Putinin iki neft generalının Azərbaycan nefti uğrunda gizli savaşı

22.01.2014 - 23:37

Kremlin “boz kardinalı” İqor Seçin Rusiya neftinin BTC ilə
nəqlinə hazırdır, lakin prezidentin qüdrətli dostu, KQB generalı Nikolay
Tokaryov bunu qətiyyən istəmir

 

Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafına daxil olan
iki neft bossu arasında Azərbaycan neftinə və Bakı ilə enerji
əməkdaşlığına görə gizli mübarizə gedir.

Söhbət “Rosneft” şirkətinin prezidenti və Kremlin “boz kardinalı”
İqor Seçin və Rusiyanın neft-qaz kəmərlərinə nəzarət edən “Transneft”
şirkətinin prezidenti, KQB generalı, vaxtilə Putinin rəisi olmuş Nikolay
Tokaryovdan gedir. Rusiyanın enerji çevrələrindən əldə edilən
məlumatlar belə nəticə çıxarmağa əsas verir ki, Bakı-Novorossiysk
kəmərinin bağlanmasında da bu gizli mübarizənin ciddi rolu var.

Xəbər verildiyi kimi, ötən ay “Transneft” Bakı-Novorossiysk kəmərinin
Mahaçqala-Şirvanovka (Azərbaycan sərhədi) hissəsini konservasiyası
prosesinə başlayıb və prosesi yanvarın əvvəllərində başa çatdırıb.
Bununla da Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə nəqli
dayanıb.

Azərbaycan
neftinin bu kəmərlə nəqli ətrafında tərəflər arasında uzun müddət idi ki, 
narazılıq yaşanırdı. Azərbaycan heç vaxt kəmərlə müqavilədə nəzərdə
tutulmuş həcmdə neft icrac etməyib və bunu tariflərin yüksək olması ilə
əsaslandırıb. Rusiyanın baş naziri Azərbaycan neftinin şimal marşrutu
ilə nəqlinin ildən-ilə azalmasını nəzərə alaraq Bakı-Novorossiysk
kəmərinə dair müqaviləni ötən ilin mayında ləğv etmişdi.

O vaxtdan sonra tərəflər yeni müqavilə üzrə danışıqlar aparmadılar.
Daha dəqiq desək, Azərbaycan tərəfi belə danışıqlara maraq göstərmədi və
kəməri idarə edən “Transneft” şirkəti onu bağlamaq qərarı verdi.
Bakı-Novorossiysk kəmərinin bağlanması Azərbaycan üçün heç bir problem
yaratmır. Onsuz da ARDNŞ-in neft hasilatı azalır və deməli, bu kəmərlə
nəql etməyə neft də qalmır.

Digər tərəfdən, ixrac etməyə neft olsa belə onu nəql
etməyə kəmər var. Hazırda cəmi üçdə iki hissəsi doldurulan
Bakı-Tiflis-Ceyhan (BTC) kəməri Bakı-Novorossiysk kəməri ilə nəql olunan
neftin hamısının yükünü götürməyə hazırdır. “Transneft”in
Bakı-Novorossiysk kəmərini bağlamaq qərarından sonra ARDNŞ elə bu cür də
bəyan edib.

Lakin Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə nəqlinin
dayandırılacağı yəqinləşəndən sonra Rusiya ilə Azərbaycan arasında
enerji sahəsində digər mümkün sövdələşmə meydana çıxdı. Hələ ötən ilin
avqustunda prezident Vladimir Putinin Bakıya səfəri zamanı onu müşayiət
edən “Rosneft” prezidenti İqor Seçinlə ARDNŞ prezidenti Rövnəq
Abdullayev arasında aparılan danışıqlardan sonra belə açıqlamalar
verildi ki, Bakı-Novorossiysk kəmərindən revers rejimdə istifadə
mümkündür. Başqa sözlə, tərəflər ildə 5 milyon ton Rusiya neftinin bu
kəmərlə Bakıya, oradan isə BTC vasitəsilə Ceyhana nəqli məsələsinə dair
danışıqlar apardıqlarını açıqlamışdılar. Belə danışıqların getdiyini
İqor Seçin özü də təsdiq etmişdi.

