Zakir Fərəcovun Ağamirzə Əhmədovla “bazar” əməliyyatı – bir güllə ilə iki dovşan…

06.10.2015 - 00:11

Zakir FərəcovSumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov “Gənclər şəhəri”ndə bütün cəbhə boyu əməliyyatlar keçirir. Sumqayıtdan bələdiyyə sədri kimi ayrılan və hər zaman burda rəhbər olmaq arzusunda olan Fərəcovun ilk hədəflərindən biri də 8-ci mikrorayonda fəaliyyət götərən və camaat arasında “ucuz bazar” kimi tanınan kənd təsərrüfatı məhsulları yarmarkası oldu. İcra başçısı yarmarkanın mövcud durumundan, təmizlik və təmir səviyyəsindən narazı qaldığını əsas gətirərək bu məkanın fəaliyyətinə xitam verdi.

İcra hakimiyyətinin ilkin açıqlamasında bildirildi ki qeyri-müəyyən vaxta qədər fəaliyyəti dayandırılan yarmarka ərazisində əsaslı təmir işlərinin görüləcəyi, təmizlik-sanitariya baxımından yenidən qurulacağı planlaşdırılır. Yarmarka ərazisində təmir prosesi başa çatana qədər sözügedən yarmarkanın Hacı Zeynalabdin qəsəbəsində fəaliyyət göstərməsi qərara alınıb. Lakin yarmarkanın müvəqqəti olaraq Hacı Zeynalabdin Tağıyev qəsəbəsində fəaliyyət göstərəcəyi ilə bağlı qərar əksər şəhər sakininin ürəyincə olmayıb. Belə ki, şəhərin mərkəzində fəaliyyət göstərən yarmarkanın şəhər kənarına köçürülməsi praktiki olaraq əksər vətəndaşları bu yarmarkadan faydalanmaq imkanından məhrum edib. Vətəndaşlar hesab edir ki, təmir prosesinin tezliklə başa çatdırılması və yarmarkanın əvvəki yerində açılışı daha arzuediləndir. Onu da bildirək ki, yarmarkanın bağlandığı gün burda çalışan onlarla vətəndaş etiraza qalxmış və polislə qarşıdurma yaşanmışdı.

Fərəcovun qəzəbinə tuş gələn kənd təsərrüfatı məhsulları yarmarkası ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Sumqayıt şəhər icra hakimiyyətindəki mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, əslində antisanitariya və şəraitsizlik yarmarkanın bağlanması üçün bəhanədir: “Gerçək səbəb tamam başqadır. Sumqayıt şəhərində kənd təsərrüfatı məhsulları yarmarkası ölkənin bir çox yerlərindəki yarmarkadan həm şəraitinə, həm də təmizliyinə görə üstün idi. Düzdür burda ideal sanitariya qaydalarına əməl olunduğunu demək olmazdı. Amma bu yarmarkadakı vəziyyət Z.Fərəcovun dünənədək rəhbərlik etdiyi Abşeron rayonunun mərkəzi Xırdalan şəhərindəki yarmarkadan qat-qat yaxşı idi. Yəni, cənab başçı kənd təsərrüfatı məhsulları yarmarkasındakı sanitariya və şərait məsələlərindən narahat olsaydı bunu elə Abşeronda gerçəkləşdirərdi.”

Bütün bunlar haqda danışan mənbəmiz sözügedən obyektin bağlanmasının gerçək səbəblərinin tam başqa olduğunu bildirdi. Bu səbəblərə keçməzdən öncə isə bildirək ki, Sumqayıtdakı kənd təsərrüfatı məhsulları yarmarkasındakı qiymətlər Mərkəzi Bazardakı qiymətlərdən ucuzluğuna görə kəskin fərqlənirdi. Sosial baxımdan imkanlı olmayan Sumqayıt əhalisi həftəlik bazarlığını burdan edirdi, bu isə Mərkəzi Bazarın ümumi ticarət dövriyyəsini azaldırdı. Rəsmi açıqlamanın arxasında duran real səbəblər haqda danışan mənbə də cumhuriyyet.az-a məlumatında məhz bu məqamın üzərində dayandı: “Yarmarkanın ləğvində ən çox maraqlı olan şəxs Mərkəzi Bazarın rəhbəri, qalmaqallı “Karvan” Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhmədov idi”. Əgər bu məqama A.Əhmədovla Zakir Fərəcovun qohumluğunu (Ağamirzə Əhədov Zakir Fərəcovun qardaşı Nazim Fərəcovun qudasıdır) da əlavə etsək tam mənzərə gözümüz önündə canlanar. Artıq A.Əhmədov tərəfindən yarmarkada çalışanlara müəyyən təkliflər də irəli sürülür. Bu təkliflərə görə həmin şəxslərə icarəhaqqı istənilmədən yerlər təqdim olunub. Mənbəmiz, yarmarkanın əvvəlki yerinin taleyi haqda da, maraqlı məlumatlar söylədi: “Kənd təsərrüfatı yarmarkasının yerləşdiyi məkanda hündürmərtəbəli binaların tikintisinə başlanılacağı gözlənilir. Artıq bu yerə müştəri çıxan tikinti şirkəti də var. Belə olan halda yarmarkanın tamamilə ləğv edilməsi istisna olunmur”.

Bütün baş verənlərə bir faktı da əlavə edək ki, Sumqayıtdakı kənd təsərrüfatı yarmarkasının qeyri-rəsmi sahibi Sumqayıt Şəhəri İcra Hakimiyyəti başçısının müavini, Sərhəd Qoşunları Xidmətinin rəisi Elçin Quliyevin qardaşı Akif Quliyev idi. Bu yarmarkadan başqa həm də Sumqayıtdakı “ət bazarı”nı əldə saxlayan A.Quliyev Eldar Əzizovun dönəmində məğlubedilməzlik imici qazanmışdı. Bu baxımdan Z.Fərəcov “yarmarka əməliyyatı”nda bir güllə ilə iki dovşan vurmuş oldu: həm şəxsi maraqlarını təmin etdi (qohumu A.Əhmədovun bazarı önə çıxdı və tikinti şirkətinə satmaq üçün böyük bir ərazi yarandı), həm də general qardaşı olan A.Quliyevin timsalında Sumqayıtın digər oliqarxlarına əzələ nümüyiş etdirmiş oldu.

Çingiz Coşqun

Short URL: http://www.cumhuriyyet.net/?p=33911

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930