Ərdoğanın “əl-Qaidə” ilə alveri
Türkiyədən Suriya
istiqamətinə gedən TIR-larda silah-sursat aşkarlanıb
Bu əməliyyat baş
naziri beynəlxalq terror şəbəkəsi ilə bağlamaq planı ola bilər
Yanvarın 19-da
Türkiyə polisi Adana vilayətində Suriya istiqamətində hərəkət edən TIR-ları
saxlayaraq axtarışlar aparıb. Türkiyə qaynaqları xəbər verir ki, günün
ikinci yarısında polislər və jandarmlar Tarsus-Adana-Qaziantep şose yolunda 3
TIR-ı saxlayıb.
Yük maşınlarının
silah-sursat daşıdığı haqda əməliyyat məlumatlarının olduğunu bildirən
təhlükəsizlik qüvvələri əməkdaşları TIR-larda axtarış aparıblar. Axtarış zamanı
uzaq məsafədən partlayıcı qurğunun işə salınmasını əngəlləmək üçün xüsusi
siqnal pozan qurğu yerləşdirilib, mümkün partlama ehtimalına qarşı
təhlükəsizlik tədbirləri görülüb. Jurnalistlər hadisə yerinə yaxın
buraxılmayıb.
TIR-larda aparılan
ilkin araşdırmalardan sonra 3 sürücü əlləri qandallanaraq həbs olunub.
Maşınlarda daha ətraflı araşdırma aparmaq üçün TIR-lar şose yolundan kənara
çəkilib. Rəsmi məlumat verilməsə də TIR-larda silah-sursat aşkarlandığı haqda
xəbərlər var. Daha sonra həmin şose yolunda 4 TIR-da saxlanılıb və axtarışlar
başlayıb. Saxlanılan TIR-ların fotolarını çəkən jurnalistləri polis saxlayıb.
Suriyaya gedən
TIR-larla 17 dekabr həbslərinin bağlılığı
Suriya istiqamətinə
gedən TIR-larda daşınan silah və sursatın qarşısını almaq üçün Türkiyə
polisinin keçirdiyi əməliyyat AKP hökuməti və baş nazir Ərdoğanla ölkənin
polis, prokurorluq və ədliyyə sistemində kifayət qədər möhkəm mövqelərə malik
Fətullah Gülən təriqəti arasında dekabrın 17-dən etibarən kəskinləşən mübarizə
fonunda baş verir.
Bundan əvvəl polis
Adanada Suriyaya gedən TIR-ı saxlamışdı və məlum olmuşdu ki, yük maşınını Milli
İstihbarat Təşkilatının (MİT) əməkdaşları müşayiət edir. Nəticədə TIR-d
axtarışa icazə verilməmişdi və axtarışın aparılması barədə sanksiya çıxaran
prokuror, habelə TIR-ı saxlayan polislər və onların rəisləri dərhal işdən azad
edilmişdilər.
Baş nazir Ərdoğan bu
əməliyyatı ona və hökumətinə qarşı başladılan “çevriliş planının” bir hissəsi
adlandırmışdı.
Baş nazirin dediyinə
görə, TIR Suriyadakı türkmənlərə humanitar yardım aparırdı və onu saxlayaraq
silah axtarmaq istəyənlər hökuməti “əl-Qaidə” ilə işbirliyində ittiham etmək
istəyən qaranlıq qüvvələrə xidmət edir.
Xatırladaq ki,
Suriyada Bəşər Əsəd rejiminə qarşı hazırda “əl-Qaidə”nin iki qolu – “əl-Nusra
briqadası” və “İraq-Şam İslam Dövləti” vuruşur. Bu qruplaşmalar dünyəvilik
tərəfdarı olan müxaliflərin cəmləşdiyi Azad Suriya Ordusuna da hücum edir, eyni
zamanda son vaxtlar bir-birləri ilə də döyüşür.
