Cəbhə xəttində gərginliyin pərdəarxası
Məqsəd diqqəti ordu qalmaqallarından yayındırmaqdır?
Eyni zamanda erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari, Mosesqex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Baş Qərvənd, Şıxlar, Tərtər rayonunun Çaylı, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri intensiv olaraq atəşə tutulub.
Ötən gün isə MN-nin yaydığı məlumatda ermənilərin cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində ümumilikdə 98 dəfə atəşkəs rejimini pozduqları bildirilib.
Azərbaycan mətbuatı yazır Ermənistan tərəfi 98 dəfə atəşkəsi pozub, erməni mətbuatı da yazır ki, Azərbaycan tərəf son 5 gün ərzində atəşkəsi 150 dəfə pozub.
Hərbi ekspert Cəsur Sümərinli bu məsələdə kimin haqlı, kimin haqsız olmasını müəyyənləşdirməyin çətin olduğunu deyir. O, prosesin Azərbaycanın işğal olunmuş ərazisində baş verdiyi üçün istənilən halda haqsız tərəf Ermənistan olduğunu söyləyir:
“Çünki Azərbaycan işğal olunan torpaqlarını azad etməyə çalışır. Burada isə atəşkəsin pozulmasından söhbət gedə bilməz. Faktiki, Ermənistan işğal etdiyi ərazidən çıxmır. Atəşkəs hallarının sayının dəqiqləşdirilməsi məsələsi isə çox mübahisəlidir. Bəlkə də qüsurlu prosesdir. Çünki hansı halda atəşkəs pozulmuş sayılır?
Ekspert deyir ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin keçirdiyi monitorinqlərin nəticəsində belə bir metod yoxdur. Odur ki, bir tərəfin dediyini digər tərəf heç vaxt qəbul etmir: “Eyni zamanda, atəşkəsin pozulması halının sayılması prosesi də bir qədər mürəkkəbdir. Burada güllənin açılmasımı yoxsa, atışma mərhələsimi atəşkəsin pozulması halı sayılır? Biz bunu bilmirik. Bu barədə nə Azərbaycan, nə də Ernənistan tərəfi konkret açıqlama verib. Ancaq təbii, söhbət atəşkəsin Azərbaycan ərazisində pozulmasından gedirsə, burada haqsız tərəf Ermənistandır”.
Cəbhə xəttində aktivləşmə nə ilə bağlıdır? Cəsur Sümərinli hesab edir ki, cəbhə xəttinddə aktivləşmə adətən iki halla bağlı olur: birincisi, tərəflər arasında münaqişənin nizamlanması ilə bağlı danışıqlar gözləniləndə, ikincisi, tərəflər zaman-zaman bir-birlərinə qarşı zərurət olmadan güc nümayişi etdirdikdə. “Hesab edirəm ki, hazırda bu aktivləşmə daha çox tərəfilərin bir-birlərinə qarşı güc nümayişidir. Amma qaranlıq məsələlər də var. Misal üçün, cəbhə xəttində vəziyyət hər zaman gərgin olur, lakin Müdafiə Nazirliyi bəzi hallarda bu halda xüsusi bəyanat yayır. Bu baxımdan maraqlıdır ki, ciddi hadisə nədən ibarətdir? Xüsusilə də atəşkəsin pozulması ilə cəbhə xəttində vəziyyətin gərginləşməsi halları arasında hansı fərqlər var? Ümumilikdə Azərbaycan MN atəşkəsin pozulması halını necə müəyyən edir? Məncə MN bu suallara cavab verilməlidir”.
MN-nin cəbhə xəttindəki vəziyyətlə bağlı yaydığı xəbərlərdə şişirtmə halının olduğunu istisna etməyən hərbi ekspert bildirib ki, adətən bu hansısa məsələdən diqqəti yayındırmaq məqsədilə edilir. “Səfər Əbiyev dövründə bəzən orduda olan əsgər ölümlərindən fikri yayındırmaq üçün mətbuat xidməti belə məlumatlar yayırdı. Amma indiki nazirin taktikasını hələlik bilmirəm”.
Yeni müdafiə nazirinin təyin olunmasından çox vaxt keçməyib. Orduda nələrinsə dəyişəcəyini gözləyənlər az deyildi. Ancaq son günlərin ordudan gələn xəbərlərində vəziyyətin daha da pisləşdiyi sezilməkdədir. Artıq yanvar ayının əvvəlindən orduda neçə-neçə intihar və intihara cəhd xəbərləri yayılmaqdadır. Bu günsə Naxçıvandakı N saylı hərbi hissədə ürəktutmasından (nazirlik məlumatı bu şəkildə yayıb) daha bir əsgər dünyasını dəyişib. Bir il bundan öncə isə yanvarda “əsgər ölümlərinə son” şüarları ilə Bakıda etiraz aksiyaları başlamışdı. Bəlkə idarəedənlər aşağılarda yeni dalğanın başlamasından çəkinib diqqəti ön cəbhəyə yönəltmək istəyirlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=3573