Əvəz Zeynallı “Yeni Cumhuriyyət”dən dövlət başçısına müraciət etdi
Əvəz
Zeynallı: “Cənab İlham Əliyevə, onun həyat yoldaşı Mehriban Əliyevaya muraciət
edirəm – adil olun, ədalətli olun, hec olmasa gündə 3-4 məhbusun sənədlərini
şəxsən özünüz oxuyun”
“Əfv
ərizəsini nə cür yazmaq? Yazım ki, sizin deputatınız, aparatınızın rəhbəri və
şöbə müdiriniz məni şərləyib tutdurublar? Bu hörmətli cənab prezidentə həqarət
olmazmı?”
“Bu sualları cavablandırdığım gün həbsimin
uzərindən 777 gün keçir. 9 illik təqvimin qalan günləri isə 2600 gündür”
“Yeni Cumhuriyyət” qəzetinin müsahibi “Xural” qəzetinin
baş redaktoru, 10 saylı cəzaçəkmə müəssisəsinin məhbusu və nəhayət
AZAD SÖZ ADAMI və SÖZÜN AZAD ADAMI Əvəz Zeynallıdır.
(əvvəlini burdan oxu: http://www.cumhuriyyet.net/eks/3307-lham-eliyevin-adi-gelende-salavat-chevirirler.html
)
“İnanıram ki, azad mətbuatı yaradacağıq və həqiqi 4-cü hakimiyyəti
quracağıq”
– Bu an azadlığa
çıxsaydınız bir insan kimi və jurnalist kimi ilk gördüyünüz iş nə olardı? Yoxsa
siz də hüquq müdafiəçisi olacaqsınız?
– İnsan kimi görəcəyim ilk iş evimə çörək almaq, sonra Gəncəyə yola
düşmək olacaq. Gəncə “İmamzadə”sində Atam, Babam və Nənəm bir məzarda
uyuyurlar. Onları ziyarət edəcəyəm. Sonra İlhamla Fərizəni, müqəddəs
şəhidlərimizi, Şıx Əli Qurbanovu, Əbülfəz Elçibəyi, Zərifə Əliyevanı, digər
dövlət xadimlərini, Elmar Hüseynovu, Rafiq Tağını, Nəcəf Nəcəfovu, Mübariz İbrahimovu ziyarət
edəcəyəm. Azadlığı üçün çalışdığım və dua etdiyim Ramil Səfərovla görüşəcəyəm,
yaxın qohumları ziyarət edəcəyəm, mən həbs olunandan sonra Milli Parka mənsiz
getməyə etiraz edən Xəyyamla parka gedəcəm… Jurnalist kimi görəcəyim işlər
isə daha çoxdur. Mətbu monopoliyanın yarılması üçün savaşı davam etdirəcəyəm.
Mən azad və müstəqil söz adamıyam. “Xural”ı təkrar və gündəlik nəşr
etməyə çalışacağam. Eyni zamanda ” Xural” TV-nin açılması üçün səy
göstərəcəm. Redaktorlar Birliyi və Müstəqil Yazarlar Təşkilatının
təşkilatlandırılmasına başlayacağam. Təbii ki, medianın alternativ
maliyyələşdirmə mənbələri, medianın alternativ yayım şəbəkəsinin qurulması məni
burada da düşündürür. Elə o işlərin həllini qarşıya məqsəd qoymuşdum.
Redaktorlar Birliyi necə möhtəşəm fəaliyyət göstərirdi. Maraqlıdır ki, mən həbs
olunan kimi Redaktorlar Birliyi də dayandı. Mən həbs olunan gün Redaktorlar
Birliyi toplanmışdır. RB “Xural” ətrafında yaranan ajiotaja görə
bəyanət verdi və təxminən 5 saat sonra məni oğurlayaraq həbs etdilər. O gün RB
– nin iclasında təxminən 20 adam-redaktor iştirak edirdi. Bu heyət bir də mən
həbs olunandan sonra bir dəfə toplandı və hər sey bitdi. Niyə? RB-nin son
iclasında iştirak edən bütün həmkarlarıma səslənirəm: niyə toplanmırsınız? Sizi
bir araya Əvəz Zeynallı toplamışdısa, o zaman onu layiqincə mudafiə edin, yox,
özünüz mətbu dərdi çəkmək üçün yığılmışdınızsa o zaman o dərdi cəkməyə davam
edin. Jurnalist kimi ilk işim həm də
RB-nin iclasında iştirak edənlərdən bu sualıma cavab istəmək olacaq! Yox, hüquq
müdafiəçisi olmayacağam. Onsuz da hər zaman insanların hüquqlarını müdafiə
etmişəm, indən sonra da edəcəyəm. Ancaq təbii ki, həbsxanalarla, burada
cəza çəkən minlərlə günahsız insanlarla bağlı düşüncələrim və konkret
fəaliyyətim olacaq. Bir seyə çox təəccüblənir və təəssüflənirəm. Həbsdən
çıxanlar bu problemlərlə niyə məşğul olmurlar? Olmağa çalışacağam!