Ancaq “Transneft” prezidenti Nikolay Tokaryovun bu plana
reaksiyası mənfi oldu. N.Tokaryov Rusiya mətbuatına açıqlamasında
bildirdi ki, Bakı-Novorossiysk kəmərinin revers istifadəsi ağlabatan
deyil və qeyri-ciddidir. Üstəlik “Rosneft” bu layihə barədə “Transneft”i
məlumatlandırmayıb.

Bakı-Novorossiysk kəmərinin revers istifadəsi məsələsi növbəti dəfə
ötən ilin noyabrında gündəmə gəldi. “Rosneft”in Direktorlar Şurası
qapalı toplantı keçirdi və ARDNŞ-lə əldə edilmiş razılaşmaların müzakirə
olunduğunu açıqladı. Müzakirələrin detalları isə açıqlanmadı və
Direktorlar Şurasında aparılan müzakirələrə “tam məxfi” qrifi qoyuldu.

Bununla belə Rusiya mətbuatı yazmışdı ki, “Rosneft” Bakı-Novorossiysk kəmərinin revers istifadəsinə dair qərar verib.

“Transneft” şirkətinin Bakı-Novorossiysk kəmərini bağlaması
ərəfəsində ARDNŞ-dən informasiya agentliklərinə belə məlumat sızdırıldı
ki, “Rosneft”lə kəmərin revers istifadəsinə dair anlaşma var və bu
məsələ tezliklə rəsmiləşə bilər.

Belə görünür ki, tərəflər arasında təkcə kommersiya deyil, həm də
ciddi siyasi əhəmiyyət daşıyan bu enerji əməkdaşlığı layihəsinə dair
neçə vaxtdır gizli danışıqlar gedir. Ancaq bu əməkdaşlıq planından
Rusiyada heç də hamı razı deyil.

Məsələn, elə Dağıstanın özündə. Dağıstanın yerli neft klanı
Bakı-Novorossiysk kəmərinin revers istifadəsində qətiyyən maraqlı deyil.
Çünki bu halda dağıstanlı klanların əsas gəlir mənbələrindən biri olan
Mahaçqala limanı rentabelliliyini itirəcək və hətta bağlanacaq. Ona görə
ki, Bakı-Novorossiysk kəməri tərsinə işləməyə başlasa, Mahaçqala
limanından neft nəqli əhəmiyyətini itirəcək.

Bu limandan ildə 6 milyon ton yük daşınır ki, onun da 85 faizi neftin
payına düşür. Söhbət Türkmənistan, Qazaxıstan neftindən, habelə
“LUKoil”un Xəzərdən hasil etdiyi neftdən gedir.

Mahaçqala limanından neftin qəbul edilib yola salınması işinə
“Daqnefteprodukt” Açıq Səhmdar Cəmiyyəti baxır. Lakin dağıstanlı
oliqarxlara məxsus bu şirkət təkcə nefti qəbul edib yola salmır, eyni
zamanda oğurluq neftin emalını da həyata keçirir. Özü də Mahaçqala
limanının ərazisində.

Limanın ərazisində kustar texnologiya ilə işləyən
neftayırma zavodu var. Bu zavodun necə işlədiyi, standartlara nə
dərəcədə cavab verdiyi heç kimə məlum deyil. Çünki qapalı ərazidir və
oliqarxların adamları tərəfindən ciddi qorunur.

Rusiya mətbuatında yer alan məlumatlara görə, zavod tankerlərdən
Mahaçqala-Novorossiysk kəmərinə vurulmalı olan xam nefti alır, onun
yerinə isə kəmərə su və mazutun qarışığını, habelə zavodda neftin
emalından sonra alınmış tullantını vurur. Belə hallar dəfələrlə
aşkarlanıb.

İstehsal gücünə görə zavod ildə 1 milyon ton neft emal edə bilir.
Həmin neftin haradan alındığı rəsmən heç kimə məlum deyil. Dağıstanda
kustar texnologiya ilə işləyən bir neçə belə zavod var. Oğurluq nefti
Mahaçqala limanında təkcə emal etmirlər, həm də tankerlərə vurub
satırlar.

