Xanım deputat və sabiq nazir üçün həbs təhlükəsi

23.01.2014 - 00:19

Saxta diplom qalmaqalı Aqiyə Naxçıvani və Misir Mərdanov üçün bahaya partlaya bilər

Saxta diplom qalmaqalı Aqiyə Naxçıvani və Misir Mərdanov üçün bahaya partlaya bilər

 

 

 

Saxta diplomlarla bağlı məsələ hər zaman mətbuatın diqqət
mərkəzində olub. Ölkədə saxta diplomların satışıyla məşğul olan və bu
işdən kifayət qədər böyük məbləğlər qazanan xüsusi şəbəkənin mövcudluğu
haqda səslənən ehtimallar isə doğrulmaqdadır. Hər halda Azərbaycan
Müəllimlər İnstitutunun filialları tərəfindən müxtəlif zamanlarda
verilmiş saxta diplomların aşkarlanması və bu məsələylə bağlı Baş
prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırmalara
başlanması da bunu bir daha təsdiqlədi.

 

Baş verənlər isə belə düşünməyə əsas verir ki, daha bir
millət vəkilinin həbs təhlükəsi realdır. Bu Müəllimlər İnstitutunun
rektoru, millət vəkili Aqiyə Naxçıvanidir. Belə ki, bu günlərdə
İnstititutun Gəncə filialında aşkarlanan saxta diplomların hər birində
institutun rektoru, millət vəkili  Aqiyə Naxçıvanlının olması onun üçün
heç də xoş olmayan perspektiv vəd edir. Hətta proses kifayət qədər geniş
miqyaslı olduğundan həbs dalğasının böyüyəcəyini də proqnozlaşdırmaq
olar. Elə baş verənlərlə bağlı Aqiyə Naxçıvaninin ötən gün verdiyi
açıqlamada onun bu işdə tək olmadığına eyham vurması da belə düşünməyə
əsas verir.

 

“Etiraf edirəm ki, bu mənim imzamdır…”

Aqiyə Naxçıvanlı məsələyə münasibət bildirərkən aşağıdakıları
deyib: “Buyurun, mən sizə sənəd göstərim və bu sənədlə onu sizə sübut
edə bilim. Bax, görürsünüz diplom iki hissədən ibarətdir. Bu hissədə
yalnız komisiyanın sədri, Aqiyə Naxçıvanlının imzası və möhürü var. Bu
hissəni o təşkilatlar skaynerdən çıxarır olduğu kimi. Unudurlar, bu
seriyanı, bu diplomu tapmaq olar, bu hissəni belə yazıb kartona
yapışdırıb camaata paylayırlar. Heç ekspertizaya getməmişdən deyərəm ki,
bu mənim imzamdır. Amma seriyanı yoxladanda görürəm ki, buranı yazan
başqa adamdır”.

 

Aqiyə Naxçıvanlı etiraf edib ki, uzun illərdir ki, institutun
filiallarında bu tipli saxtakarlıqlara yol verilməsindən xəbərdar olub
və buna görə də dəfələrlə daxili yoxlamalar aparıb. Məhz bu
saxtakarlığın qarşısını almaq üçün özü Təhsil Nazirliyinə müraciət
edibmiş. Aqiyə xanım hesab edir ki, saxta diplomların verilməsində elə
Təhsil Nazirliyinin vəzifəli şəxslərinin əli olub. O sənədlər sübut edir
ki, filiallara saxta köçürmələri məhz nazirlik edib. Məsələn, keçmiş
nazir Misir Mərdanovun 8 nəfərin köçürülməsinə verdiyi əmrə sonradan
qoşma sənədlərlə daha 88 nəfər əlavə edilib. İndi də yeni nazir Mikayıl
Cabbarov strukturu təmizləməklə məşğuldur.

 

Rektor Misir Mərdanovu da cəncələ salacaq…

Rektorun “saxta diplomların verilməsində elə Təhsil
Nazirliyinin vəzifəli şəxslərinin əli olub” sözlərinin ardınca “Mikayıl
Cabbarov strukturu təmizləməklə məşğuldur” ifadəsini işlətməsi isə
təsadüfi sayılmamalıdır. Bu hər şeydən öncə rektor-millət vəkilinin
özünüqoruma instuinktidir, eyni zamanda açıq şəkildə eyham vurur ki, o
bu cinayətdə tək olmayıb. Doğurdan da hansısa rektorun, o hətta deputat
olmuş olsa belə, müstəqil şəkildə saxta diplom alveriylə məşğul olması
mümkün deyil. Həm də ən azından ona görə ki, bütün diplomlar Təhsil
Nazirliyində təsdiqlənməlidir. Demək, bu cinayətkar şəbəkənin bir
uzantısı da elə Təhsil nazirliyinə qədər uzanır. Yaxşı, bəs kimdir
onlar? Aqiyə xanım bununla bağlı herç bir əlavə açıqlama verməyib,
bununla belə şübhələrin sabiq təhsil naziri Misir Mərdanova yönəldiyini
görməmək mümkün deyil. Elə bu baxımdan Misir Mərdanovun da istintaqa
cəlb olunacağını ehtimal etmək olar. Eyni zamanda Təhsil Nazirliyinin
daha bir neçə məsul vəzifəli şəxsləri də bu qalmaqalın güdazına gedə
bilər.  Bunlar aydındır, amma hələ də aydın olmayan bəzi məqamlar var
ki, onlara da işıq salmağın vaxtı çatıb…

