Dünyada pullar necə qorunur?

13.01.2014 - 12:38

“Saxta pul hazırlanmasının qarşısını almaq üçün daim yeni üsulların tapılmasına ehtiyac var”

 

“Saxta pul hazırlanmasının qarşısını almaq üçün daim yeni üsulların tapılmasına ehtiyac var”

 

Dünyada, xüsusilə də insan həyatında danılmaz rol oynayan pul
əksəriyyət üçün çoxsaylı problemlərin əsas həll vasitəsidir. Ancaq
pulunun özünün də qorunmağa ehtiyacı var. Çünki iqtisadiyyat üçün ciddi
təhlükələrdən olan saxta pulların hazırlanması bütün dövrlərdə aktual
məsələ olub. 

Pul əskinazları nədən hazırlanır 

Məlum olduğu kimi, kağız Çində yaradılıb. Ona görə də ilk kağız
əskinazlar məhz Şərqdə meydana gəlib. Qərb ölkələrində kağız əskinazlar
XVII yüzilliyin sonlarında dövriyyəyə buraxılıb. Kağız pulların
yayılması kapitalizm quruluşunun formalaşması ilə bağlıdır. Sürətli
iqtisadi artım pul dövriyyəsinin daha rahat formasını tələb edirdi.
Kağız pul əskinazları bu tələblərə tam cavab verirdi. XVIII əsr ərzində
kağız pullar Avropanın bütün ölkələrində geniş yayıldı, XIX əsrin
sonlarında isə bütün dünyada hökmranlıq etdi. Ancaq kağız pulların da
nöqsanı var. Daimi dövriyyədə olan əskinazlar tez köhnəlir və
buraxılışdan yarım il sonra tam sıradan çıxırdı. Bu problem kağız pullar
üçün “kağız” materialların daha da təkmilləşdirilməsi yolu ilə həllini
tapır. Məsələn, ABŞ dolları 75 faiz pambıqdan, 25 faiz kətandan
ibarətdir. Bundan əlavə, əskinazların parçası sintetik liflərlə
möhkəmləndirilib. Dolların cırılması üçün onu bir neçə min dəfə qatlamaq
lazımdır. Avstraliya, Çin, Şimalı Irlandiya, Rumıniya və bir sıra digər
blkələrin pulları xüsusi nazik plastikdən hazırlanıb. Bu pulları əymək
üçün müəyyən güc sərf etmək lazımdır. Bütün bunlardan əlavə müasir kağız
pullar yüksək dərəcədə müdafiəyə malikdir. Bunun üçün əskinazlarda su
nişanları, xüsusi tellər və liflər, metallaşdırılmış lentlər, qabarıq
şəkillər, holoqramlar, mikroşriftlər və saxta pul düzəldənlərin işini
ağırlaşdıran digər elementlərdən istifadə olunur. American Express
şirkəti isə öz müştərilərini təkcə saxtalaşdırmadan deyil, həm də
oğurluqdan qoruyur. Onların hazırladığı və bir çox qoruyucucu əlamətləri
olan qəbzlərdə alıcı imzasını qoyur. Bu qəbzi nağd pula dəyişmək üçün
ona daha bir imza qoymaq lazım gəlir. Bundan əlavə, hər alınan qəbz
American Express-in qlobal məlumat bazasına daxil edilir. Ona görə də
çek itsə, yaxud xarab olsa, onu bir sutka ərzində bərpa etmək olar.
Deməli belə pulların saxtalaşdırılması üçün incə işin heç bir mənası
yoxdur. 

Pulları saxtalaşdırmadan necə qorumaq olar?

Pulların müdafiəsi texnikası onları qeyri-leqal şəkildə hazırlayan
bacarıqlı pul kəsənlərdən bir addım öndə olmalıdır. Əks halda saxta pul
hazırlamaq həvəsində olanlar daha çox təhlükələr yarada bilər. Bu
cinayətkar peşənin maraqlı tarixi var. Almaniyalı tarixçi Gelmut
Vermuşun kitabında da hər bir bir ölkənin öz pullarını necə qorumasından
bəhs edilir. Məsələn, Avstriya quldenləri kənarları relyefli naxışlarla
işarələnən ikirəngli möhürlə çap edirdilər. Hətta reylefli möhürü
hazırlamaq üçün cihazı saxlamağa görə də ölüm hökmü nəzərdə tutulurdu. 

