İlham Əliyevin vətəndaşa gerçək münasibəti

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad
Məmmədov “Hafta.az” saytına müsahibəsində bir sıra maraqlı fikirlər
səsləndirib. F.Məmmədov hesab edir ki, Azərbaycan vətəndaşları dövlətdən
çox şey gözləməməlidir: “Hər hansısa bir daşqın baş verdikdə dövlət heç
bir aidiyyəti olmayan məsələyə qarışaraq insanlara kompensasiya ödəyir.
Halbuki, sığorta sistemi formalaşmalı və insanlar öz mülklərini
sığortalamalıdırlar ki, belə problemlər yaşananda onun kompensasiyasını
ala bilsinlər. Vətəndaşlar yavaş-yavaş məsuliyyətlərini dövlətin üzərinə
atmamaq şərti ilə müasir sistemə uyğunlaşmaqla öz həyatlarını
qurmalıdırlar”.
Bir sıra ekspertlər bu açıqlamanı dövlətin bundan əvvəl təbii
fəlakətlərdən zərər çəkən vətəndaşlara göstərdiyi dəstəyin oxşar olaylar
baş verəcəyi təqdirdə təkrarlanmayacağının anonsu sayırlar. Halbuki
ayrılan vəsaitlərin şəffaf formada müvafiq istiqamətlərdə xərclənməməsi
bir çox sualların yaranmasına səbəb oldu. Amma bu artıq başqa mövzunun
söhbətidir. Əlbətdə Azərbaycan vətəndaşının da həm həyatını, həm də
əmlakını sığorta edərək mümkün ziyanlardan qoruması təqdirəlayiq hal
olardı. Amma onu da nəzərə almaq lazımdır ki, ölkədə mövcud
sosial-iqtisadi durumun ağırlığı vətəndaşlarımızı sığorta kimi əlavə
ödənişlərə vəsait ayırmağa imkan vermir. Əslində burada məsuliyyətin ən
böyükü hökümətin üzərindədir. Çünki yanlış iqtisadi siyasət orta
statistik azərbaycanlının iqtisadi durumunun möhkəmlənməsinə imkan
vermir.
Strateji Araşdırmalar Mərkəzinin rəhbərinin bu açıqlamasında mütərəqqi dünya praktikasından çıxış etdiyini deyən iqtisadçı Qubad İbadoğlu bildirdi ki, bir çox ölkələrdə qəzalardan, təbii fəlakətlərdən
sığortalanması sistemi mövcuddur və bu sistem effektli işləyir. Nəticədə
xarici ölkələrdə hər bir vətəndaş öz həyatını bu sistemə uyğun qurur.
Amma burada əsas məsələ hər bir ailənin öz şəxsi büdcəsi hesabına
sığortalama xərclərini qarşılamasından ibarətdir: “Bu gün orta
azərbaycanlı öz ailə büdcəsindən sığorta üçün vəsaitlər ayırmaq imkanına
malik deyil. Çünki ailə büdcəsinin əsas xərcləri övladının təhsilinə,
ərzaqa və sağlamlığın qorunmasına xərclənir. Ona görə də ailə büdcəsi
dövlətin normal tibbi sığorta sistemi olmadığından, təqaüdçülərə günün
reallığına uyğun olaraq müavinət verilmədiyindən dövlətin dəstəyini hiss
etmir. Dövlət sferasında çalışan və aşağı əmək haqqı alan şəxslər də
xərclərinin əhəmiyyətli hissəsini gündəlik tələbat məhsullarının
alınması üçün sərf edirlər. Ona görə bu kəsim sığorta kimi uzun müddətli
vəsait qoyuluşu edə bilmir”. Q.İbadoğlu hesab edir ki, əgər bu gün orta
azərbaycanlının qazanclarının kifayət qədər olacağı və ölkədə sığorta
sisteminin də ona adekvat şəkildə fəaliyyət göstərəcəyi təqdirdə
F.Məmmədovun təklifini reallaşdırmaq çox asan olardı: “Real imkanlar
olsaydı, o zaman təbliğat nəticəsində vətəndaşlara öz gəlirlərini daha
səmərəli şəkildə idarəetməsi və sığortaya pul ayırmasıyla bağlı təbliğat
aparmaq olardı. Amma təəssüflər olsun ki, hazırda bu mümkün deyil.
Çünki son qiymət artımı da ailə büdcəsi strukturunda əhəmiyyətləi
dəyişikliyə gətirib çıxarıb. Vtəndaş bu gün gəlirləri deyil, borc
hesabına ərzaq təlabatını ödəməklə məşğuldur. Belə olan halda da sığorta
ödənişlərinə ailədə ayrılan pay çox cüzidir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3557