İlham Əliyev öz-özünü təkzib edir

23.01.2014 - 02:22

Gəncədə “köhnə
palan içi tökən” prezident torpaqların işğalında gah o vaxtkı hakimiyyəti, gah
da xarici gücləri suçladı

Gəncədə “köhnə
palan içi tökən” prezident torpaqların işğalında gah o vaxtkı hakimiyyəti, gah
da xarici gücləri suçladı

 

 

Bu günlərdə Gəncə şəhərinə səfər edən ölkə başçısı
İlham Əliyev burada “zəhmətkeşlər”lə görüşü zamanı Qarabağ münaqişəsinin
tarixinə toxunaraq bir-birilə daban-dabana zidd olan iki açıqlama verib. O,
birinci açıqlaması ilə məğlubiyyətimizin səbəbkarı kimi o zamankı ölkə
rəhbərliyini ittiham edərərk, “ənənəvi arqumentlər”dən istifadə edib: “Kəlbəcərin, Laçının, Şuşanın işğalı Qarabağ
müharibəsində mənfi tərəfə dönüş yaratdı. Çünki bu işğaldan sonra Ermənistan
ilə Dağlıq Qarabağ arasında coğrafi bir bağlantı yarandı”.

Dövlət başçısı 1993-cü ilin aprelində Kəlbəcərin işğalının böyük bir
faciə olduğunu qeyd edib. Onun sözlərinə görə, bunun səbəbi o vaxt Azərbaycana
rəhbərlik etmiş adamların xəyanəti, xəyanətkar hakimiyyətin mövcudluğu və
bacarıqsızlığı, səhlənkarlığı idi: “Ona görə, əgər o vaxt ulu öndər Heydər
Əliyev Azərbaycan rəhbərliyində olsaydı, bir qarış torpaq da düşmən tapdağına
düşməzdi. Bunu hamı yaxşı bilir. Məhz onun 1987-ci ildə siyasi hakimiyyətdən
uzaqlaşdırılmasından iki həftə sonra ermənilər bu məsələni qaldırdılar.
Əfsuslar olsun ki, o vaxt Azərbaycana rəhbərlik etmiş şəxslər o böyük
məsuliyyəti dərk edə, düzgün siyasət apara bilməyib. Onlar xalqdan çox uzaq
idilər və bir çox hallarda xəyanətkar siyasət aparıblar. Ona görə, bu gün biz bax bu vəziyyətlə üzləşmişik”.

Amma dövlət başçısı nədənsə “unudub” ki, məhz Heydər Əliyevin
hakimiyyəti qəsb etməsinin ardından rayonlar bir-bir erməni birləşmələri
tərəfindən işğal olunub. Bu faktdır və bu faktı heç kəs dana bilməz. Bu haqda
çox yazılıb və mövzumuz bu olmadığından yalnız bircə məqamı qeyd etməklə
kifayətlənmək istəyirik. Şükürlər olsun ki, Əliyevlər rejimi yaddaşımızı poza
bilməyib və mərhum Heydər Əliyev hakimiyyətə gəldiyi ilk aylarda “pencəyimi
çiynimə atıb, Xankəndinə gedəcəm” cümləsini də yaxşı xatırlayırıq. Amma onun
hakimiyyətə gəlişindən sonra Azərbaycanın başına hansı fəlakətlər gəldiyi göz
önündədir. 20 ildən artıqdır ki, Azərbaycanda hakimiyyət başında olan Əliyevlər
bu günə qədər işğal olunmuş torpaqların azad olunması üçün hansısa addımı
atıbmı? ATƏT-in Minsk Qrupu həmsədrlərinin ölkəmizə turist səfərlərini istisna
etməklə problemin həlli üçün nə edilib? Bəlkə bunun da günahı heç sizlərdə
deyil, öz təbirinizcə desək, “o vaxt respublikaya rəhbərlik etmiş
səriştəsiz”lərdədir?

Dövlət başçısının Gəncə nitqinin ikinci hissəsi isə tamamilə
özünütəkzib üzərində qurulub: “O vaxt da – işğal zamanı və bu gün də Ermənistan
xarici yardımsız heç nəyə qadir deyildi. O vaxt da biz yaxşı bilirdik ki,
torpaqlarımız necə işğal altına düşdü. Bu işğalda kim iştirak etmişdi.
Ermənilərin nə ordusu, nə imkanı, nə də texnikası var idi. Bizdə də demək olar
ki, ordu yox idi. Əlbəttə, torpaqlarımız xarici müdaxilə hesabına işğal altına
düşdü. Bu, həqiqətdir. Bunu hamı bilir. Siz yaxşı bilirsiniz, mən bilirəm,
uşaqlar da bilməlidir, bütün xalq bilməlidir. Çünki tarixi həqiqətləri danmaq
mümkün deyil. Müəyyən mərhələdə bəlkə də bu barədə çox danışılmır. Ancaq tarix
tarixdir. Bunu heç kim dəyişə bilməz. Özü də bu, o qədər də uzaq tarix deyil,
gözümüzün qabağında baş verən hadisələrdir. Biz daha da güclü olmalıyıq,
olacağıq. Biz öz gücümüzə arxalanırıq. Bu məsələni öz xeyrimizə, ədalətli həll
edəcəyik”.

Heç bir əlavə şərh vermədən yalnız onu bildiririk ki, yaxşı
qurtardıq. Yəni, torpaqlar təkcə “daxili düşmənlər”in sayəsində işğal
olunmayıb, bu işdə az da olsa Ermənistanın və onun xarici himayədarlarının da
payı varmış….

Short URL: http://www.cumhuriyyet.net/?p=3563

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930