Ziya Məmmədovun zülmünə qarşı aclıq aksiyası
“Başımıza nəsə gəlsə, bunun günahkarı Əlirza Süleymanov, Əlyar
Muradov, Arif Əsgərov, Ziya Məmmədovdur”
“Başımıza nəsə gəlsə, bunun günahkarı Əlirza Süleymanov, Əlyar
Muradov, Arif Əsgərov, Ziya Məmmədovdur”
“Azərbaycan Dəmir Yolları” QSC-nin kişi bələdçilərinin
etirazları davam edir. Onların etirazına səbəb MDB ölkələri
istiqamətindəki xətlərdən çıxarılmaları, yerlərinə beynəlxalq xətlərə
qadın bələdçilərin yerləşdirilməsi və bu səbəbdən maaşlarının
azaldılmasıdır. Yanvar ayının 11-dən başlayan bələdçi etirazları görünür hələ
də davam edəcək. Etirazların, dövlət qurumlarına etdikləri müraciətlərin
nəticəsiz qaldığını görən bələdçilər sabahdan etibarən aclıq aksiyasına
başlamağı qərara alıblar. Bunu bu gün öz problemlərini danışmaq üçün
“Yeni Müsavat” qəzetinin qonağı olan bələdçilər deyib. Onların sözlərinə
görə, etdikləri müraciətlər, yazdıqları şikayət ərizələrinin nəticəsi
yoxdur. Buna görə də 25 yanvardan etibarən aclıq aksiyasına
başlayacaqlar.
35 il “Azərbaycan Dəmir Yolları” QSC-də işlədiyini deyən
Adil Balaxanovun dediklərinə görə, onları qapı-qapı süründürürlər:
“Bizim Nazirlər Kabinetinə etdiyimiz müraciətə cavab olaraq bildirdilər
ki, yanvarın 28-də Əlirza Süleymanov sizi qəbul edəcək. Bu isə bizi qane
etmir. Çünki biz onların özlərindən narazıyıq, onlardan şikayət
etmişik. Yenidən onların qəbuluna getməyin heç bir mənası yoxdur axı.
Onsuz da şikayətimizin nəticəsi olmayacaq. Prezident Administrasiyasında
da eyni vəziyyətdir. Orada da bizə cavab verdilər ki, sizin məktubunuzu
qoymuşuq Əli Əsədovun masasının üstünə, hələ ki, heç bir cavab yoxdur.
Biz prezidentdən xahiş edirik ki, bizə köməklik etsin. Biz də Azərbaycan
vətəndaşıyıq, bu ölkənin övladlarıyıq. Seçkilər zamanı İlham Əliyevə
səs vermişik. Bizim ondan başqa müraciət edəcəyimiz bir kimsə qalmayıb.
Bu bizdə ilk problem deyil. Məni iki il qabaq haqsız yerə işdən
çıxardılar, özümə də heç bir təzminat vermədilər. Səbəbi isə mənim iki
il qabaq bələdçilərin maaşlarının az olması və haqlarının taptalanmasına
görə etiraz edənlərin sırasında olmam idi. Onların arasında ən çox
fəallıq edənlərdən biri idim. Buna görə məni sıxmağa, təzyiq göstərməyə
başladılar. Görəndə ki, alınmır, Rəhman Əbişov məni öz otağına çağırdı.
Mənə dedi ki, sən çox səs-küy salırsan. Belə getsə səni burdan yola
salmalı olacağıq. Mən də dedim ki, mən qanunsuz heç bir iş görmürəm.
Haqqımı tələb edirəm. Bundan sonra məni çıxarmaq üçün bir bəhanə
axtarmağa başladılar. Bəhanə tapa bilmədikləri üçün, tələ qurdular.
Bütün etirazlar sakitləşəndən sonra məni göndərdilər ezamiyyətə.
Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin təmiri üçün məni ora işləməyə
göndərdilər. Ezamiyyət isə 10 günlük müddətində idi. Bu on gün ərzində
mənə qanunla düşən ezamiyyət pulumu vermədilər. Yolda gərəkən
ləvazimatları, kömürü, yemək təlabatlarımı vermədilər. Bunlar bir yana
dursun, ezamiyyətdən qayıtdıqdan sonra mənə dedilər ki, hazırlaş saat
6-da bir daha gedirsən. Mən də dedim əgər elədirsə, mənə bir az icazə
verin gedib evdən pal-paltar götürüm, bir az pul tapım sonra gedək. Mənə
dedilər ki, gedə bilərsən. Yenicə getmişdim ki, mənə zəng vurdular.
Dedilər sən yerində niyə yoxsan, öz işini düzgün yerinə yetirmirsən.
