Rəsulzadə haqqında bədii əsər yazıldı
Rəsulzadə haqqında “Son nəfəsədək Azərbaycan” romanı çap olundu
Şair Vüqar Əhmədin qələmə aldığı roman Rəsulzadənin 130 illik yubileyi ərəfəsində təqdim olunacaq
Şair Vüqar
Əhməd Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə
haqqında roman yazıb. Bu barədə məlumatı “Yeni Müsavat”a tanınmış
şairin özü verib. Əsər barədə danışan Vüqar Əhmədin sözlərinə görə, “Son
nəfəsədək Azərbaycan” romanında Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan
xalqına və torpağına göstərdiyi danılmaz xidmətlər, eyni zamanda başına
gələn hadisələr qələmə alınıb: ” Bu romanda mən başda Rəsulzadə olmaqla
Azərbaycan Demokratik Cumhuriyyətini yaradanların heyrətamiz
vətənpərvərliyi, fövqəladə siyasi fəaliyyətləri, xalqın qeyrətli
oğullarının Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsi, Qafqaz İslam
Ordusunun Azərbaycanı kafirlər caynağından xilas etmək üçün apardığı
ölüm-dirim savaşlarını əks etdirmişəm. Eyni zamanda daşnakların, onların
başçısı Stepan Şaumyanın və ümumiyyətlə ermənilərin xalqımıza qarşı
apardığı soy-qırım siyasəti, Şura hökumətinin vətənimizə gətirdiyi
bəlalar tarixi faktlarla qeyd olunub”.
Vüqar Əhmədin
sözlərinə görə, bu əsərində oxucular üçün olduqca maraqlı tarixi
faktlar, macəralı səhnələr, dramatik löhvələr var. Roman geniş oxucu
kütləsi üçün nəzərdə tutulub. “Son nəfəsədək Azərbaycan” romanı Məhəmməd
Əmin Rəsulzadənin 130 illik yubileyi ərəfəsində təqdim olunacaq.
Qeyd edək ki, əsər filologiya elmləri doktoru, şair Vüqar Əhmədin 30-cu kitabı və üçüncü romanıdır.
Vüqar
Əhməd bundan əvvəl yazdığı “Qarabağ yuxusu və yaxud yuxuda qələbə”
avtobioqrafik romanında, eləcə də “Qaradağlılar” trilogiyasında olduğu
kimi bu əsərdə də təmtəraq və uydurmadan qaçaraq, real, təbii, gerçək
hadisələri qələmə alıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=3503