Tələbələr hökumətdən narazıdırlar
Dövlət xətti ilə Türkiyyədə təhsil alan tələbələr Azərbaycan hökuməti tərəfindən
onlara ödənilən təqaüdlərin 3 aydan bir onların hesablarına
köçürülməsindən narazılıq edirlər
Türkiyədə dövlət xətti ilə təhsil alan tələbələr Azərbaycan hökuməti
tərəfindən onlara ödənilən təqaüdlərin gecikdirilməsindən və bu
təqaüdlərin 3 aydan bir onların hesablarına köçürülməsindən narazılıq
edirlər. Tələbələr bildiriblər ki, onlar təqaüdlərini Beynəlxalq Bankda
fərdi qaydada açdıqları hesablar vasitəsilə 3 aydan bir alırlar:
“2013-cü ilin mart ayından sonra təqaüdləri cəmi bir dəfə – noyabr
ayının ortalarında 6 aylıq almışıq. Yəni əvvəl təqaüdlər 3 ayda bir dəfə
köçürülürdüsə, indi təqaüdlər 6 ayda bir dəfə köçürülür. Yeni dərs ili
başlayanda təqaüdə çox ehtiyaçımız olur. Ancaq sentyabrda nə qədər
gözləsək də, təqaüdlər hesabımıza köçmədi, noyabrda köçdü. Yeni il
başlayıb, ancaq hələ də keçən ilin son rübünün təqaüdünü almamışıq”.
Türkiyə
hökumətinin onlara təqaüdlərini hər ayın 25-də verdiyini deyən
tələbələr Azərbaycan hökumətinin də onlara təqaüdlərini aylıq verməsini
istəyirlər.
Təhsil Nazirliyindən isə məsələyə münasibət
bildirərək deyiblər ki, nazirliyin 9 sentyabr 2003-cü il tarixli 781
nömrəli əmrinə əsasən, hər tədris ilinin sonunda tələbələr təhsil
göstəricilərinə dair ali məktəb tərəfindən verilən rəsmi sənədləri
təqdim etməklə nazirlikdə qeydiyyatdan keçməlidirlər. Qeydiyyat iyun
ayının əvvəlindən oktyabrın sonuna qədər aparılır. Qeydiyyat nəticəsində
növbəti tədris ili üçün təqaüd almaq hüququna malik olan tələbələrin
siyahısı müəyyən olunur. Qeydiyyatdan keçməyən və akademik göstəriciləri
aşağı olan tələbələrin təqaüd və yol xərcləri növbəti tədris ili üçün
dayandırılır.
Nazirlikdən bildiriblər ki, 2013-cü ilin 2-ci rübü
ərzində dövlət xətti ilə təhsil alan tələbələrə aprel, may və iyun
ayları üçün nəzərdə tutulan təqaüdlər ödənilib. Növbəti iki rübün
(iyul-dekabr) təqaüdləri isə qeydiyyat sona çatdıqdan sonra tələbələrin
hesabına köçürülüb. Nazirlik hesab edir ki, təqaüdlərini vaxtında
almaları üçün tələbələrin qeydiyyat prosesinə daha məsuliyyətlə
yanaşmaları vacibdir.
Təhsil Nazirliyi Azərbaycan tərəfinin
Türkiyədə təhsil alan tələbələrimizə təqaüdləri aylıq verməməsinin
səbəbini isə belə izah edib ki,dövlət xətti ilə təhsil alan tələbələrin
maddi durumuna dəstək məqsədilə Azərbaycan Təhsil Nazirliyi tərəfindən
təqaüdlər hər ayın sonu deyil, hər rübün başlanğıcında üç aylıq verilir.
Həmçinin, bir çox proqramlardan fərqli olaraq, dövlət xətti ilə təhsil
alan tələbələrə yay tətilləri dövründə də aylıq təqaüdlər ödənilir. 1
dekabr 2000-ci il tarixində Azərbaycan Təhsil Nazirliyi ilə Türkiyənin
Milli Təhsil Nazirliyi arasında təhsil və elm sahələrində əməkdaşlıq
haqqında imzalanmış protokola əsasən, Türkiyənin ali məktəblərində
təhsil alan Azərbaycan vətəndaşları üçün ildə bir dəfə gediş-gəliş
məqsədilə lazım olan yol xərcləri Azərbaycan, digər xərclər isə
(tələbələrə aylıq təqaüd, yerləşdirmə, yemək və ölkədaxili nəqliyyat
xərcləri) Türkiyə tərəfindən ödənilir.
Nazirlikdən qeyd edilib
ki, sözügedən protokolda müəyyən olunmasa da, tələbələrimizə dəstək
məqsədilə Azərbaycan hökuməti onlara Nazirlər Kabinetinin 31 may 2010-cu
il tarixli 101 nömrəli qərarına əsasən, təhsil səviyyələrinə
(bakalavriat və magistratura üçün 100, doktorantlar üçün 200 ABŞ
dolları) müvafiq olaraq aylıq təqaüdlər verir.
Short URL: http://www.cumhuriyyet.net/?p=3391