 

Rektorun “filiallarda saxtakarlıqların olduğundan xəbərdar idim” sözlərini necə anlayaq?

Aqiyə Naxçıvaninin yuxarıda təqdim etdiyimiz açıqlamasında
kifayət qədər ziddiyyətli məqamlar var. Onlarda biri isə rəhbərlik
etdiyi ali təhsil ocağının filiallarında baş verən qanunsuzluq və
saxtakarlıqlardan xəbərdar olmasını etiraf etməsidir. O, bildirib ki,
uzun illərdir ki, institutun filiallarında bu tipli saxtakarlıqlara yol
verilməsindən xəbərdar olub və buna görə də dəfələrlə daxili yoxlamalar
aparıb. Məhz bu saxtakarlığın qarşısını almaq üçün özü Təhsil
Nazirliyinə müraciət edibmiş.

 

Hesab edirik ki, rektorun son cümlələri ümumiyyətlə
inandırıcı saylıla bilməz. Əvvəla, cinayəti bilib xəbərdar etməməyin
özünün də Cinayət Məcəlləsində xüsusi maddə təşkil etdiyini
xatırlatmaqla bəzi qeydlərimizi etmək istərdik. Gəlin, bir anlıq Aqiyə
xanımın səmimiyyətinə inanaq. Tutaq ki, o doğurdan da filiallardakı
qanunsuzluqlarla bağlı Təhsil nazirliyini məlumatlandırıb və nazirlik də
heç bir tədbir görməyib. Bəs sonra? Axı, Aqiyə xanım bunun ardınca
dərhal hüquq-mühafizə orqanlarına müraciət etməliydi. Edibmi? Yox! Hesab edirik ki, açıqlamadakı özünümüdafiəyə hesablanmış bu
və digər bu kimi “zəif nöqtələr” rektorun işini bir qədər də
qəlizləşdirə bilər.

 

Rektor doğurdanmı filial rəhbərlərindən rüşvət almayıb?

Aqiyə xanımla bağlı irəli sürülən ciddi ittihamlardan biri
isə onun filial direktorlarından küllü miqdarda rüşvət almasıyla
bağlıdır. Bunu isə heç kəs yox, elə filialların rəhbərləri idddia edir.
Xatırladaq ki, institutun 4 filialı ləğv olunur. Bunlar Gəncə, Sumqayıt,
Mingəçevir və Salyan filiallarıdır. Filialların bağlanması həmin təhsil
ocaqlarında maddi texniki bazanın yetərli olmaması ilə izah edilir.
Ləğv prosesi ilə yanaşı, həm də işdən çıxarılmalar da var. İşdən
çıxarılanlar isə bu vəzifəyə təyinat almaq üçün Aqiyə Naxçıvaniyə rüşvət
verdiklərini iddia ediblər.

 

Rektor əleyhinə səsləndirilən həmin ittihamlarla bağlı da
danışıb: “Salyan filialının rəhbəri deyir ki, mən 200 min manat verib bu
posta gəlmişəm. Onda sual verirəm: Bir filial direktorunun, özü də
həyat yoldaşı olmayan qadının pulu hardandır? Hardan yığıb o pulu? Və o,
gözəl bilirdi ki, ora müvəqqəti gedib. O pulu nə üçün verirdi, alan
adam da bilirdisə, o çıxarılasıdır, niyə alırdı? Mən bu şantajlarla 8
ildə çox rastlaşmışam. İndi də Mingəçevir filialı bu şantajları edir”.

 

Etiraf edək ki, Aqiyə xanımın əks arqumentləri kifayət qədər
zəifdir və onun bu açıqlamaları rüşvət iddialarının inandırıcılığını bir
qədər də artırır. Amma hər halda bunu aydınlaşdırmaq hüquq mühafizə
orqanlarının işi olduğundan prosesi qabaqlamaq istəməzdik.

 

Sonda xatırladaq ki, sözügedən məsələylə bağlı Baş
Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 2 maddə –
vəzifə saxtakarlığı və vəzifəsindən sui-istifadə maddələri ilə cinayət
işi açılıb.

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=3556

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031