– Vaxtilə “Mənim
Savaşım” kitabını dərc etmişdiniz. İndi Əvəz Zeynallının özünün savaşı
varmı və bu savaş kimə və nəyə qarşıdır?
– Mənim Savaşım kiçik mənada 1991-ci ildən başlayıb və 23 ildir davam
edir. Heç vaxt jurnalist olmaq istəməmişəm. Mən ərəb dili mütərcimi olmaq və bu
olkədən getmək istəyirdim. Mənim Atam o zamandan bu ölkədə ədalətin
olmadığını deyirdi və bilirdi. Sonra hüquqsünas oldum. Türkiyədə, Ankarada
oxudum. 2000-ci ildən Azərbaycanda azad media qovğasına qatıldım və bu qovğa
hələ də davam edir. O zamanlar müstəqil və namuslu qələmlər çox idi.
Savaş o qədər hiss olunmurdu. Zaman keçdikcə, müstəqillər sıradan
çıxdıqca mənim savaşım böyüdü və ömrümü, həyatımı bürüdü. Mən güman ki, indən
sonrakı həyatımı Azərbaycanda azad sözün qalib gəlməsinə həsr edəcəyəm.
İnanıram ki, azad mətbuatı yaradacağıq və həqiqi 4-cü hakimiyyəti quracağıq.
Ona da inanıram ki, Azərbaycanı həqiqətən bir dünya dövləti etmək
mümkündür və biz bunu bacara bilərik. Öncə mətbuat – Azad və Müstəqil mətbuat!
“Çox cəsur, çox iddialı və çox imkansız qəzet olmuşuq”
– Baş redaktor kimi yox,
bir oxucu kimi “Xural” qəzeti haqqında fikirləriniz nədir?
– Çox yaxşı qəzet çıxarmışıq. Çox cəsur, çox iddialı və çox imkansız
qəzet olmuşuq. Çox xırda qüsurlar nəzərə alınmasa – ki, bunlar həmişə olur –
mümkün şərtlər çərçivəsində olması gərəkəni etmisik
– Həbsxanada kitab,
xatirələr və ya gündəlik yazırsınızmı?
– Hazırda 3 kitab uzərində işləyirəm. Biri də tərcümədir.Təbii ki,
müəyyən imkanlar olsa, daha çox işlər görə bilərəm. Ancaq adı üstündə – bura
həbsxanadır. Hər istədiyini edə bilmirsən. Bu sualları cavablandırdığım gün
həbsimin uzərindən 777 gün keçir. 9 illik təqvimin qalan günləri isə 2600
gündür. Bu ilin sonuna isə 18 gun qalır. Təbii ki, əsas gücü və ağırlığı
gündəliklərin üzərinə salmışam: “Selcanın məmləkəti”nin. Orada hər
şey var – elə bil gundəlik “Xural”dir. Sanki hər gunki köşə yazılarımın
cəmidir. İnanıram ki, “Selcanın məmləkəti” təkcə ölkəmizdə yox,
ölkəmizdən kənarda da əsas qaynaqlardan biri olacaq. Bu həm də Azərbaycan
həbsxanalarından çıxacaq ilk kapsamlı gündəlik olmalıdır. Günü-gününə, anı- anına.
Hər şey burada var, olacaq…
“Bura həm də insan uçun ciddi bir akademiya oxumaq
kimi bir şeydir”
– Kiminlə dostluq,
yoldaşlıq edirsiniz?