Məni Rəhman Əbişov otağına çağırıb dedi ki, sən işdən azadsan. 38 il iş
stajım var bunun 35 ilini dəmir yolunda çalışmışam. Halal zəhmətimlə,
haram yemədən anlımın təri ilə işləmişəm. Mənim yeganə bacardığım iş
budur. Mən bu peşəni öz savadımla qazanmışam, əlimdə iki diplomum var.
Bu yaşdan sonra gedib fəhləçilik də edə bilmərəm. Nadir Əzməmmədov
çıxışında deyir ki, rus dilini bilmirlər. Gətirsin o yeni işçiləri ilə
bizi müqaisə eləsin. Görək kimin savadı, kimin dil biliyi daha çoxdur.”
Şikayətçilərdən Mirsahib Sahibovun dediyinə
görə, onların şikayətlərinin hara edilməsindən aslı olmayaraq cavab
verən eyni adamlar olur: “Azərbaycan Respublikasının elə biri qurumu
qalmayıb ki, biz ora müraciət etməyək. Azərbaycan prezidenti İlham
Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət
etmişik. Bundan əlavə milli təhlükəsizlik naziri Eldar Mahmudova, baş
prokuror Zakir Qaralova, Baş Prokuror yanında Korrupsiyaya Qarşı
Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə və bu kimi dövlət qurumlarına
müraciət etmişik. Amma biz başa düşə bilmirik ki, bu müraciətlərimizə
Əlyar Muradov niyə cavab verir? Hansı dövlət qurumuna müraciət
etməyimizdən aslı olmayaraq cavablar eyni olur: “Sizin şikayətlərinizə
Əlyar Muradov cavab verəcək və ya Əlirza Süleymanov”. Bizim
şikayətlərimiz onsuz da bu insanlardandı, Əlirza Süleymanov, Əlyar
Muradov, Arif Əsgərov, Ziya Məmmədov kimi məmurlardan. Şikayət
ərizələrimzi yenidən bu insanlara göndərmək bizə heç nə qazandırmır.
1997-ci ilin avqust ayında bizim deponun tərkibində iclas keçirildi. O
zamanlar Ziya Məmmədov rəis idi. İclas zamanı Ziya Məmmədov bizə tərif
elədi, bizə təşəkkür etdi, qol saatı və pul mükafatı verdi. O zaman
yaxşı bələdçi idik, indi pis olduq? Son etirazlarımızdan sonra, qəzetlər
bu haqda yazandan sonra, gətirib bizə sabun, süpürgə, tualet kağızı və
bir neçə ləvazimat verdilər. Bəs, neçə illərdir bunları niyə bizə
vermirdiniz, biz öz cibimizdən almağa məcbur edirdiniz? Bu günkü gündə
11 gün təlim keçən yeni işçiləri xaricə gedən qatarlara buraxırlar amma
bizi yox. Bizim haqqımızı niyə tapdalayırlar? Bizi idarəyə çağırıb
deyirlər ki, maaşlar artacaq. Bunlar yalançı vədlərdir. İndiki şəraitdə
mən illik 2200 manat pul alıram. Hal-hazırdakı vəziyyətdə bu maaşnan
ailə saxlamaq olar? Əlirza Süleymanov, Əlyar Muradov, Arif Əsgərov, Ziya
Məmmədov bu qədər maaş alsalar ailə saxlaya bilərlər? Mən 28 ildir bu
idarədə işləyirəm. Bu idarə üçün çalışmışam, dizlərimi yerə qoyub köhnə
vaqonları təmizləmişəm. İndi də deyirlər sən yaramırsan.”
Digər şikayətçilərin dediklərinə görə, onların uzun
müddətdir maaşları mənimsənilir: “Sentyabr ayından etibarən bizim əmək
haqlarımız qaldırıldı. Tarif Şurasının sərəncamı olmadan, heç bir
qurumdan göstəriş gəlmədən maaşlarımızı 110 manatdan qaldırıb etdilər
200-210 manat. Əgər heç bir əmr gəlmədən maaşlarımızı qaldıra bilirlərsə
deməli öncədən də bizim maaşımız bu qədər olub. Sadəcə bunlar bizim
neçə illərdir haqqımızı, halal zəhmətimizlə qazandığımız pullarımızı
mənimsəyiblər. 2006-cı ildən etibarən işə götürülən qadın bələdçilərə
400-550 manat maaş verirdilər. Bizə isə 100-150 manat. Bunun səbəbini
isə heç kəs açıqlamırdı. Biz işə qəbul olanda yazırdıq ki, xahiş edirik
bizi bələdçi vəzifəsinə işə götürəsiniz. Orada yazılmırdı ki, siz 100
manatlıq bələdçi işinə, xanımlar isə 400 manatlıq bələdçi işinə qəbul
edilirsiniz. Hamımız eyni işi görürük, bəlkə də biz onlardan da daha çox
iş görürük.”