Türkiyənin Suriya
müxalifətinə dəstəyi
O da sirr deyil ki,
Suriyada Bəşər Əsəd rejiminə qarşı etirazlar başlayandan Ərdoğan və hökuməti
müxaliflərə dəstək verib. Ərdoğan Bəşər Əsədin qanlı əməllərini ən sərt şəkildə
pisləyən siyasi liderlərdən biri olub. Bunda hansısa başqa məqsəd axtarmaq
məntiqli görünməzdi. Çünki Türkiyə Bəşər Əsədin öz xalqını kütləvi qırmasına
haqq qazandıran ölkələr sırasında olsaydı, dərhal nüfuzdan düşərdi.
Suriyada etirazlar
qanlı vətəndaş müharibəsinə keçəndə Türkiyə suriyalı müxaliflər və onların ailə
üzvlərinin sığındığı ölkələrdən biri halına gəldi. Həmçinin Suriyada “əl-Qaidə”
indiki kimi güclü olmayanda ABŞ başda olmaqla Qərb ölkələri Əsədə qarşı döyüşən
Azad Suriya Ordusuna silah, pul, texniki avadanlıqlarla dəstək verirdi. O da
sirr deyildi ki, bu yardımın suriyalı müxaliflərə çatdırılmasında Türkiyə ciddi
rola malik idi.
Vəziyyət dəyişir,
səhnəyə “əl-Qaidə” çıxır
Lakin sonradan
vəziyyət dəyişdi. Başda Səudiyyə Ərəbistanı olmaqla ərəb ölkələrinin güclü
maliyyə dəstəyi sayəsində Suriyada “əl-Qaidə”yə bağlı radikal islamçı qruplar
təşəbbüsü ələ aldı.
Bu günlərdə həmin
qruplar Suriyanın Türkiyə ilə sərhəddəki sərhəd-keçid məntəqələrindən birinə də
nəzarəti ələ alıblar. Suriyanın Türkiyə ilə sərhəd şimal bölgələrinin xeyli
hissəsinə hazırda bu qruplar nəzarət edir. ABŞ və digər Qərb ölkələri isə
Suriya müxalifətinə göndərilən yardımların “əl-Qaidə”nin əlinə keçəcəyindən
ehtiyat edərək yardımları kəsib.
İHH adlı yardım
təşkilatına basqın Ərdoğanı qəzəbləndirir
Və belə bir vaxtda
Türkiyədən Suriyaya gedən və silah-sursat apardığı deyilən TIR-ların
saxlanılması üçün dalbadal əməliyyat keçirilir. Əməliyyatı keçirən polislər
Suriyadakı “əl-Qaidə”çilərə silah daşındığı haqda məlumat əsasına hərəkət
etdiklərini deyirlər.
Yaxud ötən həftə
Türkiyə polisinin “əl-Qaidə”yə qarşı keçirdiyi əməliyyatda İHH adlı humanitar
yardım təşkilatının ofisində axtarış aparılıb. Türkiyə üzərindən Suriyaya
daşınan yardımların böyük hissəsini İHH koordinasiya edir. Bu axtarış dərhal
baş nazir və onun hökuməti tərəfindən pislənildi. İHH vaxtilə Qəzzaya “Mavi
Mərmərə” gəmisində yardım aparan missiyanın əsas təşkilatçısı idi və İsrail bu
təşkilatı “əsas düşmən” olaraq görür.
Korrupsiya və rüşvət
təəcüblü görünmədi
Dekabrın 17-də üç
nazirin oğlu da daxil olmaqla onlarla vəzifəli şəxs, iş adamı həbs olunanda baş
nazir Ərdoğan bunu nə qədər öz hökumətinə qarşı çevriliş planı adlandırsa da
onun arqumentləri tutarlı görünmürdü. Çünki əməliyyatın hansı məqsədlə
keçirilməsindən asılı olmayaraq Ərdoğanın hökumətinin korrupsiya əməllərinə
dair tutarlı dəlillər ortaya çıxmışdı.
11 ildir Türkiyəni
təkbaşına idarə edən AKP-nin ölkədə korrupsiyalaşmış oliqarxiya sistemi
yaratdığı barədə tənqidlər yeni deyildi və son vaxtlar təkcə müxalifət yox,
vaxtilə Ərdoğana güclü dəstək verən Qərb çevrələri də bu haqda açıq
danışırdılar. Ona görə də hökumət üzvlərinin korrupsiyaya bulaşmasına dair
dəlillər açılanda bu, çoxları üçün təəccüblü görünmədi.
