Azərbaycan əhalisi ərzaq yox, tullantı yeyir
İdxaldan asılılıq təhlükəli həddə çatıb
Nüfuzlu Oxfam təşkilatının ərzağın bolluğu, keyfiyyəti və əhalinin
ərzaq almaq imkanlarına görə tərtib etdiyi son indeksində Azərbaycanın
adının Afrika ölkələri ilə yanaşı olması ölkəmizdə ərzaq təhlükəsizliyi
ilə bağlı vəziyyətin qənaətbəxş olmadığını təsdiqlədi.
Bəlli oldu ki, Kənd Təsərrüfatı Nazirliyinin yerli istehsalın
inkişafı və ərzaq təhlükəsizliyi ilə bağlı hesabatları yalnız boş söz
yığınıdır. Azərbaycanda yerli istehsal yox səviyyəsindədir. Ölkə
strateji əhəmiyyətli məhsullara – taxıl, buğda, un, düyü, eləcə də ət və
süd məhsullarına olan tələbatı xaricdən gətirilən məhsulların hesabına
ödəyir. Üstəlik, bu məhsulların keyfiyyəti aşağıdır və onlar yalnız
üçüncü dünya ölkələrinə ixrac olunur.
Onu da qeyd edək ki, Oxfam təşkilatı öz hesabatını
hazırlayarkən ərzağın keyfiyyəti və kafi miqdarda mövcudluğu amili ilə
yanaşı ölkələrin qidalanma ilə bağlı sağlamlıq problemləri, qarınqululuq
və diabet kimi xəstəliklərin yayılması, hətta normal çəkidən aşağı
uşaqların faizini də nəzərə alıb. Təşkilat bu araşdırmanı hazırlayarkən
ölkələrin təqdim etdiyi rəsmi rəqəmləri əsas götürülüb.
Maraqlıdır ki, ölkədə ərzaq istehsalı və keyfiyyətə dair rəsmi
orqanların təqdim etdiyi hesabatlar bir-birini təkzib edir. Dövlət
Gömrük Komitəsi Kənd Təsərrüfatı Nazirliyinin, nazirlik isə Dövlət
Statistika Komitəsinin məlumatlarını yalanlayır. Səhiyyə Nazirliyi isə
ölkədə qidalanma səviyyəsi və xəstəliklərlə bağlı elə hesabat hazırlayır
ki, Azərbaycanla bağlı heç bir məlumatı olmayan əcnəbi belə
deyilənlərin nağıl olduğunu anlamaqda çətinlik çəkmir.
Niyə belədir?
İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vahid Məhərrəmov virtualaz.org saytına Azərbaycanın cədvəldəki yerinin səbəblərini
açıqlayıb. O deyir ki, Azərbaycanla bağlı hesabat ölkəmizdəki vəziyyətin
səviyyəsini əks etdirir: “Hesabat hazırlanarkən müəyyən göstəricilər
nəzərə alınıb. Məsələn, ölkə öz əhalisinin kənd təsərrüfatı və ərzaq
məhsullarına olan tələbatının ən azı 80 faizini daxili istehsal hesabına
ödəməlidir. Azərbaycanda isə kənd təsərrüfatı və ərzaq məhsullarına
olan tələbat xaricdən idxal edilən məhsulların hesabına ödənilir. Dövlət
Gömrük Komitəsinin hesabatına görə, ötən il ölkəyə 1,3 milyon ton
buğda, 100 min ton qarğıdalı, 25 min ton düyü, 770 min ton süd
məhsulları gətirilib. Ət və ət məmulatlarının, kərə yağı, pendir
idxalının həcmi də artıb. Hətta kəsim üçün gətirilən diri heyvanların
həcmində də artım var. Ölkədə idxal olunan məhsullara tələbat artıb,
yerli istehsal tələbatı ödəmir”.
İqtisadçı qeyd etdi ki, taxıla olan tələbat ildə
adambaşına 300 kiloqramdır: “Kənd Təsərrüfatı Nazirliyi isə Azərbaycanda
2 milyon 930 min ton taxıl istehsal edildiyini açıqlayır. Onların
dediyi kimidirsə, deməli, tələbat yerli istehsalın hesabına ödənilir.
Bəs xaricdən gətirilən taxıl, düyü, qarğıdalı, ət, süd məhsullarının
həcmi niyə artır? Deməli, Kənd Təsərrüfatı Nazirliyi statistik
məlumatları şişirdir”.
V.Məhərrəmov statistik rəqəmləri də təqdim etdi: “2013-cü ildə idxal
mallarının dəyəri 10,7 milyard dolları ötüb. Bu isə 2012-ci ilin idxal
göstəricisindən 10,95 faiz çoxdur. 2012-ci il ərzində ölkəyə 9,6 milyard
dollar dəyərində mal idxal olunmuşdu. Yeyinti məhsullarının idxalı da
2012-ci ilin göstəricisindən 7,34 faiz artaraq ümumi idxalın 10,75
faizini təşkil edib”.