Daha bir şikayətçinin dediklərinə görə, rəhbərlik tərəfindən ondan
hər dəfə nağd şəkildə haqq alınıb. “Mən haqqımı onlara halal eləmirəm.
Mənim vəziyyətim pis olub, evimi satmışam, gecə-gündüz işləmişəm çünki
pula çox ehtiyacım olub. Mənim oğlum ağır xəstə olub. Mən oğluma görə
günlərlə yuxusuz qalmışam ki, onu sağaldım, mən onun üçün yaşayıram. Bu
məmurlar isə mənim halal pulumu utanmadan yeyiblər. Məni məcbur ediblər
ki, mən oğurluq edim. Qatara biletsiz sərnişin götürüm, onun-bunun
yükünü daşıyım ki, oğlumun dava dərmanına pul çatdıra bilim. Əgər onlar
mənim maaşımı düzgün versəydilər mən bunu heç vaxt etməzdim. Hələ buna
baxmayaraq məndən haqq belə alırdılar.”
Bələdçilərin dediklərinə görə, onları oğurluq etməyə vadar ediblər. ”
Səfərə gedərkən bizdən hər dəfə haqq alırdılar. O haqqı almasalar bizi
qatara buraxmırdılar. Hətta bir dəfə bizə ezamiyyət pulu vermədikləri
üçün mən aclıq aksiyası keçirdim. Bakıdan Xarkova səfərim zamanı mənə nə
ezamiyyət pulu, nə yol xərclərimi, nə qatarın xərclərini vermədilər və
bu, hər zaman belə idi. Buna etiraz olaraq 5 günlük səfərim zamanı aclıq
elan etdim. Sərhəddə qatar rəisi Rəhman Əbişova zəng vurub dedi ki,
bələdçi aclıq elan edib. O da cavabına bildirdi ki, verin onu polisə.
Mən nə etməli idim, axı mənə pul vermirsən, mən xərclərimi necə
ödəməliyəm? Gərək biletsiz sərnişin aparım, nəsə yük aparım gətirim ki,
həm qatarın həm də özümün yol xərclərimi ödəyə bilim. Məni bu yolnan
oğurluq etməyə vadar edirlər.”
Bələdçilər adı olub özü olmayan qatar təmizləyən
qurğulardan danışdılar: “Köhnə qatarları təmizləyən zaman zülm çəkirik.
Əslində depoda qatar yuyulması üçün cihazlar var. Amma o cihazlar uzun
illərdir çalışmır amma işçiləri var. Məcbur olaraq özümüz təmizləyirik,
bizə bu yolnan zülüm edirlər. “Azərbaycan Dəmir Yolları” QSC-də bizim
çeklərimiz var. O idarədə bizim payımız var. Bizə edilən zülmlərin
səbəblərindən biri də budur. Səhmləri necə olur ki, başqa adamlar alır,
axı bu qanunla qadağandır.
Bələdçi Cavanşir Qafarovun dediklərinə görə,
rəhbərlik onları təhqir edir: “Əlyar Muradov məni otağına çağırıb dedi
ki, gəl sən çəkil bu yoldan. Sənə nə lazımdırsa mən onları təmin edəcəm.
İstəsən sənə kabinet işi də verərəm. Sən bu qoyun iyi verən,
bələdçilərin yanında durma, onları oyatma. Dedim sizin o qoyun dediyini
bələdçilər mənim iş yoldaşlarımdı. Mən onlarla çiyin-çiyinə illərdir
işləyirəm. Siz əgər o bələdçilərə bu qədər yuxarıdan baxırsınızsa,
deməli siz bütün zəhmətkeş insanlara yuxarıdan baxırsınız. Mən bu yoldan
dönən deyiləm, biz haqqımızı alacağıq. Bundan sonra onlar mənə dedilər
ki, sən 3-cü qrup Qarabağ əlilisən işə yaramırsan. Məni işdən
çıxardılar. Mən də məhkəməyə şikayət etdim və məhkəməni uddum. Yenidən
işə bərpa edildim. Bizim heç birimizlə əmək müqaviləsi imzalanmayıb. Ağ
vərəqələr gətirdilər ki, imzalayın, biz də imzalamadıq. Biz hardan
bilək ki, sonradan o ağ vərəqəyə nə yazacaqlar, bunlardan hər şey
gözləmək olar. Bütün bu haqsızlıqlara susmadığımız üçün bizə qarşı belə
davranırlar. Bizim şikayətlərimizə baxan olmadı, neçə vaxtdır bizi bir
yolnan susdurmağa çalışırlar. Biz susan deyilik, haqqımızı alana qədər
də belə olacaq. Sabahdan etibarən biz aclıq aksiyasına başlayırıq. Əgər
bizim başımıza nəsə gəlsə, bunun günahkarı Əlirza Süleymanov, Əlyar
Muradov, Arif Əsgərov, Ziya Məmmədovdur”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3598