Kreml Ukraynadan nə istəyir
Ukrayna faktiki olaraq vətəndaş müharibəsi həddindədir. Bütün bunlar nə ilə bitəcək?
Adam ondan qorxur ki, bütün bunlar yeni qanlı hadisələrlə bitsin.
Çünki nə prezident Yanukoviç və onu dəstəkləyən qüvvələr, nə də
hakimiyyətin hərəkətlərindən özünü təhqir olunmuş sayan vətəndaşlar geri
çəkilmək fikrində deyillər. Hətta Ukrayna müxalifətçilərinin üç lideri
(Kliçko, Tyaqnibuk və Yasenyuk) arasında vahid liderin olmaması da
hakimiyyət-xalq qarşıdurmasının hərarətini aşağı salmır.
A planının iflasa uğraması göz qabağındadır. Yanukoviç onu
reallaşdırmaqla vəziyyəti öz xeyrinə dəyişməyə və hakimiyyətini itirmək
təhlükəsinin qabağını almağa ümid edirdi. Bu ümidlər 17 dekabr
hadisələri ilə bağlı idi. Ukrayna o zaman Rusiyadan güzəştli qiymətə qaz
və 15 milyard dollar kredit almışdı. Belə hesab olunurdu ki, bu pullar
dövlət büdcəsindəki “deşiyi yamamağa” kifayət edəcək, Yanukoviçin rahat
gələcəyini pis-yaxşı təmin edəcək. Üstəlik Ukraynaya milyardlarla kredit
verən Vladimir Putin də Yanukoviçi hər vəchlə müdafiə edib dəstəkləməyə
məcbur olacaq. Ən azı ona görə ki, Putin də eyni ukraynalı siyasətçiyə
iki dəfə səhvən stavka edən adam kimi görünmək istəmir. Hamının yaxşı
yadındadır ki, Putin Yanukoviçi 2004-cü il prezident seçkilərində qələbə
münasibətilə hamıdan birinci təbrik etdi, amma nəticə ayrı cür oldu:
hakimiyyətə digər Viktor – Yuşşenko gəldi.
Hazırkı vəziyyət Putini həm də ona görə qıcıqlandırır ki, Ukrayna
Milli Bankı Rusiyanın kreditinin ilk 3 milyardlıq tranşını artıq
dekabrda alıb. İndi əgər Ukraynada hakimiyyət dəyişsə, bu pulları
itirilmiş saymaq lazım gələcək. Çünki yeni hakimiyyət Rusiyadan kredit
alınması faktının özünü antimilli addım elan edə bilər.
Aydın məsələdir ki, Yanukoviçin xalqın təzyiqi ilə hakimiyyətdən
getməsi Ukraynanın sonrakı siyasətinə ciddi təsir edəcək, bu ölkənin
xarici siyasətində kardinal dönüşə, onun Avropa İttifaqı (Aİ) ilə
yaxınlaşmasına gətirib çıxaracaq. Bu da Rusiyanın müəllifi olduğu Gömrük
İttifaqı (Gİ) üzvlərinin sıralarını genişləndirmək planlarını şübhə
altına salacaq. Yəni Rusiya təkcə Ukraynanı yox, elə “gəmidə qiyam”
qaldırması ehtimalı olan Ermənistanı da itirə bilər. Bunu isbatlayan
dəlil odur ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın
reanimasiyası prosesi gedir. Kreml onu “sürüşkən” Sərkisyana alternativ
kimi görür.
Putin üçün ən təhlükəlisi odur ki, Avromaydandakı qələbə onun
Rusiyadakı hakimiyyətinin sonunun başlanğıcı ola bilər. Pis nümunələr
tez yoluxur. İllah da qonşu Ukraynanın nümunəsi… Onu da nəzərə alaq
ki, Rusiyanın özünün maliyyə naziri də dünya bazarında neftin
ucuzlaşması ilə bağlı bu ölkənin iqtisadiyyatını gözləyən böyük
təhlükələrdən açıq mətnlə danışır.