1799-cu ildə amerikalı Cekob Perkins yeni üsul patentləşdirib.
Təklifin mahiyyəti ondan ibarət idi ki, sadə ornament və şəkillərin
yerinə mürəkkəb bədii kompozisiyalar və portretlər təsvir olunsun. Ən
orijinal müdafiə üsulunu isə avstriyalı bankir Frans fon Zalsman təklif
etmişdi. O hesab edir ki, pul əskinazlarında çılpaq qadın şəkillərinin
yerləşdirilməsi insanları əskinazlara daha çox diqqət yetirməyə məcbur
edəcək. Bu zaman saxtakarlıq gözdən yayınmayacaq. Etiraf etmək lazımdır
ki, bu təklif qəbul olundu və avroya keçənə qədər Astriya əskinazlarını
yarçılpaq ilahə və nayadalar bəzəyirdi. Orijinal bank əskinazları, bu
istər ABŞ dolları, istər avro, istərsə də rus rublu olsun, kağız
spesifik xüsusiyyətlərinə görə xarakterik xışıltıya malikdir. Bir qayda
olaraq saxta pullarda bu xışıltı olmur. Bu səbəbdən də “pul kağızı”nın
hazırlanması ciddi dövlət nəzarətində saxlanılır. ABŞ Konqresinin qəbul
etdiyi xüsusi qanuna görə, müvafiq icazə olmadan belə kağızın əldə
edilməsi və saxlanılması 15 illik həbs cəzası nəzərdə tutur. Kağızın
tərkibi isə daimi təkmilləşdirilir. Məsələn, rus rublu on doqquz kimyəvi
reaktivə dözmək qabiliyyətinə malikdir. 

Kompüterlərin, xüsusilə rəngli lazer printerlərinin yaranması ilə
pulların saxtalaşdırılması asanlaşıb. Ona görə də yeni müdafiə
texnologiyaların tətbiqinə ehtiyac yaranır. Əskinazlara metalloqrafik
zolaqlar, polimer tellər yerləşdirilir. Ancaq yenə də saxta pul kəsənlər
bu maneələri keçə bilir. Bunun qarşısını almaq üçün bir neçə il əvvəl
ABŞ-da dövriyyəyə şaftalı rəngli fonda Endrü Ceksonun şəkli olan və
şəkildən solda milli azadlıq simvolu – başında lələyi olmayan uçan
qartalın təsvir edildiyi müxtəlif rəngli iyirmi dollarlıq əskinazlar
buraxılıb. 

Pulların qorunması vasitələri 

Saxta pulların kəsilməsi elə geniş miqyas alıb ki, onun qarşısını
almaq üçün hər zaman yeni üsulların tapılmasına ehtiyac var. Bu
vasitələrdən ən geniş yayılanı pulların üzərindəki su nişanlarıdır. Bu
nişanlrı saxta pullarda olduğu kimi təkrarlamaq çox çətindir. Adətən
tanınmış şəxsiyyətlərin şəkilləri, müxtəlif həndəsi fiqurlar və xətlər,
həmçinin dövlət atributları kimi su nişanlarınqa rast gəlinir. Dörd növ
su nişanı var: açıq, tünd, ikirənqli və çoxrəngli. Ilk dəfə su nişanları
1697-ci ildə Ingiltərədə istifadə olunub. 

Digər vasitə liflərdir. Banknot üçün istehsal edilən kağızlara liflər
yerləşdirilir. Onlar rəngli və gözlə görünən, yaxud rəngsiz, lakin
ultrabənövşəyi şüalar altında görünən olur. Banknotun müəyyən
sahələrində, yaxud xaotik yerləşə bilər. Liflərin yerləşdirildiyi kağızı
amerikalı Ceyms Vilkoks icad edib. Pulları hazırlanmasında bu üsul
19-cu əsrdən Almaniyada tətbiq edilməyə başlayıb. 

Fluoressensiya zərrəcikləri istehsal zamanı yumşaq kağız kütləsinə
yerləşdirilir və xüsusi ultrabənövşəyi işıq altıında görünür. Şəkil
yaxud yazı şəklində ola bilər. 

Pulların üzərinə yerləşdirilən naxışlar isə yalnız işıq altında görünür. 

Filiqran şəkillər də pulların müdafiə elementlərindən biridir.
Banknotlarda adamların, müxtəlif fiqurların və fon torunun təsviri çoxlu
sayda kiçik, nazik və gözlə görünməyən xətlərdən ibarətdir. Onların
saxtalaşdırmaq demək olar mümkün deyil.

Əskinazların müdafiəsində uyğunlaşdırılmış şəkillərdən də istifadə
olunur. Banknotun çapı zamanı şəklin bir hissəsi üz, digər hissəsi isə
arxa tərəfə yerləşdirilir. Əskinaza işıqda baxanda hissələr bir şəkil
kimi görünür. 