– Taleyin işinə baxın. Mən “zon”a
duşəndə məni bir həmkəndlim və bir dostum qarşıladı. Həmkəndlim həm də Agbulaqda
orta məktəbdə oxuyanda mənim muəllimim olub – Vəli Hüseynov. Təxminən 30-35 il
bundan əvvəl və mən elə o qədər vaxtdır Vəli muəllimlə görüşmürdüm. Onunla məni
qarşılayan isə Azərbaycan siyasətinin yaxşı tanıdıgı, “Xural”ın dostu
Nəsimi Hüseynovdur. Nəsimi Hüseynov həm də İqbal Ağazadənin 2005-ci ildə seçki
qərargahının sədri olub və məni təəccub bürüyüb ki, İqbal Ağazadə niyə indiyə
kimi həbsdə olan keçmiş muavinini mudafiə etməyib? Onu da başqa biri şərləyib. Qarabağ
müharibəsinin əfsanəvi isimlərindən biri Oruc Məmmədov da burdadır -Xocalıdan
meyitləri cıxaran qəhrəman. Anar Abbasov var – İqtisadi İnkişaf Nazirliyinin
sabiq işçisi, “Bərəkət-AN”ictimai birliyinin təsisçisi. Muxtar
Vəliyev var – “2009-cu ilin memarı” mükafatının qalibi. Adını çəkdiyim adamlar
dostluq, yoldaşlıq etdiyim adamlardan sadəcə bəziləridir və sizə daha maraqlı
bir şey deyim – bu adamların hamısı CM-nin 178.3.2-ci maddəsilə həbs olunub.
Hamısının evində azyaşlı uşaqları, evində xəstə adamlar var. Ancaq Gülərdən
fərqli olaraq, dövlət ittihamçıları onların hec birinə yüngülləşdirici səbəblər
və 62-ci maddəni tətbiq etməyib. Prokuror hamısına 10 ildən 15 ilə qədər cəza
istəyib və muvafiq olaraq 8 ildən 13 ilə qədər iş verilib. Ancaq adlarını çəkdiyim
adamların hec birinin “isk”i 1,5-2 milyon dollar deyil. Çox adamın
adını çəkə bilərəm. Çox sakit, insanların bir-birinə hörmət etdiyi
“zon”dur bura. Dustaqlar rəhbərliyə, rəhbərlik dustaqlara hörmət edir
– hərə öz işini bilir. Ziyalı və mədəni muhiti var. Hamıdan hörmət görürəm.
Hamının diqqəti var mənə qarşı – mən də qarşılığını verməyə çalışıram.
– Əfv olunmaq üçün müraciət
etmək təklifi olubmu? Əfv ərizəsi yazacaqsınızmı?
– Bu haqda dəfələrlə münasibət bildirmişəm.
Hec bir zaman Azərbaycan Respublikasının Prezidentinə əfv ərizəsi yazanlara pis
baxmamışam və lazım olarsa, o ərizə yazıla bilər. Sadəcə həmişə mənimlə o
söhbəti edənlərə də demişəm. Nə cür yazmaq? Mən yazım ki, sizin deputatınız,
aparatınızın rəhbəri və şöbə müdiriniz məni şərləyib tutdurublar? Bu hörmətli
cənab prezidentə həqarət olmazmı? Onun aparatının rəhbəri başı, onun şöbə
mudiri, onun deputatı bir gündəlik qəzetin baş redaktorunu şərləyib – mən bunu
əfv ərizəsində qeyd edəcəyəm, etməliyəm. Olarsa, yazmaqda hec bir problem yoxdur.
Muraciət edəcəyəm.
– Saxlanılma şəraitiniz və
səhhətiniz necədir?
– Heç birindən şikayətim yoxdur. Böyük
“zon”dur, bəzən narahatçılıq, yanlış anlaşmalar, gərginliklər olur,
ancaq bunu danışaraq həll edə bilirik. Bu muəssisədə bir çox yeniliklər olur,
onları təqdir edırəm, fikirlərimi, düşüncələrimi acıqca bildirirəm. Səbr və
təmkin öyrənməyə çalışıram. Axı bura həm də insan uçun ciddi bir akademiya
oxumaq kimi bir şeydir və o akademiyada səbr, təmkin öyrənmək dərsləri də var. Səhhətim
normaldır. Bu yaxınlarda qulağım möhkəm ağrıdı və bu təxminən bir ay davam
etdi. Rəhbərlik kənardan həkim gətirmək təklifi belə etdi, qəbul etmədim, keçdi
getdı.Yəni bundan əvvəl saxlanıldığım Baki İstintaq Təcridxanasında da elə
olmağa çalışdım. Burada da elə… Hər şeyin böyüdülməsini istəmirəm.
Problemləri yerindəcə həll etməyə çalışıram və o burada da qalır.
“Yeni Cumhuriyyət”də bir “Xural”
ruhu hiss edirəm”
– Bir AzTV sualı. Həyata
yenidən gəlsəydiniz yenə jurnalist olardınızmı?
– AzTV deyib keçməyin. İndi AzTV bizim bəzi
telekanallardan yaxşı olub. Yəni AzTV-yə şükür edər olmuşuq. Sualınıza gəlincə,
bu mərhələdən sonra, bəli yenə də eyni ömür yaşayardım. Ömrümü müstəqil və azad
mətbuatın təntənəsinə və qalib gəlməsinə verərdim. Biləsiniz ki, elə də olacaq.