2013-cü ildə buğda unu idxalı 17,9 milyon dollarlıq olub. Halbuki bu
göstərici 2012-ci ildə 6,1 milyon dollar idi. İdxal olunan ərzaq
buğdasının dəyəri 2012-ci ildə 339,8 milyon dollar olduğu halda 2013-cü
ildə 395,2 milyon dollar təşkil edib. Ət kəsimi üçün diri heyvanların
idxalı 47,8, süd idxalı isə 35,52 faiz artıb.
Ümumilikdə isə buğda idxalı 2012-ci ilin göstəricilərinə nisbətən 20 faiz, buğda ununun idxalı isə 5 dəfə artıb.
Kənd Təsərrüfatı Nazirliyindən virtualaz.org saytına verilən məlumata
görə, ölkədə taxıla olan tələbat 3 milyon tondur: “Buğdaya olan tələbat
isə 1 milyon 700 min ton təşkil edir. Ötən il ölkədə 2 milyon 938 min
tondan artıq məhsul istehsal edilib”.
Qeyd edək ki, Oxfam təşkilatının hesabatında yer alan daha bir
göstərici üzrə, yəni ərzağın keyfiyyətinə görə Azərbaycan Ermənistan da
daxil olmaqla əksər ölkələrdən geri qalıb.
Vahid Məhərrəmov hesab edir ki, bu da ölkəyə gətirilən məhsulların
keyfiyyətinə görə müəyyənləşdirilib: “Azərbaycana gətirilən ərzaq
məhsullarının keyfiyyəti aşağıdır. Bizim bəzi işbazlar ərzağa olan
tələbatı nəzərə alaraq ucuz qiymətə keyfiyyətsiz ərzaq alaraq daxili
bazarda baha qiymətə satırlar. Azərbaycana texniki və yemlik kartof
gətirilir. Yəni əhali əslində mal-qara yemi və texniki məqsədlər üçün
nəzərdə tutulan kartofu yeməyə məcbur edilir. Digər ərzaq məhsulları,
məsələn, ölkəyə gətirilən kərə yağının tərkibinə çoxlu qatqılar
qatılır”.
Ekspertin sözlərinə görə, bütün ölkənin taleyini həll edən taxılın
keyfiyyətində də aldanırıq: “Azərbaycana gətirilən taxılın keyfiyyəti
aşağıdır. Ölkəyə keyfiyyət göstəricisinə görə 1, 2 və ya 3-cü növə aid
edilən taxıl gətirilmir. Kənd Təsərrüfatı Nazirliyi 4-cü növə aid taxıl
gətirdiyini desə də gətirilən taxıl keyfiyyət göstəricisinə görə 5-ci
növə aiddir. Həmçinin Azərbaycana gətirilən buğdadan xaricdə heyvanlar
üçün yem kimi istifadə olunur. Bazardakı boşluqdan yararlananların
sayəsində keyfiyyətsiz ərzaqla, əslində tullantı ilə qidalanırıq”.
V.Məhərrəmov rəsmi statistik məlumatların şişirdildiyini dedi:
“Dövlət Statistika Komitəsinin və Kənd Təsərrüfatı Nazirliyinin
istehsalla bağlı göstəriciləri doğru deyil. Buna görə də real vəziyyətin
təhlili çaşqınlıq yaradır”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da
virtualaz.org saytına ölkədə ərzaq təhlükəsizliyi sahəsində ciddi
problemlər olduğunu deyir. Hüquq müdafiəçisi bildirdi ki, ölkədə
istehsal olunan və xaricdən gətirilən ərzaq məhsullarının böyük hissəsi
tələblərə cavab vermir: “Ölkəyə istənilən ərzaq məhsulu gətirilir və heç
kim də buna nəzarət etmir. Ölkəyə gətirilən məhsulların yoxlanılması
üçün müstəqil ekspertiza mövcud deyil, bu sahədə qanunvericilikdə
boşluqlar var. Buna görə də Azərbaycan istehlakçıları keyfiyyətli
məhsulla təmin olunmur”.
İqtisadçı Nübar Seyidovanın fikrincə isə xaricdən
gətirilən keyfiyyətsiz ərzaq məhsullarının daxili bazara yol tapmasının
qarşısını yalnız qanunla almaq mümkündür. Bunun üçün qanunvericilik
təkmilləşdirilməlidir: “Hazırda Azərbaycana daha çox genetik
modifikasiya olunmuş, yəni GMO məhsullar gətirilir. Bu məhsullardan çox
istifadə edən ABŞ-da ərzağın keyfiyyəti və sağlamlıq üzrə göstəricilər
ildən-ilə pisləşir. Son hesabatda da Amerika ilk onluğa düşə bilməyib.
Azərbaycanda da əhalinin seçim imkanları məhduddur. Ölkəyə gətirilən
məhsulların ekoloji cəhətdən nə dərəcədə təmiz və standartlara uyğun
olub-olmadığına, keyfiyyətinə diqqət yetirilmir”.
İqtisadçı hesab edir ki, keyfiyyətsiz idxal məhsullarından yaxa qurtarmaq üçün yerli istehsalın inkişafına nail olmaq lazımdır.
Jalə
Short URL: http://www.cumhuriyyet.net/?p=3558