Cəlilabad rayon icra başçısına şok ittihamlar
YAP üzvü
prezidentə müraciət edib: “Əziz Əzizov anamın qərbi olan abidəni şərikinin
mülkiyyətinə verib”
YAP üzvü
prezidentə müraciət edib: “Əziz Əzizov anamın qərbi olan abidəni şərikinin
mülkiyyətinə verib”
Cəlilabad rayonu Üçtəpə kənd sakini, Yeni
Azərbaycan Partiyasının (YAP) üzvü Ramiz Yarıyev rayonda baş verənlərlə
əlaqədar prezident İlham Əliyevə müraciət edib. YAP üzvü müraciətində qeyd edir
ki, Cəlilabad rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov 2006-cı ildən ona
qarşı kin nümayiş etdirir. Şikayətçinin sözlərinə görə, buna səbəb Heydər
Əliyevin torpaq islahatlarına əsasən ümumi istifadəyə aid edilən və
bələdiyyənin mülkiyyətinə aid olan, habelə üç insan qəbrinin abidəsi və onlarla
yanaşı dəfn edilən anasının qəbrinin abidəsini qanunsuz olaraq alver etdiyi
dostu Paşayev Əhmədağanın mülkiyyətinə verməsidir.
Surəti “Yeni Cumhuriyyət”ə göndərilən şikayət
məktubunda deyilir: “2006-cı ildən başçı təyin edilən Əziz Əzizov ona etimad
göstərilən səlahiyyətlərdən istifadə edərək rayonun kabusuna çevrilib. Bu gün də onun məkrli siyasəti
davam edir”. YAP üzvü Ramiz Yarıyev daha sonra qeyd edib ki, 2006-cı ildən
rayon başçısı təyin edilən Əziz Əzizov Azərbaycan şəhidlərinin qanını da özünün
məkrli siyasətinə qurban verib: “Belə ki, Cəlilabad rayon Hərbi Komissarlığının
verdiyi arayışa əsasən N saylı hərbi hissəsinin 537 nömrəli məktubuna əsasən
Mürəslov Mirəjdər Mirşamil oğlunun elektrik cərəyanının vurması səbəbindən
öldüyü deyilir. Ancaq icra başçısı elektrik vurması səbəbindən vəfat edən şəxsə
saxta şəhidlik statusu verilməsini təmin edib. Mürsəlov Mirşamil Miradil oğlu
ilə yaxın münasibətdə olan icra başçısı ondan yalançı şahid kimi istifadə edib.
Hörmətli prezident, Mürsəlov Mirşamil Heydər Əliyevin yenidən hakimiyyətə
gəlməsinə qarşı olub, eləcədə Əlikram Hümbətovun qanunsuz silahlı dəstəsinə daxil
olub və saxta “talış muğam respublikasının” ilhamvericilərindəndir. Saxta
şəhidlik statusunun verdirərkən icra başçısı Əziz Əzizov rayon məhkəməsinin
sədrinin qərarından və yalançı şahidlərdən istifadə edib. Bundan əlavə olaraq
Əziz Əzizov 2012-ci il tarixdə məni yanına dəvət edərək, mənə qarşı məkrli
siyasətini davam etdirib. O, açıq şəkildə Heydər Əliyevin torpaq islahatı
haqqında fərmanı ilə bağlı hörmətsiz ifadə işlətdi. Məndə buna etiraz etdim.
Nəticədə icra başçısı məni polis tərəfindən həbs etdirib və istintaq zamanı
ifadəmin alınmasına belə imkan vermədi. Hətta mənim üzərimə yalançı şahidlər
qoydu. Təsəvvür edin ki, böhtanlı cinayət işində üzümə qoyduğu şəxslərdən biri
Nazim Səlimovdur. Bu şəxs mənim yaxın qohumumdur. Digəri Kamal Məmmədov qardaşımın
tələbə yoldaşı və bizim dostumuzdur. Eləcədə qonşu kəndçim Mirzəkişi Əliyevi
üzərimə qoyaraq məni həbs etdirib. İcra başçısı ondan şikayət edəcəyimdən
ehtiyat edərək məni həbs etdirib”.
Cəlilabadda baş verən qanunsuzluqlar haqda mövzunu
davam edən YAP üzvü yazır: “Yüksək dövlət məmurları Cəlilabad rayon icra
başçısı Əziz Əzizov ətrafına özü düşüncədə olan insanları toplayaraq rayonu
idarə edir və dövlət siyasətini həyata keçirir. Onun ətrafında ali diplomu olmayan,
dəfələrlə həbs edilən şəxslər də çalışır. Təsəvvür edin ki, belə bir şəxsi Əziz
Əzizov Üçtəpə ərazi nümayəndəsinin sədr müavini təyin edib. Bununla
kifayətlənməyərək ərazi icra nümayəndəsi Hafiz Əliyevin səlahiyyətlərini və
möhürünü müavininə tapşırıb. Beləcə 15 min əhalisi olan Göytəpə kəndinin
sakinlərini təhlükə altına atıb. Mən bu günə qədər qeyd etdiyim hadisələrlə
bağlı yuxarı hakimiyyət dairələrinə müvafiq şikayət etmişəm. Şikayətimin
araşdırılması üçün ərizəm yenidən Cəlilabad rayon icra başçısının üzərinə
göndərilir. Guya cinayət törədən şəxs özü öz cinayətini araşdırmalıdır.
Hörmətli prezident, biz sizi dəstəkləyirik. Son seçkidə də ailəliklə sizə səs
vermişik. Həyat yoldaşım məntəqə seçki komissiyasının katibi olub, özüm və
oğlum sizin təbliğatınızı aparıb. Odur ki, sizdən xahiş edirəm ki, sizə
ünvanlanan şikayətimi nəzarətə götürəsiniz. Mən əminəm ki, siz Azərbaycan
xalqının prezidenti və bizim hüquqlarımızın, təhlükəsizliyimizin təminatçısı
olaraq bu məsələləri diqqətə alacaqsınız”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3441