Hakimiyyətin Ştrasser bəlası qayıdır
Kristofer Ştrasser Almaniyada ombudsman olarsa, Azərbaycan hökuməti ona viza verməməklə bəhanə tapa bilməyəcək
Kristofer Ştrasser Almaniyada ombudsman olarsa, Azərbaycan hökuməti ona viza verməməklə bəhanə tapa bilməyəcək
AŞ PA-nın Azərbaycanda siyasi məhbuslar üzrə keçmiş məruzəçisi Kristofer Ştrasserin Almaniyanın insan haqları üzrə müvəkkili (ombudsman) təyin edilə biləcəyi barədə məlumat vermişdik. Alman mənbələrinin məlumatına görə, Sosial-Demokratlar Partiyasından (SDP) olan 64 yaşlı deputat ölkəsinin yeni ombudsmanı olacaq və bu postda Markus Löninqi əvəzləyəcək.
Onun namizədliyini keçmiş xarici işlər naziri Frank-Valter Ştaynmayer irəli sürüb. Xatırladaq ki, K.Ştrasser 2005-ci ildən etibarən SDP-nin parlament fraksiyasının insan haqları və humanitar yardım qrupunun sədridir. Həmçinin Almaniyanın AŞ PA-dakı nümayəndə heyətinin üzvüdür. K.Ştrasser həmçinin Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi olub. Lakin o, mandatı ərzində Azərbaycana səfər edə və monitorinq apara bilməyib.
K.Ştrasser insan haqları müdafiəçilərinin ona göndərdiyi hesabatlar əsasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzə və qətnamə layihəsi hazırlayaraq ötən ilin yanvarında AŞ PA sessiyasına təqdim etmişdi. Lakin bu məruzə və qətnamə qəbul edilmədi. K.Ştrasser isə missiyasının uğursuz başa çatmasından sonra məruzəçi vəzifəsindən istefa verdi.
Onu da qeyd etmək yerinə düşər ki, Almaniya ombudsmanları bir qayda olaraq Azərbaycanda baş verən insan haqları pozuntularına biganə qalmır, bu istiqamətdə hakimiyyəti sərt tənqid edirlər.
L.Yunusun fikrincə, bu mənada Azərbaycan hakimiyyətini sərt tənqid edən bir şəxsin Almaniyanın ombudsmanı olmağı Azərbaycan vətəndaş cəmiyyətinin maraqlarına cavab verir: “Kristofer Ştrasser Azərbaycan reallıqlarını gözəl bilir. Bu isə Azərbaycanda insan haqları ilə bağlı pozuntulara beynəlxalq diqqətin olacağını deməyə əsas verir. Maraqlıdır, əgər Kristofer Ştrasser ombudsman olarsa, o zaman Azərbaycan hökuməti bu dəfə ona viza verməməklə bağlı hansı bəhanəni gətirəcək. Azərbaycan hakimiyyəti bu məsələdə özünü qeyri-adekvat aparır. Azərbaycan hakimiyyəti onun maraqlarına xidmət edən hesabatları verən məruzəçilərlə işləməyi xoşlayır. Çünki onların rəyini rüşvət yolu ilə alır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3530