Hakimiyyətdaxili “devlər savaşı”

14.01.2014 - 19:36

Ziya Məmmədov Tağı Əhmədova uduzdu

 

Azərbaycan Nəqliyyat Nazirliyi artıq Bakıda ictimai nəqliyyatda gediş
haqlarının kartla ödənişi sisteminin tətbiqinə başlayıb. Kartların
qiyməti 3 manatdır. Bunun 2 manatı sığorta depozitidir, 1 manatı isə
balansa yüklənilir. MasterCard bazasında Bank of Azerbaijan tərəfindən
buraxılan 450 min kart köşklərdə satılır. Maraqlıdır ki, uzun müddətdir
ki, nəqliyyat sistemində vahid gediş kartının tətbiq olunması ilə bağlı
müzakirə gedirdi. Və Nəqliyyat Nazirliyi tərəfindən Bakı Metropoliteninə
nəqliyyatda vahid kart sisteminin tətbiq olunması da təklif olunmuşdu.
Amma hələ bu müzakirələr başlayan zaman Bakı Metropoliteninin rəisi Tağı
Əhmədov buna etiraz etmişdi. T.Əhmədov qeyd etmişdi ki, vahid gediş
kartının tətbiqi ilk növbədə texniki səbəblərdən mümkün deyil.

İki dövlət qurumu arasında gedən mübarizədən isə yenə itirən vətəndaş
oldu. Çünki metropolitendən istifadə edənlərin əksəriyyəti gün ərzində
şəhərdaxili avtobusların xidmətlərindən də yararlanır. Belə olan halda
isə vətəndaş üzərində iki kart gəzdirməli olacaq. Bu isə vətəndaşın
cibinə girməkdir. Bəs nəqliyyatda vahid kart sisteminə keçid mümkün
idimi? Bu sual ilə ekspert Osman Qunduza müraciət etdik. Nəqliyyat
Nazirliyi tərəfindən avtobuslarda ödənişlərin elektron formada həyata
keçirilməsiylə bağlı atılan addımları təqdirəlayiq sayan O.Qunduz
vurğuladı ki, amma vətəndaş üçün nəqliyyatda vahid kartın tətbiqi daha
düzgün olardı: “Vətəndaşın maraqları baxımından həm metropolitendə, həm
avtobusda gediş haqqına, həm də sosial ödənişlərə görə vahid bir kartın
tətbiqi daha yaxşı olardı. Amma avtobuslarda tətbiq olunan kartların heç
olmasa viza və master kart sistemlərinə inteqrasiya olunması daha yaxşı
olardı”.

Texniki cəhətdə nəqliyyatda vahid kartın tətbiqinin mümkün olduğunu
deyən O.Qunduz vurğuladı ki, əgər rəhbər qurumlar arasında anlaşma
olsaydı, bunu asanlıqla reallaşdırmaq olardı: “Ölkədə elektron hökumət
qurulursa bu istiqamətdə səmərəli addımlar atılmalıdır. O zaman belə
çıxır ki, sabah dəmiryol nəqliyyatında tamamamilə ayrı kart sistemi
tətbiq olunmalıdır. Ona görə bu addımlar ölkədə vahid elektron hökumətin
qurulması qaydalarına düz gəlmir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=3403

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031