Polkovnik damarlarını doğrayıb, əsgərlərimiz özünü güllələyib

20.01.2014 - 18:42

Hərbi qulluqçularımız niyə özünəqəsdə əl atırlar?…

Hərbi qulluqçularımız niyə özünəqəsdə əl atırlar?…
 

2014-cü ilin 20 günü geridə qalır. Bu müddətdə Azərbaycan ordusunun 4
əsgəri intihar etməklə həyatına son qoyub. Yenicə hərbi xidmətə
çağırılan iki əsgər isə (Rəvan Əlizadə və Nicat Nəcəfov) bir neçə gün
əvvəl Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə özlərinə müxtəlif
dərəcəli bədən xəsarətləri yetiriblər. İntihara cəhd edən hər iki əsgər
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsinə
yerləşdiriliblər. Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin
yaydığı məlumata görə, baş verən hadisələrin ilkin araşdırması göstərir
ki, əksər hallarda bu cür hərəkətləri adaptasiya dövründə,
mənəvi-psixoloji və fiziki cəhətdən hərbi xidmətə tam hazır olmayan,
hərbi xidmətin çətinliklərinə dözməyən gənclər törədir.

İlk növbədə onu qeyd edək ki, 20 gün ərzində 4 əsgərin intiharı,
2-nin isə canına qəsdə cəhd etməsi böyük, həm də narahatlığa səbəb
olacaq göstəricidir. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki,
Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra orduya nəzarət,
buradakı problemlərin həlli istiqamətində xeyli iş görülüb. Nazirin
özünün vaxtaşırı hərbi hissələrə yollanıb vəziyyətlə birbaşa tanış
olması, şübhəsiz ki, mövcud problemlərin həlli istiqamətində müsbət
nəticə əldə olunmasına ciddi təsir göstərəcək.

Ancaq etiraf etmək lazımdır ki, ordumuzda əsgərlərin psixologiyası
ilə bağlı kifayət qədər problem də var. Bunu 2013-cü il ərzində Silahlı
Qüvvələrdə qeydə alınan intihar halları bir daha təsdiqləyir. Modern.az
saytının rəsmi mənbələrin məlumatları əsasında apardığı araşdırmaya
görə, ötən il ordumuzun 15 hərbçisi bu və digər səbəbdən canına qəsd
edib. Daha 4 cəhd isə uğursuz nəticələnib.

Ordumuzun əsgərləri özlərini niyə güllələyiblər

Şəmkir hərbi birləşməsinin əsgəri, Qazax rayonundakı “N” saylı hərbi
hissədə xidmət edən Göyçay rayonu, Kürdəmiş kənd sakini, 23 yaşlı Seymur
Allahverdiyev Seymur postda olarkən tabeliyindəki avtomat silahdan atəş
açaraq intihar edib.
17 aydır hərbi xidmətdə olan Seymur Allahverdiyev ötən ilin aprelində
əsgəri xidmətini başa vuracaqdı. Əsgərin həyatına hansı səbəbdən qəsd
etməsi açıqlanmayıb.

Ordumuzun Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət
edən, əsgər Orxan Mirzəzadə də tabeliyindəki silahdan atəş açaraq özünü
öldürüb. Bu intiharın da səbəbləri məlum deyil.

Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən “N” saylı hərbi
hissənin əsgəri Elman İmanov postda olarkən tabeliyində olan avtomat
silahdan açılan atəş nəticəsində həlak olub.

Aprelin 20-də gecə saat 00.35 radələrində Müdafiə Nazirliyinin “N”
saylı hərbi hissəsinin əsgəri, 19 yaşlı, 2013-cü ilin yanvar ayında
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri
Kəpəz rayon şöbəsindən hərbi xidmətə çağırılan Emin Quliyev ona təhkim
olunmuş avtomat silahla özünü vurub.

Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi
hissəsinin əsgəri, Cəncə şəhəri, Kəpəz rayonundan həqiqi hərbi xidmətə
çağırılan, 19 yaşlı Nəcəf Əliyev tabeliyindəki avtomat silahla özünü
öldürüb.

Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi
hissəsinin əsgəri, 19 yaşlı Elşad İsmayılov tabeliyində olan avtomat
silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. O, Goranboy
rayonundan hərbi xidmətə çağırılmışdı.

