Dəmiryolçular Arif Əsgərovu ifşa etdi

14.01.2014 - 12:29

Bir qrup bələdçi “Azərbaycan Dəmir Yolları”nda özbaşınalıqdan bezərək Prezident Administrasiyasına üz tutdular

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin bir qrup bələdçisi dünən PA önünə
toplaşaraq MDB ölkələri istiqamətindəki xətlərdən çıxarılmalarına,
yerlərinə qadın bələdçilərin yerləşdirilməsinə, vaqonları öz hesablarına
təmir etmələrinə etiraz etdilər.

“Vaqonları öz cibimizə təmir etdirirdik”

Təranə Hümbətova “Azadlıq”a bildirib ki, bələdçilərin bir qismi maaş
azlığından, bir qismi məcbur edilərək işdən çıxarılıb: “Qatarların daha
bərbad vəziyyətləri olan zamanlarda, cibimizin pulu ilə vaqonları təmir
etdirmişik. Bütün hüquqlarımız tapdalanır, maaşlarımız verilmir,
sərnişinlərin tələbatlarını öz cibimizdən qarşılayırıq, adicə tualet
kağızını belə özümüz alırıq. Təlimatda isə göstərilib ki, bunları idarə
qarşılamalıdır. Yeni qatarlarda çalışanlara 400-500, bizə isə 150-170
manat maaş verirlər. Bizim hesabımıza özlərinə mülk alırlar. Ziya
Məmmədov oğluna ada almaq üçün xərclədiyi 41 milyonun heç olmasa beş
faizini bizim ev problemlərimizin həlli üçün xərcləyərdi”.

Başqa bir şikayətçi Adil Balaxanovun sözlərinə görə, onu işdən
çıxmağa məcbur ediblər. “Mənim 38 illik iş stajım var. Bunun 35 ilini
ancaq “Azərbaycan Dəmir Yolları”nın sərnişin xidmətində bələdçi
işləmişəm. Halal zəhmətimlə çalışmışam. Bir il öncə Kiyev qatarı
bağlananda narazılığımızı bildirdik. Etirazçılar arasında ən çox mən
fəallıq göstərdim. Buna görə də ərizə yazıb işdən çıxmağımı tələb
etdilər. Dedilər ki, ya ərizə yazıb işdən çıxmalıyam, ya da hər hansı
bir yolla şərlənəcəksən. Öz haqqımı tələb etmişəm, zəhmətimin
qarşılığını istəmişəm. Işə başlayanda bizimlə müqavilə bağlanmayıb,
ancaq işdən çıxarılanda heç vaxt görmədiyim müqavilə verdilər. Guya
müqaviləmiz olub. Hamı bilir ki, bir vaqonun təmir edilməsi 1500-2000
dollara başa gəlirdi. Bu pulları bizdən tələb edirdilər, mən o pulu borc
tapıb verirdim ki, işimdən olmayım”.

“Prezident Administrasiyasına şikayət etmək vətən xaini olmaq deməkdir?”

Bələdçi Cavanşir Qafarovun isə üz tutmadıqları dövlət qurumu
qalmadığını deyir: “Ən sonda Prezident Administrasiyasına gəlib
dərdimizi söylədik. Oradan bizə bildirdilər ki, sizin şikayətinizə Arif
Əsgərovun müavini Əlirza Süleymanov baxacaq. Biz ümid edirdik ki,
problemimiz həll ediləcək. Idarədə isə əksiylə üzləşdik. Əlirza
Süleymanov mənə dedi ki, sən xalq düşmənisən, dövlət xainisən, sən niyə
Prezident Administrasiyasına getmisən. Mən başa düşmürəm Prezident
Administrasiyasına getmək, şikayət etmək vətən xaini olmaq deməkdir?
Bunu anlaya bilmirik. Bir idarədə deyirlər gedin sizin probleminiz həll
olunacaq. Üz tutduğumuz yerdə isə bizə düşmən gözüylə baxırlar”.

Cavanşir Qafarov onu da bildirdi ki, xarici ölkələrə səfər zamanı
qanunla nəzərdə tutulan məbləği ödəmirlər: “Idarənin hər bir bələdçiyə
min manatdan çox borcu var. Sənədlərdə elə göstərirlər ki, guya hər şey
qaydasındadır. Üç ay öncə Baş Prokuror Yanında Korrupsiyaya qarşı
Mübarizə Idarəsinə müraciət etmişik. Şikayət məktubumuzda hər şeyi
yazdıq, faktları göstərdik. Bunun da heç bir xeyri olmadı”. 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3381

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31