ARDNŞ neftçılərə necə tələ qurur?
Mirvari Qəhrəmanlı: “Fəhlələrin dilindən iltizam alırlar ki, onlar neft şirkətindən iş istəməyəcək”
Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ixtisara
düşən işçilərin sosial təminatına dair tədbirlər proqramını imzalayıb. 1
illik müddəti əhatə edən proqrama əsasən, həmin işçilər ARDNŞ-in başqa
müəssisələrində və ya kənar təşkilatlarda işlə təmin olunacaqlar. Bundan
başqa, müvafiq situasiyalarda müstəsna hal kimi həmin işçilərin
əməkhaqqının 5 misli miqdarında birdəfəlik müavinət almaq hüququ da
saxlanır.
ARDNŞ dekabrın son günlərində bildirib ki, Kompleks Qazma Işləri
Idarəsinin 7 tresti bağlanır. Rövnəq Abdullayev bunu qurumun strukturca
təkmilləşdirilməsi ilə əlaqələndirirdi: “Indi sovet dövrü deyil ki, hər
idarənin tərkibində bir neçə trest saxlayasan. Biz beynəlxalq
standartlara uyğun fəaliyyət göstəririk. Şirkətdə beynəlxalq audit
keçirilir. Belə bir trestin olması beynəlxalq standartlara cavab vermir.
Bu səbəbdən də düşündük ki, hamısını birləşdirək və vahid idarə
yaradaq. Adının necə olması önəmli deyil. Belə modernləşmə işləri gələn
ildən başlayaraq, şirkətin Geologiya və Geofizika idarələrində, həmçinin
“Azəriqaz” Istehsalat Birliyində də aparılacaq”.
ARDNŞ rəhbəri deyirdi ki, trestlərin ləğvi nəticəsində ixtisara düşən
1100 işçinin çoxu yenidən işlə təmin olunacaq və qalanlarına təzminat
ödənəcək.
Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı
deyir ki, neftçilərin işdən çıxarılması haqda çoxlu sayda məktublar
alır: “Dövlət Neft Şirkətinin proqramı özlüyündə normal görsənir. Həmişə
olduğu kimi neft Şirkəti cəmiyyət üçün açıqladığı məlumat, bəyanat,
müxtəlif sənədlər tam hazırlanmır. Bu da sənədi hazırlayan müvafiq
qurumların səriştəsizliyindən irəli gəlir. Proqram var, ancaq mexanizm
yoxdur. Tutaq ki, mən ixtisara düşmüşəm, Siyəzən rayonunda, yaxud da
Lökbatan qəsəbəsində yaşayıram. Hardan xəbər tutum bu proqramdan və ya
mən nə etməliyəm? Proqramın reallaşdırılması mexanizmi orada görünmür.
Işçilər nə etməlidir, hara müraciət etməlidir? Fəhlələrin dilindən
iltizam alırlar ki, onlar neft şirkətindən iş istəməyəcək. Çalışırlar
ki, işçilər ərizə yazıb getsinlər. Burada fəhlə uduzur, Neft Şirkəti
udur. Neft Şirkəti ona görə udur ki, hesabat verəndə insanların onlarla
işləmədiklərini qeyd edəcəklər. Fəhlə ona görə uduzur ki, ixtisası üzrə
iş tapmaqdan məhrum olurlar. Bu proses başlayıb. Ictimai nəzarətə
götürməliyik. Çox istərdik ki, Neft Şirkətinə KIV-lər sorğu göndərsin və
bu məsələni müntəzəm gündəmdə saxlasın. Yəni, neçə nəfərə əmək haqqının
50 faizi ödənilib, neçə nəfəri işlə təmin ediblər? Bu suallara cavab
alınmalıdır”.
Mirvari Qəhrəmanlı ARDNŞ istəsə ixtisara düşən mütəxəssislərin xarici
ölkələrə göndərə bilər: “Hansısa xarici şirkət Azərbaycana sərmayə
qoyursa, iş görürsə öz işçilərini bura gətirir. Neft Şirkəti heç olmasa
xarici ölkələrə sərmayə qoyanda bunu nəzərə alsın. Bu təcrübədən
istifadə etsə, qismən də olsa ixtisara düşənlər işlə təmin oluna bilər”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3445