Bank işçisi həbs olundu
“AccessBank”ın işçisi qumarda pul uduzub türməyə düşdü
“Həyat yoldaşım “AccessBank”ın mərkəzi filialında kredit
mütəxəssisi işləyirdi. Bir dostu ilə 3-5 dəfəyə sələmçidən pul götürüb
“Topaz”da (futbol qumarı-red.) oynayıblar, hər dəfə də uduzublar.
Bankdan kreditlər götürməklə 13 min manatın qarşılığında 19 min manat
ödəsələr də yığılıb qalmış təqribən 40-41 min manat faizi ödəyə
bilməmişdilər. Sələmçinin prokurorluğa şikayətindən sonra həyat yoldaşım
və dostu həbs olundu”.
-Deyən Tamara Seyidova həyat yoldaşı, 28 yaşlı Anar Seyidovun həbsini
qanunsuz sayır: “Əgər yoldaşım pulu sələmə götürüb faizlərini
ödəməmişdisə, bu, mülki iş idi. Sələmçi məhkəməyə şikayət edə bilərdi.
Yoldaşımın kredit mütəxəssisi kimi aylıq maaşı 1700 manat idi. 1 ilə 20
min manata yaxın pul edirdi. Məhkəmə borcunu aylara böləydi, yoldaşımın
maaşından tutaydı. Sələmə görə adam tutmurlar. Ancaq yoldaşımı aldadıb,
62800 manata qol çəkdirib həbs etdilər”.
Tamara Seyidova deyir ki, həyat yoldaşına sələmə pul vermiş Zamiq
Hüseynov əvvəllər də Xətai Rayon Polis İdarəsinə şükayət edib. Ancaq
polis idarəsi işin cinayət yox, mülki xarakterli olduğunu əsas gətirərək
cinayət işi başlanmasını rədd edib və şikayətçiyə tövsiyə edib ki,
məhkəməyə müraciət etsin. Xətait rayon prokuroru Yusif İldırımzadə həmin
qərarı ləğv edib və işin polisdə araşdırılması ilə bağlı yeni qərar
verib.
Tamara Seyidovanın dediklərindən: “Həyat yoldaşımın ifadələrini
kompüterdə yazıblar. Sonradan hər yerdən “sələm” sözünü çıxarıblar”.
Xətai Rayon Polis İdarəsindən bildiriblər ki, Anar Seyidov və Samir
İsmayılov Zamiq Hüseynov adlı şəxsin idarəyə şikayəti əsasında həbs
olunub. Şikayətçi bildirib ki, hər iki şəxs onun etibarından
sui-istifadə edərək 68 min manat pulunu əlindən alıblar. Polisdə
araşdırma aparıldıqdan sonra fakt üzrə Cinayət Məcəlləsinin qrup
şəklində dələduzluq maddəsi ilə cinayət işi başlanıb, ilkin
dindirmələrdən sonra hər ikisi həbs edilib. Polis idarəsindən yaxın
günlərdə iş materiallarının məhkəmə baxışına göndəriləcəyini də
deyiblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=3456