Bəs “əl-Qaidə” ilə
Ərdoğanın nə alveri?
Bəs “əl-Qaidə” ilə
Ərdoğanın nə alveri ola bilər? Axı Türkiyənin baş naziri bir vaxtlar Qərbin
“əl-Qaidə” terror şəbəkəsinə qarşı apardığı müharibədə mühüm müttəfiqlərdən
biri idi.
O zaman Türkiyə baş
nazirinin “əl-Qaidə” ilə gizli işbirliyinə dair rəy formalaşdırmaq səylərinin
arxasında nə dayanır? Belə səylər göstərənlər-indiki halda Ərdoğanın əsas
düşməninə çevrilmiş Fətullah Gülən və şəbəkəsinin əlində Ərdoğanla “əl-Qaidə”ni
bir-birinə bağlamaq üçün doğrudanmı hansısa ciddi dəlillər var?
Prokuror Akkaşın
əlindən alınan dosye
Bu suallar hələlik
açıq qalır. Lakin 17 dekabr əməliyyatının ardınca İstanbul cümhuriyyət
prokuroru Muammer Akkaş ikinci korrupsiya və rüşvət həbslərini başlatmağa cəhd
göstərdi. O, onlarla məmur və iş adamından ibarət həbs siyahısı hazırlayıb
polisə verdi. Baş nazir Ərdoğanın oğlu Bilal Ərdoğana isə istintaqa könüllü
gəlmək barədə çağırış vərəqəsi göndərildi, əks halda onun həbs ediləcəyinə dair
xəbərdarlıq edildi.
Prokuror Akkaşın
siyahısında iki şəxs xüsusən diqqəti cəlb edirdi: Səudiyyə Ərəbistanından olan
iş adamları Yasin əl-Kadi və Üsamə Kutub. Söhbət BMT Təhlükəsizlik Şurasının
terroru dəstəkləyən və maliyyələşdirən şəxslərə qarşı sanksiya tətbiq edən
xüsusi komitəsinin siyahısında yer alan şəxslərdən gedir.
M.Akkaşın çıxardığı
həbs sanksiyasının polis tərəfindən icra edilmədiyi və cinayət işi dosyesinin
onun əlindən alındığı barədə artıq xəbər verilib.
“əl-Qaidə”nin əsas
sponsorlarından biri baş nazirin maşınında?
Bu həbs əməliyyatı
baş tutmadı. Ancaq cinayət işi dosyesində yer alan dəlillər çox keçmədən
Fətullah Gülənə yazın mediada, o cümlədən “Taraf” qəzetində yayılmağa başladı.
Baş nazirin və hökumət üzvlərinin hələ də təkzib edilmədiyi belə dəlillərdən
birinə görə, Yasin əl-Kadi “əl-Qaidə”ni maliyyələşdirən şəxs kimi beynəlxalq
axtarışda olduğu, Türkiyəyə girişinin qadağan edildiyi halda istintaqın
başladığı tarixdən – 2012-ci ilin fevralından etibarən həmin ilin sentyabrına
qədər qeyri-leqal yolla dörd dəfə Türkiyəyə gəlib.
Ölkəyə daxil olandan
etibarən onu baş nazirin mühafizə xidmətinin avtomobilləri müşayiət edib. Yasin
əl-Kadinin Ərdoğanın mühafizə xidmətinin avtomobilinə mindiyini onu izləyən əməliyyatçılar
qeydə alıblar.
Daha sonra baş
nazirin oğlunun necə izlənildiyinə dair dəlillər yayıldı və məlum oldu ki,
Bilal Ərdoğan “əl-Qaidə” ilə əlaqəli digər ərəb iş adamı Üsamə Kutubla
İstanbuldakı otellərin birində görüşüb. Bu görüşün fotoları da yayıldı. Nə baş
nazir, nə də hökumət rəsmiləri həmin görüşlə bağlı iddialara şərh vermir.
Baxmayaraq ki, söhbət kifayət qədər ciddi kompromatlardan gedir.