Məsələn, elə ötən ilin yayında, Putinin Bakıya səfəri ərəfəsində
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Azərbaycanın Xəzər Dəniz
Gəmiçiliyinə məxsus “Naftalan” tankerini 4,5 min ton “LUKoil” nefti ilə
yaxaladı. Məlum oldu ki, həmin yük sənədlərdə xam neft kimi yox, mazut
kimi göstərilib. Oğurluq neft isə Bakı-Novorossiysk kəmərinə vurulmaq
üçün Səngəçal limanına gətirilirmiş. “Naftalan” tankerinə həmin vaxtdan
həbs qoyulub və Mahaçqala limanında saxlanılır. Gəmi heyətinə isə
cinayət işi qaldırılıb.

“Naftalan” tankerinin tutulmasından az sonra
“Daqnefteprodukt”un o vaxta qədər heç bir xəstəlikdən şikayət etməyən
baş direktoru Karamuddin Murzayev qəfildən ölüb. FTX bu neft
qaçaqmalçılığı ilə bağlı istintaqı hələ davam etdirir.

Mahaçqala limanında neft oğurluğunun qarşısını almaq və bununla da
Dağıstan klanlarını, o cümlədən kriminal qrupları əsas gəlir
mənbələrinin birindən məhrum etmək barədə Kremldə çoxdan düşünürlər.
Maraqlıdır ki, Bakı-Novorossiysk kəmərinin revers rejimdə istifadəsi bu
problemi öz-özünə həll edə bilər. Çünki “Rosneft”in təklif etdiyi kimi,
kəmər revers rejimdə işləsə və neft Rusiyadan geriyə, Azərbaycana nəql
olunmağa başlasa, o zaman Mahaçqala limanından neft yola salınması
kommersiya baxımından əhəmiyyətini itirmiş olacaq.

Bəs vaxtilə Vladimir Putin Almaniyada KQB rezidenti kimi
işləyərkən onun rəisi olmuş general Nikolay Tokaryov bunda maraqlıdırmı?

Belə görünür ki, yox. Tokaryov elə bir gün əvvəl – yanvarın 21-də
bildirib ki, Bakı-Novorossiysk kəmərinin revers istifadəsi baş
tutmayacaq. Onun sözlərinə görə, “Transneft” Mahaçqala limanının neft
qəbulu imkanlarını genişləndirməyə, bununla da Mahaçqala-Novorossiysk
kəməri ilə daha artıq həcmdə neft nəqlini təmin etməyə hazırlaşır.

N.Tokaryovun bildirdiyinə görə, “Transneft”ə Mahaçqala
limanı üzərindən Novorossiyskə neft nəqli ilə bağlı çoxsaylı müraciətlər
daxil olur. Məsələn, dünyanın aparıcı neft treyderlərindən Niderland
şirkəti “Trafigura” türkmən neftinin Mahaçqala limanında cəmləşdirilməsi
və stabil nəqli ilə bağlı bütün öhdəlikləri üzərinə götürməyə hazırdır.

“Transneft”də hesab edirlər ki, Bakı-Novorossiysk kəmərinin revers
istifadəsinə yol vermək olmaz. Çünki kəmərin Azərbaycan qolu bağlansa da
Mahaçqala-Novorossiysk hissəsi BTC-nin əsas rəqibidir. Belə ki, BTC ilə
neft nəqli azalır və BP kəmərin boş qalan hissəsini Orta Asiya, o
cümlədən Rusiya nefti ilə doldurmaqda maraqlıdır. Ancaq “Transneft” daha
aşağı tariflər təklif edərək Orta Asiya neftinin BTC-yə vurulmasının
qarşısını ala bilər.

Beləliklə, Rusiya ilə Azərbaycan arasında enerji
əməkdaşlığının əsas istiqamətlərindən biri hazırda Putinin iki qüdrətli
neft generalının gizli mübarizəsinin predmetinə çevrilib. Bu mübarizədə
Dağıstanın yerli klanlarının da öz maraqları var…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3553

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031