Yanukoviç Rusiyanın dəstəyini arxasında hiss etdiyindən qaykaları
növbəti dəfə bərkitməyə qərar verib. Yanvarın 16-da Ali Radada hakim
Regionlar Partiyasının və kommunistlərin birgə səyləri ilə qısa müddət
ərzində 12 qanun qəbul edildi. Bu 12 qanun müxtəlif sosial qrupların
(jurnalistlərdən deputatlara və facebook istifadəçilərinə qədər çoxunun)
hüquq və azadlıqlarını məhdudlaşdırmağa hesablanıb. İndən belə nəinki
icazəsiz mitinqlərdə iştirak etmək, hətta mitinqçilərə dəstək vermək,
məsələn, onlara çay gətirmək, Avromaydana odun gətirmək də qanun
pozuntusu hesab olunacaq. Bəlli olduğu kimi, noyabr-dekabrdakı Maydan
hərəkatının xərclərinin 75 faizini kiçik və orta biznesin nümayəndələri
çəkirdi. Sıravi ukraynanlılar isə Maydanda təşkilatlanır, pullarını, son
tikə çörəklərini paylaşırdı.
İndi isə bu adamlar yeni amansız qanunların təsiri altında olacaqlar.
Bu qanunlar xalqa əlcək atmaq deməkdir. Bu, Yanukoviçin Ukraynanı sərt
avtoritarizmə doğru sürükləməsinin bariz sübutudur. Onun bu addımı
ukraynalıların səbr kasasını daşıran sonuncu damlalar oldu. Xalq anladı
ki, yeni qanunlar onun hüquq və azadlıqlarına təhdiddir. Xalq öz fikrinə
sahib olmaq hüququ, hakimiyyətin təzyiqlərindən azad olmaq uğrunda
mübarizə aparır. Hakimiyyət isə geri çəkilmək istəmir, buna hazırlaşmır.
Bütün bunların Ukraynanı sonda vətəndaş müharibəsinin astanasına
gətirib çıxaracağı məntiqi idi.
Təəssüf ki, bu daxili savaşın başlamaq şansı böyükdür. Belə düşünməyə
əsaslar var ki, vəziyyət gələcəkdə daha pis olacaq. Məlumatlara görə,
Ukraynada 1 milyondan çox tüfəng qeydiyyatdadır. Əgər onları işə
salsalar, qan su yerinə axacaq. Ən pisi odur ki, hadisələrin inkişafının
bu variantı da istisna edilmir.
Vəziyyəti qəlizləşdirən odur ki, Yanukoviçdən narazı olan ukraynalı
oliqarxlar da Avromaydanı altdan-altdan dəstəkləyir. Çünki onların
hamısı yaxşı başa düşürlər ki, rus oliqarxlarının Ukraynanı ələ
keçirməsi təhlükəsi var. Yerli oliqarxlar Rusiyanın 15 milyard dollarlıq
kreditlərini bu yöndəki ilk addım sayırdılar. Hadisələrin bu cür
inkişafı ukraynalı oliqarxlara əsla lazım deyil. Onlar etiraza qalxmış
xalqa da elə buna görə gizli dəstək verirlər.
Təkcə oliqarxlar da deyil. V.Yanukoviç yanvarın 17-də Sergey
Lavoçkinin Ukrayna Prezident Administrasiyası rəhbəri vəzifəsindən azad
edilməsi haqda fərman imzaladı. Əksər Ukrayna KİV-ləri məhz Lavoçkini
Avromaydanın boz kardinalı adlandırırdı. Ukraynalı jurnalistlərin
fikrincə, Lavoçkin bunu yaxşı bilirdi ki, əgər Yanukoviç ikinci müddətə
də prezident postunda qalsa, onun hakimiyyətdə qalmaq şansları çox az
olacaq. Belə ki, Lavoçkini sevməyən “Ailə” prezidentə həddən artıq güclü
təsir göstərir. Bu halda Lavoçkinin hakimiyyətin yanında qalmaq və öz
biznes imperiyasını qorumaq üçün yeganə şansı prezidentin özünü dəyişmək
idi. İndi o, daha azaddır, ağır vəzifə və məsuliyyət yükü ona mane
olmur.