Mən ömrümün qalan hissəsini də azad və müstəqil mətbuatın qalib gəlməsinə həsr
edəcəyəm. İnanın azad mətbuat olan yerdə nə bugünkü Azərbaycan, nə də bugünkü
mətbu sfera olacaq. Bu gün gördüklərimizin və tanıdıqlarımızın hamısı tarix
olacaq – ən yaxşı halda. Ona görə bu qədər muqavimət var. Niyə başqa hec bir
sahədə bu qədər həbslər olmur? Hansı peşə var ki, 10 həbsi olsun? Bəs hanı
siyasi muxalifət?! Təhlükə onlar deyil çünki. Onlar inhisara boyun əyiblər.
Mətbuatdır ki, burada monopoliya qurmaq çox çətin işdir. Bir Əvəz Zeynallı
tutacaqsan, min Əvəz Zeynallı çıxacaq…
– “Yeni Cumhuriyyət”
qəzetini oxuyursunuzmu və qəzetimiz haqda fikirləriniz nədir? Daha hansı
qəzetləri oxuyursunuz?
– 4 qəzeti hər gün alıram. Bunlar
“Azadlıq”, “Gundəm Xəbər”, “Bİzim yol” və
“Yeni Musavat” qəzetləridir. Bu qəzetlərdən Azərbaycanı və dunyanı
təqib edə bilirəm və getdikcə bu qəzetlərdə də azad sözün sərhədlərinin
daraldığını təəssüf içində müşahidə edirəm. Hərə bir bəhanə edir, ancaq ciddi
və effektiv müqavimət yoxdur, təşkil edilmir və bu bilərəkdəndir. “Yeni
Cumhuriyyət” qəzetinə gəlincə, bu qəzetin kollektivini və rəhbərliyini
təqdir edirəm, indiyə kimi çıxan bütün saylarını oxumuşam. “Yeni
Cumhuriyyət”də bir “Xural” ruhu hiss edirəm. İnanıram ki, bu cür
davam etsələr ciddi uğurlar qazanacaqlar. Onlara uğurlar arzulayıram…
– Son
olaraq…
– Son olaraq, cənab İlham Əliyevə, onun həyat
yoldaşı Mehriban Əliyevaya muraciət edirəm – adil olun, ədalətli olun, hec
olmasa gündə 3-4 məhbusun sənədlərini şəxsən özünüz oxuyun. İnsanlara ədalətli
mühakimə olunmaları ucun şərait yaradın. Son olaraq, ciddi mətbuata səslənirəm
– həbsxanalar məsələsini gündəminizin birinci sırasına yerləşdirin. Burada
minlərlə günahsız insan və haqq etdiyi cəzadan ağır cəza alan minlərlə məhkum
var. Azərbaycanı həbsxanadan kecməyən insanlar idarə etdikləri üçün həbsxanalar
arxa plandadır. Ancaq Azərbaycan normadan 2 dəfə artıq məhkumu olan ölkədir.
Bunu heç kim unutmamamlıdır. Bu ölkədəki siyasi məhbusların sayı çoxdur… Son
olaraq, özünü mustəqil hesab edən mətbuata səslənirəm – siyasi məhbusları
gundəminizdən heç düşürməyin.Tofiq Yaqublunu, Sərdar Əlibəylini, Fərəməz
Novruzoğlunu, İlqar Məmmədovu, Anar Məmmədlini, Qurban Məmmədovu, Hilal
Məmmədovu, Nicat Əliyevi, Fuad Huseynovu, Möhsüm Səmədovu, Abgül
Süleymanovu,Taleh Bagırzadəni, “Nida”çıları, Nemət Pənahlını,Yadigar Sadıqovu –
142 siyasi və vicdan məhbuslarının tamamını müdafiə edin ve müdafiə
“xalaxətrin qalmasın” olmasın. Son olaraq, “Azadlıq” və
digər müstəqil qəzetlərə olan hücumları pisləyirəm, qınayıram. “Qanun”
nəşriyyatına olan ədalətsiz basqıları pisləyirəm, qınayıram. Bu nəşriyyatın
yeni kitab bazasının formlaşmasında böyük rolu var, onu qorumaq lazımdır.Təyinatlı
deputatların maaş artımına etiraz edirəm. Millət ağır vəziyyətdə yaşayarkən bu
rəvadırmı? İnsanlıqdandırmı? Təbii ki, bütün “son olaraq”lar hələlikdir…
Tanrı Millətimizi qorusun!
Short URL: http://www.cumhuriyyet.net/?p=3418