Ərdoğan onun adının
“əl-Qaidə” ilə hallandırılmasını ümumi şəkildə, sözügedən kompromatların
üstündən keçərək Qərb ölkələri səfirləri ilə toplantıda şərh edib. “Bizim
“əl-Qaidə” ilə, filanla işimiz olmaz” – deyib.
Bəs o zaman Yasin
əl-Kadi kimdir və onu Ərdoğanla nə bağlayır?
Tam adı Yasin
Abdullah İzzəddin əl-Qadi olan səudiyyəli bu iş adamı 1955-ci ildə Ciddə
şəhərində milyonçu ailəsində anadan olub. Qahirə Universitetini bitirdikdən
sonra Çikaqoya gedib və memarlıq təhsili alıb. Səudiyyə Ərəbistanı kralı ilə
yaxın bağları olan dövlət naziri Şeyx Əhməd Salih Jomjomun kürəkənidir.
1981-ci ildən
etibarən əl-Kadi ABŞ-da iri biznesə başlayıb, Nyu-Cersi ştatında böyük şəriət
bankı açıb, mənzil-qərargahı Ciddədə yerləşən “Jamjom Group” holdinqinin
vitse-prezidenti olub. Birləşmiş Ştatlarda geniş biznes şəbəkəsi quran əl-Kadi
xeyriyyəçiliyə də başlayıb və “Muwafaq Foundation” adlı xeyriyyə fondunu
qurub.
Yasin əl-Kadinin adı
“əl-Qaidə” ilə bağlı şəxs kimi ilk dəfə 1998-ci ildə çəkilib. Həmin il ABŞ
Federal Təhqiqatlar Bürosunun (FTB) hazırladığı hesabata əsasən Yasin əl-Kadi
ABŞ-da daşınmaz əmlak biznesi ilə məşğul olaraq qazandığı çirkli pulların bir
hissəsini “Həmas” terror təşkilatına ötürür. Həmçinin FTB hesabatlarına görə,
o, 90-cı illərin əvvəllərində Bosniyada serblərə qarşı döyüşən radikal qrupları
maliyyələşdirirdi.
* * *
FTB-nin hesabatına
görə, Yasin əl-Kadi 1998-ci ilin yanvarından avqust ayına qədər Cenevrədəki
bank hesablarından Türkiyədə “əl-Qaidə”yə bağlı “Maram” adlı şirkətə 1,25
milyon dollar köçürüb. Bu köçürmələrin bank sənədləri “Wall Street Journal”
qəzetində yer alıb.
Həmin şirkətin
sahibi olan Mamduh Mahmud Selim adlı şəxs “əl-Qaidə”nin təsisçilərindən və
təşkilatı silahla, pulla təmin edənlərdən biri olub.
1988-ci ildə Yasin
əl-Kadi ABŞ-ın Keniya və Tanzaniyadakı səfirliklərində “əl-Qaidə” tərəfindən
törədilən partlayışlarla əlaqəli şəxs kimi FTB tərəfindən istintaq altına
alınıb. FTB həmin partlayışın təşkili üçün pulların bir hissəsinin “Çikaqodakı
qüdrətli səudiyyəli biznesmen Yasin əl-Kadi tərəfindən göndərildiyinə” dair
dəlillər əldə etmişdi.
Lakin FTB rəhbərliyi
bu dəlillər əsasında iş adamına qarşı cinayət işinin qaldırılmasına icazə
verməyib.
* * *
Yasin əl-Kadinin
“əl-Qaidə” ilə bağlılığına dair internetdən vaxtilə Qərb mənbələrində yer almış
digər çoxsaylı dəlillər də tapmaq mümkündür. Nəhayət, 2001-ci il 11 sentyabr
hücumlarından sonra ABŞ Yasin əl-Kadini “əl-Qaidə”ni maliyyələşdirən 27 əsas
şəxs siyahısına daxil edərək onun bütün aktivlərini dondurdu.
