Ərdoğanın oğlu üzə çıxdı

12.01.2014 - 20:36
Nazir oğlanlarının həbsxana həyatı necə keçir?
 

Türkiyə mətbuatı onların saxlanma şəraitindən, nə yeyib-içdiklərindən və nə qədər pul xərclədiklərindən yazdı

Türkiyə mətbuatı 17 dekabr rüşvət əməliyyatında həbs olunan keçmiş
Daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, keçmiş İqtisadi
inkişaf naziri Zəfər Çağlayanın oğlu Kaan Çağlayan və iş adamı Rza
Zərrabın Metrisdəki həbsxanada saxlanma şəraitindən yazıb.

Kənardan yemək gətirtmək olmaz, siqaretə məhdudiyyət var…

“Hürriyet” qəzetinin əldə etdiyi məlumatlara görə, hər üç şəxs 15
nəfərlik kameralarda saxlanılır və onlara heç bir xüsusi şərait
yaradılmayıb. Digər dustaqlardan fərqləri ziyarətçilərinin çox olmasında
və nəzarətçilərin onlarla qışqırmadan, mədəni danışmasındadır:
“Kənardan yemək gətirdə bilməzlər. Həbsxananın verdiyi yeməklə
kifayətlənmək məcburiyyətindədirlər. Siqaretdən belə, məhdudiyyətlə
istifadə edə bilərlər”.

Hər üç şəxsin, eləcə də Üsküdardakı Paşaqapısı həbsxanasında
saxlanılan “Halkbank”ın baş müdiri Süleyman Aslanın vəkili İstanbul
Çağdaş Hüquqçular Dərnəyinin rəhbəri Əli Rza Dizdardır. “17 dekabr
dustaqları”nın saxlanma şəraiti barədə mətbuata da vəkil məlumat verib.

Kameralarında xüsusi havalandırma yoxdur

Dizdarın sözlərinə görə, müdafiə etdiyi şəxslər o biri məhkumlar kimi
həbsxana qaydalarına riayət edirlər: “Qaldıqları kamerada xüsusi
havalandırma sistemi yoxdur. Sadəcə ağır cinayət törədən məhkumlarla bir
araya gəlməmələrinə diqqət yetirilir. Bufetdən yemək almaq həbsxana
rəisinin icazəsindən asılıdır. Mustafa Balbay, Mehmet Haberal, Tuncay
Özkan kimi tanınmış məhkumlar kimi, bufetdən ancaq fındıq-fısdıq alıb
yeyə bilərlər. Xərclərlə də bağlı məhdudiyyət var. Ayda ən çox 1000 lirə
(500 manata yaxın) xərcləyə bilərlər. Digər məhkumlar üçün də pul
limiti bu qədərdir. Ayrıseçkilik olsa, üsyan baş qaldırar. Həbsxana
qaydaları hər məhkum üçün eynidir. Nazir oğlanları da hər gün duş almaq
imkanına sahibdilər. Boş vaxtlarını dəyərləndirmək üçün həbsxanalardakı
atelyelərə getməlidirlər. Zərgərlik, saatsaz, pinəçilik və bu kimi”.

Ən rahat yer Süleyman Aslanındır

Vəkilin sözlərinə görə, içlərində ən rahat şəraiti olan “Halkbank”ın
baş müdiri Süleyman Aslandır: “Süleyman Aslan məmur olduğu üçün başqa
həbsxanaya göndərilib. Hamıdan rahatı odur. Çünki Üsküdardakı Paşaqapısı
həbsxanası məmurlar üçündür. Kamera yoldaşları müəllimlər, polislər,
bələdiyyə üzvləri və məmurlardır. Əli qələm tutan, oxumuş insanlar
olduqları üçün öz qayda-qanun və səliqələrini təmin ediblər.
Nəzarətçilər də bu şəraitə uyğun davranırlar”.

Parlamentdə növbəti gərginlik

Yanvarın 11-də Türkiyə parlamentində gərgin anlar yaşandığı, keçmiş
Hakimlər İttifaqının başqanı Ömər Faruk Eminağaoğlunun AKP-dən olan
millət vəkili Zeyit Aslan tərəfindən yumruqlandığını yazmışdıq. Belə ki,
Hakimlər və Prokurorlar Ali Şurasının quruluşunu köklü şəkildə
dəyişməyi təklif edən qanun layihəsinin

parlamentə təqdim olunması müxalifətin etirazı ilə qarşılanıb. Məsələ
parlamentin Ədalət Komissiyasının məlum iclasında müzakirə olunarkən
Ömər Faruk Eminağaoğlu vətəndaş cəmiyyətinin təmsilçisi qismində söz
istəyib. Ona söz verilməməsi CHP-çilərin etirazı ilə qarşılanıb. AKP ilə
CHP arasında mübahisə də bundan sonra yaşanıb. Tərəflər bir-birinə
noutbuk, çanta atıblar. Eminağaoğlu da Z.Aslan tərəfindən yumruqlanıb.

