Azərbaycanlı mühacirlər Almaniyada sıxışdırılır
Almaniyada daha bir azərbaycanlı mühacir ailəsi problemlə üzləşib
1998-ci ildən Hamburqda yaşayan Rövşən Bağırov və qızı Zöhrə iş tapmaq üçün mübarizə aparır
Almaniya mətbuatı daha bir azərbaycanlı siyasi mühacir ailəsinin bu ölkədə üzləşdiyi acınacaqlı vəziyyət barədə yazıb.
“Hamburger
Morgen Post” qəzetinin məqaləsində 48 yaşlı azərbaycanlı Rövşən Bağırov
və onun 18 yaşlı qızı Zöhrənin iş tapa bilmək üçün apardıqları
mübarizədən bəhs edilir.
Məqalədə deyilir ki, Bağırovlar ailəsi vaxtilə Azərbaycanda yaşayıb. Rövşən Bağırov ədəbiyyat və ictimai elmlərlə məşğul olub.
“Mən siyasi fəal olduğuma görə araşdırmalarımı başa çatdıra bilmədim” – Rövşən deyir.
Ailə 1998-ci ildə Hamburqa mühacirət edib. Zöhrə orta məktəbi bitirib
və işləmək istəyir. Qız deyir ki, o, bir neçə ixtisas kursunu bitirib
və işləmək icazəsi almaq üçün müraciət edib. Lakin ona belə icazə
verilmir.
Qızın atası da işləmir, anası ixtisaslı əczaçı olsa da apteklərdə iş tapa bilmir.
“Belə olanda biz ümidsizliyə qapılırıq” – deyə Zöhrə bildirir.
Onun atası Rövşən isə deyir: “Mən istəyirəm ki, ailəmi saxlamaq imkanım olsun. İstənilən yerdə istənilən işi görməyə hazıram”.
İşsiz mühacir ailəsinə Almaniya Sosial-Demokratlar Partiyası kömək
etməyə çalışır. Partiyadan türk əsilli deputat Kazım Abacı deyir: “Bu
ölkədə uzun müddətdir yaşayan qaçqınlar üçün perspektiv lazımdır. İmkan
daxilində onlara işləmək imkanı yaratmalıyıq. Bu, həm sığınacaq tapan
insanlar, həm də ölkənin özü üçün yaxşıdır”.
Qəzet yazır ki, hazırda Almaniyanın əmək bazarında Zöhrə və onun
atası kimiləri uzun növbələr yaradıblar. Bu insanların məyusluğu
böyükdür.
“Mən Almaniyada daha yaxşı həyat tapmağa ümid edirdim. Ancaq
üzləşdiyimiz vəziyyət bizim ləyaqətimizi çox alçaldır” – deyə Rövşən
bildirir.
Qeyd edək ki, son vaxtlar Almaniyaya sığınan azərbaycanlı mühacirlər
tez-tez bu ölkə mətbuatının gündəminə gəlir.Ötən ilin dekabr ayında alman polisi bu ölkənin
Kronax əyalətindəki qaçqınlar düşərgəsində yaşayan azərbaycanlı
Həsənovlar ailəsini qəfildən deportasiya edib. Ailəyə heç bir
xəbərdarlıq edilmədən qaldıqları yerdən zorla çıxarılaraq birbaşa
aeroporta aparılıblar. Həsənovlar ailəsinin həmin vaxt məktəbdə olan
azyaşlı xəstə uşağı da hamının gözü qarşısında məktəbdən çıxarılaraq
polis maşınına mindirilib.
Yerli humanitar təşkilatlar Almaniya hakimiyyətinin və polisinin bu hərəkətini kəskin pisləyərək etiraz aksiyası keçiriblər.
Yanvarın əvvəllərində isə Almaniyanın “Der Tagesspiegel” qəzeti
1998-ci ildən bu ölkədə yaşayan Leyla adlı siyasi mühacirin müəllim
işləmək üçün apardığı mübarizədən və məruz qaldığı diskriminasiyadan
yazmışdı. Azərbaycan mətbuatı qəzetin 45 yaşlı azərbaycanlı qadının
Almaniyanın hakimiyyət orqanları ilə məhkəmə çəkişməsini nəhayət
udmasından və müəllim işləmək hüququnu qazanmasından bəhs edən məqalənin
xülasəsini oxuculara çatdırmışdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=3457