Avropa İttifaqı da
bu sanksiyaları dəstəklədi, daha sonra BMT Təhlükəsizlik Şurasının xüsusi
komitəsi Yasin əl-Kadini terroru maliyyələşdirən şəxslərdən biri kimi xüsusi
siyahıya saldı. Buna baxmayaraq ABŞ hüquq-mühafizə orqanları kifayət qədər
dəlillər tapa bilmədiyindən Yasin əl-Kadiyə qarşı cinayət işi qaldıra
bilməmişdilər.
Yasin əl-Kadi
müsahibələrində təsdiq edir ki, 80-ci illərin əvvəllərində Üsamə bin Ladenlə
görüşüb. Lakin o həmin vaxt bin Ladenin ABŞ-a düşmən olmadığını iddia edir.
“Wall Street
Journal” 2007-ci ildə yazıb ki, Yasin əl-Kadi Türkiyədəki güclü əlaqələrinin
sayəsində beynəlxalq sanksiyalardan yayına bilib. 11 sentyabr terror
hücumlarının ardınca o çoxsaylı şirkətlərini formal olaraq başqa şəxslərin
adlarına keçirib, aktivlərinin xeyli hissəsini Türkiyəyə yatırıb. Qəzet yazırdı
ki, Yasin əl-Kadi baş nazir Ərdoğanla ailəvi dostdur.
Ərdoğan həmin il
adının “əl-Qaidə”çi ilə hallanması ilə bağlı demişdi ki, Yasin əl-Kadi
“xeyirxah iş adamıdır” və terrorçu deyil: “Mən ona özüm kimi inanıram”.
* * *
Yasin əl-Kadi güclü
vəkillər tutaraq məhkəmələrdə ona qarşı tətbiq olunan sanksiyaların ləğvinə
nail ola bilib. Nəhayət, 2012-ci ilin sonlarında onun adı beynəlxalq terroru
dəstəkləyən şəxslərin siyahısından çıxarılıb. Buna baxmayaraq ABŞ xüsusi xidmət
orqanları Yasin əl-Kadinin fəaliyyətini izləməkdədir. O, aktivlərinin xeyli
hissəsini Türkiyədə yerləşdirib və iddialara görə, Ərdoğan ailəsi ilə ortaq
biznesə malikdir.
Ərdoğanın oğlu ilə
gizli görüşən digər ərəb iş adamı Üsamə Kutub isə misirlidir. O, Yasin
əl-Kadinin sağ əli hesab edilir. Üsəma Kutub Türkiyədə “Bosphorus 360” adlı
maliyyə-konsaltinq şirkətinin direktorlar şurasının rəhbəridir. Onun da adı
“əl-Qaidə”ni maliyyələşdirən şəxslər siyahısında yer alıb və beynəlxalq
axtarışda olan şəxs kimi Türkiyəyə girişi qadağan idi. Buna baxmayaraq Üsamə
Kutubun dəfələrlə qeyri-leqal şəkildə Türkiyəyə gəldiyi və baş nazirin oğlu ilə
görüşdüyü təsbit olunub. Həmçinin Bilal Ərdoğanla Ü.Kutub arasında telefon
danışıqları internetə yayılıb.
Ərdoğanı siyasətdən
silmək istəyənlər daha ciddi kompromatlar aça bilərlər
Beləliklə, Ərdoğan
və hökuməti üçün heç də korrupsiyadan az qorxulu olmayan ittihamlar ortadadır.
“əl-Qaidə”nin əsas maliyyəçilərindən biri hesab edilən şəxslər onun mühafizə
xidmətinin müşayiəti ilə gəzir və oğlu ilə görüşür, iş müzakirələri aparır. Və
bütün bunlar hələ də tutarlı şəkildə təkzib olunmur.
Görünür, Ərdoğanı
siyasi səhnədən silmək üçün düyməyə basan qüvvələr Türkiyənin özünü ərəb
coğrafiyasının şəriksiz lideri kimi görən baş nazirinin barəsində daha ciddi
kompromatlara malikdirlər. Əgər vaxtilə onun siyasəti həmin qüvvələrin
maraqları ilə uzlaşırdısa, indi vəziyyət dəyişib…
F.Məmmədov,Virtualaz.org
Short URL: http://www.cumhuriyyet.net/?p=3431