Aydın Abbasovla bağlı müəmma
İlham Əliyevin Gəncə səfərində şəhərin deputatı gözə dəymədi
İlham Əliyevin Gəncə səfərində şəhərin deputatı gözə dəymədi
Ölkə başçısı İlham Əliyevin Gəncəyə səfərindən əvvəl məlumat yayılmışdı ki, bu şəhərin rəhbəri Elmar Vəliyev hakimiyyətdə arzuolunmaz şəxsə çevrilib. Həmin məlumatda bildirilirdi ki, elə bu səbəbdən İlham Əliyev Gəncəyə səfər etmək niyyətində deyil. Lakin bu məlumat təsdiqini tapmadı. Ölkə başçısı Gəncəyə getdi və Elmar Vəliyev onun yanından ayrılmadı.
Bununla belə, İlham Əliyevin Gəncə səfərində başqa bir məqam diqqətdən yayınmadı. Bəllidir ki, ölkə başçısının bölgələrə səfərləri zamanı onu həmin yerdən deputat seçilmiş şəxslər də müşayiət edir. Bu, bir qayda belə olur. Lakin Ilham Əliyevin Gəncə səfərində bu şəhərin deputatlarından biri olan Aydın Abbasov onun yanında görünmədi. Bununla bağlı azadlıq.info-nun verdiyi məlumatlarda deyilir ki, bu, deputatın iradəsindən kənar baş verib. Yəni, onun Gəncə səfərində görünməməsi hansısa mühüm bir işlə məşğul olması ilə əlaqədar deyil. Sadəcə Aydın Abbasovun adı siyahıya salınmayıb.
Aydın Abbasov baş nazirin sabiq müavini, “Milyarderlər Ittifaqı”nın rəhbəri Abbas Abbasovun oğludur. “Milyarderlər Ittifaqı”nın yaranmasından sonra hakimiyyətlə Abbas Abbasov arasında münasibətlər pozulub. Abbas Abbasov Ilham Əliyevi dəstəklədiyini bəyan etsə də, iqtidar onun səmimiliyinə inanmır. Hər halda hakimiyyətin nəzarətində olan mətubatda vaxtaşırı Abbas Abbasovun əleyhinə iri həcmli məqalələr dərc olunur.
Mümkündür ki, Aydın Abbasovun ölkə başçısının Gəncə səfərində gözə dəyməməsinin kökündə də Abbas Abbasovla hakimiyyət arasında münasibətlərin gərgin olması faktı dayanır.
Short URL: http://www.cumhuriyyet.net/?p=3566