Daha bir təşkilat prezident seçkisinin nəticələrinini saxta hesab etdi
“Demokratiyanı Öyrənmə” Ictimai Birliyi 9 oktyabr 2013-cü ildə
keçirilmiş prezident seçkisi ilə bağlı yekun hesabat yayıb. Hesabatda
qeyd olunur ki, təşkilat 30 seçki dairəsi üzrə uzunmüddətli müşahidə
aparıb, 300 seçki məntəqəsində isə seçki məntəqələrinin açılışı,
səsvermə və səslərin sayılması prosesinin müşahidəsini aparıb.
Birlik hesab edir ki, ümumilikdə hakimiyyətin seçkilərin azad və
ədalətli keçirilməsi üçün zəruri siyasi iradə nümayiş etdirməməsi,
ölkədəki siyasi mühit, demokratik azadlıqların məhdudlaşdırılması,
namizədlər üçün qeyri-bərabər təşviqat imkanları, seçki hüquqlarının
səmərəli müdafiə mexanizmlərinin olmaması seçki prosesinə əhəmiyyətli
dərəcədə mənfi təsir edib. Seçki günü baş verən pozuntuların
miqyası və xarakteri 9 oktyabr 2013-cü il prezident seçkisinin Seçki
Məcəlləsinin tələblərinə, həmçinin azad, ədalətli və demokratik seçkilər
üzrə beynəlxalq standartlara uyğun keçirilməsinə imkan verməyib.
Hesabatda tövsiyələr də yer alır:
1.Əsas insan hüquqları və azadlıqlarına dair qanunvericilik bazası
ölkənin qoşulduğu beynəlxalq müqavilələr üzrə öhdəlikləri əsasında
təkmilləşdirilməli, xüsusilə sərbəst toplaşmaq, ifadə və birləşmək
azadlıqlarına məhdudiyyətlər aradan qaldırılmalı, siyasi partiyalar,
media və vətəndaş cəmiyyəti təşkilatları üçün azad və bərabər fəaliyyət
imkanları yaradılmalıdır.
2.Seçki komissiyaları onların obyektivliyinə və qərəzsizliyinə
cəmiyyətin və bütün siyasi qüvvələrinin etimadını bərpa edə biləcək yeni
prinsiplərlə formalaşdırılmalıdır. Seçki komissiyalarının tərkibi hər
hansı siyasi qüvvənin nəzarətinə imkan verməyən, həqiqi balanslaşdırma
prinsiplərinə əsaslanan təmsilçilik normaları əsasında müəyyən
edilməlidir.
3.Seçkilərin müddəti uzadılmalıdır. Bu, seçki komissiyalarının seçki
hərəkətlərini vaxtında və keyfiyyətlə həyata keçirməsi, seçki
şikayətlərinin səmərəli araşdırılması və seçkiqabağı təşviqat müddətində
namizədlərə bütün ölkə üzrə seçicilərlə birbaşa ünsiyyət imkanı olması,
və ictimaiyyətin bütün namizədlər və onların platformaları haqqında
əhatəli məlumat almaları üçün mühüm əhəmiyyətlidir.
4.MSK aşağı seçki komissiyaları tərəfindən seçici siyahılarının
yenilənməsi işinə nəzarəti gücləndirməlidir və hər il aparılan
yenilənmələrin nəticələri barədə hesabatlarla müntəzəm çıxış etməlidir.
Digər dövlət qurumlarının açıqladığı məlumatlarla vahid seçicilər
siyahısına daxil edilmiş seçicilərin sayı arasındakı uyğunsuzluqlar
aradan qaldırılmalıdır.
5.Namizədlərin irəli sürülməsi və qeydiyyatı sadələşdirilməlidir.
Namizədliyin müdafiəsi üçün imza toplanması qaydalarına yenidən
baxılmalı, seçicilərin birdən artıq namizədi müdafiə üçün imza vermək
hüququ olmalıdır. Eyni zamanda namizədlərin qeydiyyat üçün maliyyə
depoziti institutundan istifadə imkanı yaradılmalıdır.
6.Namizədliyin dəstəklənməsi üçün seçici imzalarının yoxlanmasının
daha etibarlı və şübhə doğurmayan qaydaları müəyyənləşdirilməlidir. Bu
prosesdə şəffaflığın və ictimai etimadın artırılması məqsədilə
namizədlərin və ya onların nümayəndələrinin iştirakının təmin edilməsi
ilə bağlı qanunvericilikdəki qeyri-müəyyənlik aradan qaldırılmalıdır.
Maraqlı tərəflərin məlumatlandırılması və prosesdə iştirakının vacibliyi
ilə bağlı qaydaların Seçki Məcəlləsində təsbit edilməsi zəruridir.
Imzaları yoxlayan işçi qrupunun tərkibi müstəqil şəxslərdən
formalaşdırılmalıdır.
7.Seçki Məcəlləsinə namizədlərin seçkiqabağı təşviqat üçün ödənişsiz
efir vaxtından birgə və fərdi istifadə qaydaları aydın şəkildə
göstərilməlidir. Namizədlərin pulsuz efir vaxtından sərbəst istifadə, öz
platformalarını məqbul saydıqları formalarda təqdim etmək imkanları
olmalıdır.
8.Seçki Məcəlləsinə və “Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna
seçkilər dövründə sərbəst toplaşmaq azadlığına təminatların, inzibati
orqanlarının bu sahədə vəzifələrinin daha da konkretləşdirilməsini
nəzərdə tutan müddəalar əlavə olunmalıdır. Inzibati orqanları və seçki
komissiyalarını məlumatlandırmaqla seçicilərlə görüş üçün həm
namizədlər, həm də seçicilər üçün məqbul olan yerləri sərbəst
müəyyənləşdirmək imkanları olmalıdır. Icra hakimiyyətləri tərəfindən
seçicilərlə görüş yerlərinin müəyyən edilməsi praktikasından imtina
edilməlidir.
9.Seçki şikayəti institutu təkmilləşdirilməlidir. Ekspert qrupunun
tərkibinin müstəqil və peşəkar hüquqşünaslardan təşkil edilməsi və
ekspert qrupunun müstəqilliyinin təmin edilməsi bu istiqamətdə ilk
tədbir olmalıdır. Seçki şikayətlərinin məhkəmə araşdırmasının
obyektivliyi təmin edilməlidir.
10.Seçki günü, xüsusilə səsvermə, səslərin sayılması və
protokollaşdırılması mərhələləri üzrə əksər proseduraların səsvermənin
nəticələrinə təsir göstərən pozuntularla keçirilməsi praktikasına son
qoyulmalıdır.
11.Dövlət orqanlarının seçkilərə müdaxiləsinin qarşısının alınması
üçün siyasi iradə nümayiş etdirilməli, seçki hüquq pozuntusu törətmiş
bütün şəxslər məsuliyyətə cəlb edilməlidir. Seçki pozuntularına görə
sanksiyalar sərtləşdirilməlidir.
AMİD Nağıyev
Short URL: http://www.cumhuriyyet.net/?p=3385