cü illər ərzində kəndli-fermer
təsərrüfatlarına, ayrı-ayrı şəxslərə 835,5 min manat dəyərində 9569 ton
müxtəlif mineral gübrə satıb. Kağız üzərindəki bu gübrə kəndlilərə
güzəştli qiymətlərlə satılmalı imiş. Amma…

Əgər “Aqrolizinq”in bütün strukturlarında belə kompleks
yoxlamalar aparılsa, dərhal aydın olar ki, bu qurum başdan-ayağa “gübrə
və büdcə” pullarını silib yemək üçündür və oradakı korrupsiya mexanizmi
saat kimi işləyir.

Amma “Aqrolizinq” SC-nin sədri Əli Bayramov nədənsə çox nikbindir. O, hesab edir ki, ötən il SC üçün çox uğurlu olub.

Ə.Bayramov xaricdən valyuta ilə alınan cins mal-qaranın tələf
olmasına belə izah verib ki, səbəb bu heyvanlara düzgün qulluq
edilməməsidir: “Məsələn, Sahibkarlığa Yardım Milli Fondunun hesabına
tikilmiş heyvandarlıq komplekslərinə verilən mal-qara arasında tələfat
göstəricisi heç 1 faizə də çatmır. Lizinq əsasında ən çox cins mal-qara
Ağcabədi rayonundakı “Atena” şirkətinə verilib. Bu şirkət bizim xətlə
1200 başdan çox cins inək alıb. Onların isə cəmisi 10-12 başı tələf
olub”.

Ə.Bayramov bu izahatı verərkən Baş Prokurorluq tərəfindən aşkarlanmış
korrupsiya faktlarının yanından səliqə ilə ötüb keçir, onlara toxunmur.
Aydındır niyə…

Bunlar “Aqrolizinq”in əməlləri. SYMF-ə gəlincə isə bu qurumun verdiyi
məlumatlara görə, fond sahibkarlara 2013-cü ilin əvvəlindən bəri
səlahiyyətli kredit təşkilatları vasitəsilə 211,9 milyon manat həcmində
güzəştli kredit verib. SYMF 2013-cü ilin əvvəlindən bəri öz vəsaiti
hesabına 2753 investisiya layihəsini maliyyələşdirib. Burada çox maraqlı
bir məqam var. SYMF hansısa mütərəqqi layihələrə 200 milyon manatdan
çox pul xərclədiyini deyir. Amma nə bu qurumun rəhbərliyindən, nə də
aqrar sektorun batıb getməsinə görə məsuliyyət daşıyan dövlət
adamlarından  heç kim soruşmur ki, bu qədər pullar xərclənməyinə
baxmayaraq heyvandarlıq məhsullarının, o cümlədən süd və ət
məmulatlarının qiyməti niyə enmir, əksinə, hətta artır… Bu sualın
fonunda bir məqamı da deyək ki, Azərbaycan hələ də kərə yağının ən böyük
idxalçılarından biri olaraq qalır. Nəyə görəsə… Azərbaycanlıların
süfrəsini hələ də Baltikyanı ölkələr, Ukrayna, Rusiya istehsalı olan
kərə yağı, Belarus xaması, Hollandiya pendiri, İran yumurtası, Türkiyə
tərəvəzi, Pakistan kartof-soğanı bəzəyir.

Bütün bunları nəzərə alaraq məmurlardan soruşmaq lazımdır: bizim aqrar pullarımız hara buxarlandı?

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3319

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30