Sumqayıt səhiyyəsində 1,85 milyonluq korrupsiya
Şəhər Səhiyyə
İdarəsinin müdiri Rauf icra başçısı Eldar Əziziovun birgə “əməliyyat”ı
dövlətə milyonlara başa gəlir
Şəhər Səhiyyə
İdarəsinin müdiri Rauf Sadıxovla icra başçısı Eldar Əziziovun birgə “əməliyyat”ı
dövlətə milyonlara başa gəlir
Sumqayıt Şəhər Səhiyyə İdarəsi ilə bağlı olduqca maraqlı məlumatlar üzə çıxıb. Bu idarənin ərzaq məhsullarının satın
alınması adı altında həyata keçirdiyi əməliyyatlar nəticəsində, təkcə ötən il
1,85 milyon manata yaxın büdcənin vəsaiti xərclənib.
İlkin mərhələdə bu rəqəmin Sumqayıt kimi bir şəhər üçün elə də böyük olmadığı təəssüratı
yaranır. Çünki hazirda sözügedən səhiyyə şöbəsinə 7 xəstəxana, 2 Doğum evi, 5 Dispanser,
3 şəhər poliklinikası, “Kimyaçı” poliklinikasi, 2 Tibbi Sanitar Hissə,
5 uşaq poliklinikası, 2 təsərrüfat hesablı stomatoloji poliklinika, Uşaq
stomatoloji poliklinikasi və Uşaq sanatoriyası daxildir. Amma real vəziyyətlə xərclənən
pulların arasındakı tərs mütənasiblik ortaya çıxdıqda bu deyilənlərin heç də əbəs
olmadığı aydınlaşır.
Apardığımız araşdırmalar nəticəsində məlum
olub ki, təkcə 2012-ci ildə Sumqayıt Şəhər Səhiyyə Şöbəsinə ayrı-ayrılıqda təkcə
ərzaq məhsullarının alınması üçün qeyd olunan qədər pul ayrılıb. O pulun 451401
manatı “İdeal Təchizat kommersiya 2012” MMC və “Ayan-2012”
MMC şirkətləri vasitəsi ilə digər ərzaq məhsullarının satın alınmasına “sərf”
olunub.
“Qızıl Torpaq Kəndli-Fermer” MMC-nin yardımı ilə alınmış ət, süd və kənd
təsərrüfatı məhsullarına isə 743000 manat “xərclənib”. Xəstəxanalara çörək
alınması işləri isə fiziki şəxs Ruslan Namazova həvalə edilib ki, bu məqsədlə də
64990 manatın “başına daş salınıb”.
Deyilənlərə görə, 2005-ci ilin 30 noyabrından Sumqayıt səhiyyəsinə rəhbərlik edən
Rauf Sadıxovun tender işlərində böyük səriştəsi var. Belə ki, onun uzun illərdən
bəri böyük pullar qazana bildiyi bu işləri də elə yaxın adamları vasitəsi ilə həyata
keçirir. 2012-ci ildə 1,85 milyon manatlıq “ərzaq oyunu” isə onun uğurlu
“tapıntı”larından sayılır. Təbii ki, Sumqayıt xəstəxanaları üçün ərzaq alınması
vacib şərtdir. Lakin indiyə qədər ölkənin ikinci sənaye şəhərindəki tibb
ocaqlarında hansı xəstələrə yemək verildiyi müşahidə olunub? İndiyə qədər
Sumqayıt xəstəxanalarında müalicə almış və bu məqsədlə palatalara yerləşdirilmiş
elə bir şəhər və qeyri-şəhər sakini tapılmadı ki, orada onlara yemək
verildiyini təsdiq etsinlər.
İdarə tərəfindən verilən məlumatlarda iddia edilir ki, Rauf Sadıxov bu
oyunlarda təkbaşına deyil və onun ən əsas dəstəkçisi məhz Sumqayıtın icra
başçısı Eldar Əzizovdur. Bu barədə gələn xəbərlərdə vurğulanır ki, şöbə müdiri
ilə arası “saz” olan icra başçısı təkcə səhiyyədəki ərzaq oyunlarında deyil,
digər tender “biznes”lərində də “güclərini” sınayırlar.
P.S. Sumqayıt Səhiyyə İdarəsinin 2013-cü ildə həyata keçirdiyi tenderlərlə
bağlı araşdırmalarımız davam edir. Proses sonlandığı təqdirdə geniş məlumat
veriləcək. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=3345