Göründüyü kimi, indi Ukraynadakı gərginliyin son həddə çatacağını
söyləməyə çoxlu əsaslar var. Buna paralel olaraq hakimiyyətin dəyişməsi
ehtimalı da böyüyür.
Bu halda hamıdan çox itkiyə məruz qalacaq Putinin B planı varmı? Belə məlum olur ki, yox.
Levoçkinin istefaya göndərilməsindən sonra çoxları PA rəhbəri
vəzifəsinə “Ukraynanın seçimi” İctimai Hərəkatının lideri Viktor
Medvedçukun təyin olunmasının mümkünlüyündən danışırdı. Onun adını boş
yerə çəkmirdilər. Axı Putin onu sevir, onlar yaxındırlar. Baş nazir
Dmitri Medvedyev də onunla çox yaxındır. Putin Ukraynaya gedəndə həmişə
Medvedçukun evinə gedir, onun xanımı olan teleaparıcı Oksana Marçenko
ilə görüşür. Buna görə də Rusiya rəhbərliyinin versiyasına görə, məhz
Medvedçuk Yanukoviçin real alternativi kimi sərf-nəzər edilə bilərdi.
Onu da nəzərə alaq ki, Medvedçuk kasıb adam deyil, onun 2 milyard
dollarlıq sərvəti var.
Lakin bu planın həyata keçməsi şansları yoxdur. Məsələ burasındadır
ki, Yanukoviçin yaxın ətrafı Medvedçukdan ehtiyat edir və buna görə də
həmin planın həyata keçirilməsinə hər vasitə ilə mane olur.
Keçmiş komsomol fəalı olan Medvedçukdan ehtiyat eləməyə dəyər. Buna
əsaslar da var. Bir nümunə gətirək. Gənc hüquqşünas Viktor Medvedçuk
hələ sovet dövründə, 1980-ci ildə dissident-şair Vasil Stusa dövlət
tərəfindən vəkil təyin olunmuşdu. Amma Medvedçuk şairi müdafiə etməkdən
məhkəmə prosesindəcə nümayişkaranə şəkildə imtina edərək demişdi ki,
Stusun günahı çox böyükdür deyə mən onu müdafiə edə bilmərəm.
Nəticədə V.Stus 10 il həbs, 5 il də sürgün cəzası aldı və 1985-ci
ildə karserdə ölüm aclığına başlayıb orada da öldü. Medvedçuk isə hələ
də sağ-salamatdır və milyardlarla dollarlıq sərvət sahibidir.
2003-cü ildə isə o, hakimiyyətin lap bir addımlığında idi. Medvedçuk
Kuçma dövründə Prezident Administrasiyasının rəhbəri idi. O, güclü
iqtidar partiyası olan Ukrayna Sosial-Demokrat Partiyasını qurmuşdu. Bu
partiya qısa müddətdə Avropadan böyük dəstək aldı, Sosinternə daxil
oldu. Amma Medvedçuk Kuçmanın xələfi ola bilmədi. Onun Yanukoviçin
xələfi olmaq şansları da yoxdur. Çünki Ukraynanın praktik olaraq bütün
siyasi qüvvələri ona birmənalı şəkildə mənfi münasibət bəsləyir.
Bunu Medvedçukun özü də bilir. Ona görə də deyir ki, “mən heç bir
dövlət vəzifəsinə, o cümlədən PA rəhbəri postuna iddia etmirəm”.
Bütün bu deyilənlərdən o nəticə çıxır ki, heç bir B planı yoxdur,
yaxud da A planı elə B planıdır: Rusiya Avromaydan hərəkatının son anına
qədər Yanukoviçi dəstəkləməyə məcburdur. Bu halda isə Ukraynada nəinki
vətəndaş müharibəsi, ölkənin hətta parçalanması riski böyüyür…
Short URL: http://www.cumhuriyyet.net/?p=3541