Müdafiə Nazirliyi, Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda
yerləşən “N” saylı hərbi hissəsinin əsgəri, 19 yaşlı Anar Əsgərli
tabeliyində olan silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Martın 24-də Xüsusi Dövlət Baş Mühafizə İdarəsinin (XDBMİ) əsgəri
özünü asaraq intihar edib. Bakıda yerləşən XDBMİ-nin helikopter
meydanında özünü asaraq intihar edən əsgər Səbail Rayonu Hərbi
Komissarlığından həqiqi hərbi xidmətə çağırılan 19 yaşlı Məmmədağa
Məmmədov olub. Əsgərin nə səbəbdən intihar etdiyi açıqlanmayıb.

Xətai rayonunda kirayənişin yaşayan Hərbi Dəniz Qüvvələrinin
müddətdən artıq xidmət keçən hərbi qulluqçusu, 22 yaşlı İbrahim Qafarov
özünü asaraq intihar edib. İntihar hadisəsinin ailə münaqişəsi zəminində
baş verdiyi bildirilib.

Şəmkir Hərbi Birləşməsinin “N” saylı hərbi hissəsində Azərbaycan
Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Samir Mehdiyev
özünü asaraq intihar edib.

Daha bir intihar hadisəsi Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonu,
Göytəpə Sərhəd qoşunlarının yerləşdiyi hərbi hissədə qeydə alınıb.
Göranboy rayonu, Qızılhacılı kəndindən hərbi xidmətə çağırılan Nofəl
Məmmədov xidmət etdiyi hərbi hissədə asılı vəziyyətdə tapılıb. Əsgərin
yaxınlarının dediklərinə görə, onun bir müddət əvvəl hərbi hissədə daha
çox xidmət etmiş əsgələrlə dəfələrlə mübahisələri olub. Qeyd edək ki,
Nofəl Məmmədovun hərbi xidməti başa vurmağına 1 ay qalıbmış. Məsələ ilə
bağlı hərbi hissədən heç bir açıqlama verilməyib.

Daxili Qoşunların əsgəri, Ağdam rayonunda qeydiyyatda olan 24 yaşlı
Vüqar Cəfərov Gəncə şəhərində həyatına son qyub. Onun meyiti Kəpəz
rayonu ərazisində ağacdan asılmış vəziyyətdə tapılıb.

Əsgər özünü hündürlükdən atıb

Aprelin 3-də Daxili Qoşunların Bakıda yerləşən “N” saylı hərbi
hissəsində faciəvi hadisə baş verib. Saatlı rayon Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə aparılan
əsgər, 18 yaşlı Fərman Hüseynov özünü kazarmanın 3-cü mərtəbəsindən
atıb.

Polkovnik-leytenantın dəhşətli intiharı

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabiti,
polkovnik-leytenant Mehman Musayevin itkin düşməsi barədə onun ailə
üzvləri tərəfindən polisə məlumat verilib. Daxil olan məlumat əsasında
Nizami Rayon Polis İdarəsi tərəfindən əməliyyat qrupu yaradılıb və
axtarışlara başlanıb və tkin düşmüş kimi qeydiyyata alınan M. Musayevin
meyiti “Şəfa” stadionunun yaxınlığında qollarının damarları kəsilmiş
vəziyyətdə aşkar edilib.

Əsgər yoldaşını, sonra isə özünü güllələyib

Milli Ordunun əsgəri Türkan Əhədzadə avtomatdan atəş açaraq əsgər
yoldaşı Hidayət Hacıyevi güllələyib. T. Əhədzadə daha sonra öz ayağına
atəş açıb. H. Hacıyev qarın nahiyəsindən, T.Əhədzadə isə ayağından
aldığı güllə yaraları ilə hospitala yerləşdiriliblər.

Şəmkir Hərbi Birləşməsinin “N” saylı hərbi hissəsinin əsgəri, 19
yaşlı Nadir Şabanov tabeliyindəki silahla özünü vurub. Zaqatala
rayonundan həqiqi hərbi xidmətə çağırılan əgsər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi
hissəsinin 19 yaşlı əsgəri, Nazim Zahirov tabeliyindəki avtomat silahdan
açılan atəş nəticəsində yaralanıb.

Ordumuzun zabiti özünü asıb

Lənkəran şəhərində yerləşən Müdafiə Nazirliyinin “N” saylı hərbi
hissəsinin leytenantı, Elşən Sərxanlı özünü yaşadığı hərbi şəhərciyin
həyətindəki ağacdan asıb. 24 yaşlı hərbçinin asılı vəziyyətdə qalmasını
görən sakinlər onun həyatını xilas ediblər. E.Sərxanlı xəstəxanaya
yerləşdirilib. İlkin məlumata görə, tağım komandiri olan hərbçi
ailədaxili problemlər üzündən həyatına qəsd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3455

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930