20 yanvarda adamları qıran rus hərbçilərinin ikisi danışdı
Rus imperiyasının nökərinin özünə haqq qazandırmaq cəhdi
Azərbaycan xalqı bu gün 20 yanvar qanlı qırğınının növbəti
ildönümünü qeyd edir. 24 il əvvəl Bakıda nümayişçilərin üzərinə tankları
və xüsusi təyinatlıları yeridən SSRİ-nin varisi olan Rusiyada da bu
tarixi yaddan çıxarmırlar. 20 yanvarda
Bakıya yeridilən və qanlı qırğınların bilavasitə iştirakçıları olan QRU
(Baş Kəşfiyyat İdarəsi) xüsusi təyinatlılarından ikisi həmin hadisələr
haqda danışaraq onu öz rakurslarından təqdim ediblər.
QRU “spesnaz”ının veteranlarından olan Aleksandr Korolyov və Yevgeni
Uvaçyov ridus.ru portalına 24 il əvvəl baş verənlər haqda danışaraq
mülki əhalinin gülləboran edilmədiyini, təkcə “AXC-dən olan yaraqlılara
atəş açıldığını” deyiblər. A.Korolyov və Y.Uvaçyov QRU-nun 800-cü xüsusi təyinatlı rotasının
keçmiş hərbi qulluqçularıdır. Onlar vaxtilə Bakıda çəkdirdikləri
şəkilləri də paylaşırlar.
Keçmiş xüsusi təyinatlılar əvvəlcə 20 yanvara aparan hadisələr haqda
danışırlar. Onların dediyinə görə, bu sırada SSRİ-də hökm sürən iqtisadi
böhran, qıtlıq, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağa görə
başlayan münaqişə, Bakıya axışan qaçqınlar və ermənilərə qarşı hücumlar
dayanırdı. A.Korolyov və Y.Uvaçyov deyirlər ki, 80-ci illərin ortalarına qədər
Azərbaycanda sovet hərbçilərinə münasibət çox yaxşı idi. Onları
kafelərdə qonaq edir, taksidə pulsuz gəzdirir, siqaret və içki
verirdilər. Lakin keçmiş xüsusi təyinatlılara görə AXC hər şeyi korladı,
əhali AXC-nin təbliğatına inanaraq sovet əsgərlərinə düşmən kimi
baxmağa başladı.
Xüsusi təyinatlılar danışır ki, QRU-nun 800-cü rotasının hərbçilərinin
vəzifəsi yanvarın 19-da Bakıya yeridilən sovet qoşun kalonlarının
təhlükəsizliyini təmin etmək, Moskvadan gələn yüksək vəzifəli
generalların və partiya rəsmiləri mühafizə etmək, qaçqınların aeroporta
evakuasiyasını həyata keçirmək idi. Həmçinin xüsusi təyinatlılara
“AXC-nin döyüş nöqtələrinin susdurulması” əmri verilmişdi. Keçmiş xüsusi təyinatlılar söhbətlərində Bakıda mülki əhaliyə atəş
açdıqlarını tamamilə inkar edirlər və deyirlər ki, onlara yalnız silahlı
şəxslərə atəş açmaq əmri verilmişdi. QRU xüsusi təyinatlıları iddia
edir ki, AXC mülki şəxsləri “canlı qalxan” kimi istifadə edirdi və bu
üzdən mülki şəxslər arasında tələfat oldu. QRU xüsusi təyinatlıları isə
20 nəfər itki verdi.
Beləliklə, 24 il əvvəl Bakıda törədilən
qırğınların bilavasitə iştirakçılarının fotolarını və
videomüsahibələrindən fraqmentləri təqdim edirik. Bəlkə bu faktlar
Azərbaycan Baş Prokurorluğunun 20 yanvara dair apardığı təhqiqatda gərək
ola bilər…
Short URL: http://www.cumhuriyyet.net/?p=3472