Bir neçə dəfə təkrarlanan sözdən (ölkənin adı, əskinazı dəyəri)
ibarət mikromətn banknotun müxtəlif sahələrində yerləşdirilə bilər.
Yalnız güclü optik böyüdülmə zamanı görünür. 

Pul kağızına yerləşdirilən qoruyucu tel əsasən maqnitli olur. 

Xüsusi lazer vasitəsilə banknotda bir necə dəlik yaradılır. Birlikdə
isə bu dəliklər hər hansı bir təsviri əks etdirir. Müvafiq avadanlıq
olmadan saxta pul kəsənlərin bunu təkrar etməsi mümkünsüzdür. 

Digər müdafiə vasitəsi kimi optik effektdən istifadə olunur. Müxtəlif
bucaqlardan baxdıqda banknotun rəngi, həmçinin üzərindəki şəkil
dəyişir. Ən etibarlı vasitə kimi holoqram yaxud kinoqramlar hesab
edilir. Bu çox bahalə vasitə olduğundan bir qayda olaraq iri məbləğli
banknotlarda tətbiq edilir. 

Əskinazları qoruyan elektron çiplər 

Alman və yapon araşdırmaçıları müəyyən müddətdə əskinazların
saxtalaşdırılmasının qarşısını alacaq texnologiya işləyib hazırlayıblar.
Texnologiya əskinazların kənarlarına proqramlaşdırılmış mikrosxemlərin
əlavə edilməsini nəzərdə tutur. Bu mikrosxemlər əskinazların
oricinallıığını və onların uçotunu təsdiq edəcək. Silisium əsaslı
elekktron sxemlər çoxlu qalın alındığından alman və yapon alimlər nazik
təbəqəli tranzistrlər tətbiq edib. Qızıl, alümin oksidi və üzvü molekul
layı xüsusi maska vasitəsilə əskinaza çəkiləcək. Nəticədə adi əskinazdan
fərqlənməyən, lakin tərkibində hər biri 250 nanometrdən az qalınlığı
olan 100 üzvü nazik təbəqəli tranzistor olan əskinaz əldə edilir. Bu
banknotların həqiqiliyini yoxlamaq üçün xüsusi terminaldan istifadə
edilir. Hazırda bu üsul ABŞ dolları, Isveçrə frankı, yapon yeni və
avroda testdən keçirilib. Əgər bu üsul özünü doğrultsa, iqtisadiyyat
üçün ən ciddi təhlükələrdən olan saxta pul kəsilməsinin qarşısı alına
bilər. 

Ən yaxşı qorunan və ən çox saxtalaşdırılan pullar 

Avropanın vahid valyutası olan avronun yeni əskinazları əvvəlki
versiyadana daha etibarlı olsa da, saxta pul düzəldənlərin daha çox
marağına səbəb olub. Mütəxəssislər avronun dünyadan ən yaxşı qorunan
valyuta hesab edir. Ancaq ən çox saxtalaşdırılan da məhz avrodur. Saxta
avroya daha çox Avropanın cənubunda və cənub-şərqində rast gəlmək olur.
Ancaq Almaniyada da bu kimi xoşagəlməz hallar baş verir. Məsələn, bu
ölkədə dövriyyədə olan saxta 20 avroluq əskinazlar saxtalaşdırılan cəmi
avro banknotlarının 47,5 faizini, saxta 50 avroluq əskinazlar isə 32,5
faizini təşkil edir. Bir ildə 600 mindən artıq saxta əskinaz dövriyyədən
çıxarılır. Avropada hər 10 min sakinə 5 saxta əskinaz düşür. Bunlar
ümumi dövriyyənin cəmi 0,004 faizini təşkil etsə də, avronun daha çox
qorunması isə müxtəlif tətbirlər nəzərdə tutulub.

Daha böyük dövriyyəyə malik ABŞ dolları da saxta variantı kifayət
qədərdir. Hazırda dünyada 90 milyondan artıq saxta dollar dövriyyədədir.
ABŞ rəsmiləri bu halların qarşısını almaq üçün digər ölkələrin də
yardımına ehtiyac olduğunu deyir. 

Saxta dollarların ən çox yayıldığı ölkələrdən biri isə Rusiyadır. Bu
ölkədə dövriyyədə olan dollar banknotlarının təxminən üçdə biri
saxtadır. Daha çox 100 dollarlıq əskinazlar saxtalaşdırılır. Saxta
pulların 88,5 faizini məhz 100 dollarlıqlar təşkil edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3340

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31