Gərginlik bu gün də davam edib. Ədalət Komissiyası qanun layihəsini
müzakirə edərkən Ömər Faruk Eminağaoğlu yenə söz istəyib və ona növbəti
dəfə rədd cavabı verilib. Üstəlik AKP-dən olan millət vəkilləri “çıx
bayıra!” deyərək Eminağaoğlunun üstünə qışqırıblar. CHP-dən yenə etiraz
gəlib və tərəflər arasında bir neçə dəqiqə qarşıdurma olub.

CHP parlament rəhbərliyinə müraciət edərək Eminağaoğluna hücum edən
AKP-çi deputatın cəzalandırılmasını tələb edib. CHP deputat qrupunun
rəhbəri Engin Altayın təqdim etdiyi müraciətdə məlum olayın Türkiyə
Böyük Millət Məclisinin etibarını zədələdiyi bildirilir.

Ərdoğandan reaksiya gəldi: “Sən kimsən ki, həddini bil!”

Bu gün baş nazir Rəcəb Tayyib Ərdoğan parlamentdə baş verənlərə
münasibət bildirib və Ömər Faruk Eminağaoğluna sərt təpki verib:
“Komissiyanın iclaslarına səlahiyyəti olmayan şəxslərin gəlməsi
yanlışdır. Əvvəla sən kimsən, həddini bil! Danışmaqdan belə xoşun
gəlirsə, səni millət vəkili edərlər, gəlib danışarsan. Bunlar hüquqşünas
yox, təxribatçıdılar. Komissiyada hər şey səslərdən asılıdır. Səsvermə
keçirilib və Konstitusiyaya zidd heç nə olmadğı üzə çıxıb. Prezidentimiz
nə deyəcək bilmirəm, amma müxalifətin edə biləcəyi şey Konstitusiya
Məhkəməsinə müraciət etməkdir”.

Bilal Ərdoğan üzə çıxdı

Harada olduğu günlərdir müzakirə və mübahisə predmetinə çevrilən baş
nazirin oğlu Bilal Ərdoğan nəhayət bu gün üzə çıxıb. Səhər saatlarında
anası Tənzilə Ərdoğanın məzarını ziyarət edən baş naziri oğlu Bilal
Ərdoğan da müşayiət edib. Qaracaəhməd qəbiristanlığındakı ziyarət 15
dəqiqə çəkib.

Qeyd edək ki, B.Ərdoğan adı məlum rüşvət əməliyyatında hallandırılan
şəxslərdən biridir. Əməliyyatı araşdıran, sonra işdən uzaqlaşdırılan
prokuror Müəmmər Akkaş “ikinci həbs dalğası” çərçivəsində Bilal Ərdoğanı
da şübhəlilərin siyahısına salmış və və ifadə verməsi üçün onu
istintaqa çağırmışdı. Məhz bu qərarından sonra M.Akkaş istintaq sirrini
yaymaq ittihamı ilə işin araşdırılmasından kənarlaşdırılmışdı. Bundan
sonra Bilal Ərdoğanın ortalıqda gözə dəyməməsi mətbuatın şübhələrinə yol
açmış, onun Türkiyədə olmadığı, şətta Azərbaycanda gizləndiyi ilə bağlı
ən müxtəlif iddialar səsləndirilmişdi.

O da məlum olub ki, hökumət indi də hüquq sistemində “təmizləmələrə”
başlayacaq. Bu sistemdəki əsas kadrların tezliklə dəyişdiriləcəyi iddia
olunur.

Jurnalistlərə daha bir qadağa

Türkiyəni silkələyən “böyük rüşvət əməliyyatı” ilə bağlı məlumatların
mətbuat səhifələrinə çıxması hökuməti media ilə bağlı bəzi qərarlar
almağa məcbur edir. İlk olaraq ötən ay jurnalistlərin polis idarələrinə
girişinə qadağa qoyulub. Jurnalistlər bu qərara qarşı etiraz aksiyası
keçirsələr də, nəticə dəyişməmiş qalıb. Bu gün hökumətdən daha bir
qadağa qərarı gəlib. Bütün polis idarələrinə curnalistlərlə görüşmək və
mediaya məlumat vermək qadağan edilib. Bununla bağlı Türkiyənin polis
“şefi” Mehmet Kılıçlar tərəfindən polis idarələrinin media və
ictimaiyyətlə əlaqələr şöbəsinə yazılı göstəriş də göndərilib.
M.Kılıçlar Qadağanı belə əsaslandırıb ki, bu, gizli məlumatların mediaya
sızdırılmasının qarşısını almaq üçündür. Curnalist sorğularına isə
yalnız valinin və M.Kılıçların razılığından sonra cavab veriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=3324

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930