Türkiyə son olaylardan nə qədər itirib?
Ekspertlər Ərdoğanın “korrupsiya qalmaqalından ziyan çəkmədik” fikrini real saymır
Samir Əliyev: “Korrupsiyada adı hallanan insanların biznes
strukturlarına kifayət qədər yaxın olması iqtisadiyyata da ciddi təsir
edir”
Türkiyə iqtisadiyyatı korrupsiya qalmaqalından ziyan çəkmir.
“Trend”in “Milliyyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib. Onun sözlərinə
görə, ölkə iqtisadiyyatını heç nə zəiflədə bilməz. Baş nazir qeyd edib
ki, Türkiyə iqtisadiyyatı möhkəm əsaslar üzərində qurulub və nə Gəzi
parkındakı hadisələr, nə də korrupsiya qalmaqalı ona təsir göstərmir.
Ərdoğanın bu açıqlaması bir müddət əvvəl Türkiyənin baş nazirinin
müavini Bülənt Arınçın səsləndirdiyi fikirlərlə üst-üstə düşmür. Baş
nazirin müavini Türkiyə iqtisadiyyatına korrupsiya qalmaqalından 100
mlrd dollar ziyan dəydiyini bəyan etmişdi. “Mən deyə bilərəm ki,
Türkiyədə son hadisələri qızışdıran şəxslər hökumətə tələ qururlar və bu
səbəbdən müəyyən itkilər var. Mən 100 mlrd dolları ötüb keçmiş ziyanı
nəzərdə tuturam”,- deyə o bildirib.
Arınç qeyd edib ki, yaxın zamanda hökumət üzvləri bu məsələ ilə bağlı
açıqlamalar verəcək: “Gəlin sabahdan iqtisadiyyat və maliyyə sahələrinə
cavabdeh olan nazirlərin çıxışlarına nəzər salaq”,- deyə o əlavə edib.
Son aylarda qalmaqallardan başı açılmayan Ərdoğan hökumətinin
üzləşdiyi növbəti problemin əslində ölkə iqtisadiyyatına hansı təsirləri
olub?
Iqtisadçı-ekspert Samir Əliyev Türkiyədə son aylar yaranmış siyasi
böhran nəticəsində türk lirəsinin getdikcə ucuzlaşdığını deyir. Türkiyə
Mərkəzi Bankı lirəni lazımi səviyyədə saxlamaq üçün dövriyyəyə əlavə pul
buraxır. Amma bu da kifayət etmir. Dollar ayrı-ayrı ölkələrin
valyutalarına nisbətdə ucuzlaşsa da, türk lirəsi dollara nisbətdə
ucuzlaşır. Bu da siyasi böhranın iqtisadiyyata vurduğu zərərin
nəticəsidir.
Ekspertin sözlərinə görə, Türkiyə iqtisadiyyatı Azərbaycan
iqtisadiyyatından nə qədər güclü olsa da, korrupsiyada adı hallanan
insanların biznes strukturlarına kifayət qədər yaxın olması
iqtisadiyyata da ciddi təsir edir. Artıq bu təsir gözünü göstərməkdədir:
“Ərdoğan hökumətinin atdığı addımlar iqtisadiyyata müsbət təsir edib.
Ancaq Türkiyədə bir qayda olaraq siyasətin iqtisadiyyata təsiri daha
çoxdur. Artıq siyasi böhranın iqtisadi böhranla davam edəcəyi ilə bağlı
narahatçılıqlar var. Hər halda bu hadisələr ölkəyə zərərsiz
ötüşməyəcək”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3382