Cəbhədə zabitimiz şəhid oldu

23.01.2014 - 16:03

Əsgərlərin müəmmalı şəraitdə yaralanması açıqlamalarının ardınca
düşmən ordusunun zabitimizi şəhid etməsinə necə cavab verəcək? 

 

Azərbaycan
ordusunun kapitanı cəbhə xəttinin Tərtər istiqamətində erməni gülləsindən şəhid
olub. Məlumatı APA yayıb.
Hadisənin
bu gün qeydə alındığı bildirilir, lakin şəhid olan kapitanın adı və soyadı
göstərilmir. Bu itki barədə informasiyanın yayılması cəbhə xəttində son günlər
vəziyyətin gərginləşdiyi bir vaxta təsadüf edir. Xəbər verildiyi kimi, əvvəlcə
erməni tərəfi “Azərbaycan ordusunun diversiya qruplarının” təmas xəttinin
Tərtər və Xocavənd istiqamətlərində erməni ordusunun mövqelərinə həmlə etdiyi
barədə bəyanat yayıb. Erməni tərəfinin yaydığı bəyanata görə, bu hadisə
yanvarın 20-nə keçən gecə baş verib. Erməni ordusunun kiçik serjantı atışma
zamanı öldürülüb.

Daha
sonra Ermənistan Müdafiə Nazirliyi daha bir əsgərin hospitalda öldüyünü
açıqlayıb, lakin onun güllə yarasından, yaxud başqa səbəbdən öldüyü barədə heç
nə deyilməyib. Həmin bəyanatlarda erməni tərəfi iddia edirdi ki, “diversiya
qrupunun həmləsinin dəf edilməsi zamanı Azərbaycan tərəfi də itki verib”.
Əvvəlcə Azərbaycan tərəfinin azı 2 nəfər itirdiyi, bir neçə yaralı olduğu
bildirildi.

Azərbaycan
Müdafiə Nazirliyi isə erməni tərəfinin yaydığı bu məlumatları qəti təkzib edib.
Yanvarın 20-də təmas xəttində bu cür insidentin qeydə alınmadığını və
Azərbaycan ordusunun heç bir itkisinin olmadığı açıqlanıb.

Lakin
yanvarın 21-də Müdafiə Nazirliyi istiqamət göstərmədən təmas xətti yaxınlığında
hərbi maşının aşdığını və üç əsgərin yaralandığını bildirib. Həmin gün daha bir
əsgərin özünü vurduğu bildirilib. Yanvarın 22-də Müdafiə Nazirliyi cəbhədə
vəziyyətin gərginləşdiyi haqda yeni açıqlama yayıb və bildirilib ki, erməni
qüvvələrinin Xocavənd istiqamətində Azərbaycan ordusunun mövqelərinə diversiya
hücumunun qarşısı alınıb.

Ermənistan
tərəfi isə yanvarın 20-də baş verdiyi iddia olunan “diversiya həmləsi” ilə
bağlı ən yüksək səviyyədə yeni məlumatlar yaymaqda idi. Yanvarın 22-də İrəvanda
həmin insident zamanı öldüyü deyilən kiçik serjantın dəfn mərasimi olub.
Müdafiə naziri Seyran Ohanyan dəfn mərasimində çıxış edərək serjantın
“qəhrəmanlığından” və Azərbaycan tərəfinin itkilərindən danışıb. Ohanyan iddia
edib ki, Azərbaycan tərəfi “azı 25 yaralı və bir neçə itki ilə geri çəkilib”…

Bütün
bu açıqlamaları düşmən təbliğatı çərçivəsində qiymətləndirməklə bərabər
Azərbaycan tərəfinin cəbhədə nə baş verdiyi barədə icimaiyyəti yetərli dərəcədə
məlumatlandırmadığı, bir-birinin ardınca əsgərlərin ya hansısa qəzada, ya öz
silahlarından “təsadüfən” açılan atəşlər nəticəsində yaralanması faktlarına
tutarlı izahat vermədiyi də qeyd olunmalıdır və belə bir vaxtda Azərbaycan
ordusunun kapitan rütbəli zabitinin Tərtər istiqamətində şəhid olduğu
açıqlanır. Onu da qeyd etmək lazımdır ki, təmas xətində bu gərginlik və
Azərbaycan ordusunun kapitanın şəhid edilməsi xarici işlər nazirlərinin Parisə
görüşə yollandıqları bir vaxtda baş verir.

Bu
dəqiqələrdə əldə etdiyimiz məlumata görə, Ermənistan silahlı birləşmələrinin
atəşkəsi pozması nəticəsində şəhid olan kapitan Naxçıvan Muxtar Respublikası
Şərur rayonunun sakini Elnur Cəfərovdur.


 

Short URL: http://www.cumhuriyyet.net/?p=3574

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930