Daha bir Qarabağ qazisi intihara hazırlaşır

25.01.2014 - 02:13

“Bezmişəm… Özümü də, evimi də partladacam”

Yanvarın
24-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində
Qarabağ əlillərinin problemləri ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə
çıxış edən Əlillərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Məğrur Bədəlsoy
Qarabağ əlillərinin adından danışaraq, onlara qarşı edilən haqsızlıqları,
üzləşdikləri çətinlikləri, şəhərin mərkəzində tikilmiş “Əlillər evi”ndə yaşayan
əlillərin problemlərini mətbuatın diqqətinə çatdırıb:

“Son
zamanlar əlillərə qarşı edilən haqsızlıqlar bizi etiraz etməyə məcbur edib.
Hakimiyyəti zəbt edən YAP iqtidarı əlillərin haqlarını əllərindən alır.
Dövlətimizin qanunlarından, bizə verilən hüquqlardan istifadə edə bilmirik.
Qarabağ əlilləri və şəhid ailələrinə verilən güzəştlər mənimsənilir, mülkiyyət,
sosial təminat və yaşamaq hüquqlarımız məmurlar tərəfindən tapdalanır.
Deputatlar xalqa, millətə vəkillik etmək əvəzinə, onlara şər atır, üzlərinə
durub, tutdururlar və hətta öldürürlər. Qarabağ qazisi Zaur Həsənovu
öldürdükləri kimi… Zaur Həsənovu açıq-aşkar öldürdülər, o, özü intihar etmədi,
onu buna vadar etdilər. Onu məcbur etdilər ki, özünü öldürsün. O, özünü
öldürmək istəmirdi. O, yaşamaq istəyirdi. Zaurun yaşamaq hüququnu əlindən
aldılar, ona görə də, özünü öldürməyə məcbur qaldı. Ailəsinə bir tikə çörək
apardığı iş yerini bağladılar. Zaurun ölümündə birbaşa günahkar hakimiyyət
özüdür. Əlillər üçün nəzərdə tutulan sanatoriya-kurort göndərişlərinin, sığorta
ödənişlərinin və digər sosial-tibbi prosedurların heç biri həyata keçirilmir”.

Mətbuat
konfransında şəhərin mərkəzində -Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 46 ünvanında yerləşən “Əlillər
evi”nin bərbad vəziyyətdə olduğu da bildirilib.

Şikaytəçilər
binanın hər tərəfdən hasara alındığını, məmurların kommersiya maraqları naminə
zəbt edilərək, istifadə edildiyini bildiriblər: “Biz əlillər üçün nəzərdə
tutulmuş “Əlillər evi” bərbad vəziyyətdədir. Binanın həyətinə giriş mümkün
deyil. Binanın hər tərəfi hasara alınıb, kanalizasiya sistemi yoxdur. Binaya su
gəlmir, qaz 5 il sonra çəkilib. Qazı da tez-tez kəsirlər. Binanın qarşısında
piyada yolu və keçid yoxdur. Nəqliyyat Nazirliyi tərəfindən qoyulan dayanacaq
isə gecə ilə yoxa çıxıb. “Həyat Ticarət Mərkəzi” əlillərin vəsaiti ilə tikilib.
Ancaq oradan biz əlillər yox, bəzi məmurlar istifadə edirlər. Nabranda yerləşən
əlillər üçün istirahət kompleksi artıq özəlləşdirilib. Əvvəllər az da olsa, əlillər
gedib, orada dincələ bilirdilər. 2013-cü ildən bu yana ora artıq
özəlləşdirilib. Bu il oraya gedib, dincəlmək istəyən Qarabağ əlillərinə
deyiblər ki, “bura artıq sizin deyil”. Ümumiyyətlə, əlillərə ən axrıncı adam
kimi baxırlar. Əgər kimisə əzmək lazımdırsa, haqqını tapdalamaq lazımdırsa, ilk
ağıla gələn Qarabağ əlili olur. İmkan verməzlər ki, əlilin şəxsi obyekti olsun.
Bir yolla obyekti onun əlindən alırlar”.

Tədbirdə
çıxış edən Qarabağ qazisi Güloğlan Süleymanov artıq bu haqsızlıqdan bezdiyini
və özünü partladacağını bildirib:

“Bezmişəm.
Nə qədər şikayətlər etmək olar. Baxan yoxdu. Qapı-qapı düşüb, yalvarmalıyam?
Özüm 2-ci qrup Qarabağ əliliyəm, başımda yara ilə yaşayıram. Evlə bağlı
şikayətlərimi dinləyən yoxdur. Deyirlər ki, get, kimə deyirsən, de… Belə getsə,
evimi də özümü də partladacam”.

Əlillərin
Hüquqlarının Müdafiə Komitəsin sədir Məğrur Bədəlsoy onu da qeyd edib ki,
onların heç bir şikayətinə cavab tapılmadığı üçün əlillər aksiya keçirəcəklər:

“Bizim
şikayət etmədiyimiz yer qalmayıb. Nəqliyyat Nazirliyinə, Bakı Şəhər İcra
Hakimiyyətinə, Nazirlər Kabinetinə dəfələrlə şikayətlər etmişik. Amma
problemlərimizə əlac edən tapılmayıb. Bizə məmurlar tərəfindən təzyiqlər
edilir. Bununla bağlı polisə, ombudsmana müraciət etmişik. Oradan da “biz heç
nə edə bilmərik” cavabını almışıq. Artıq bezmişik. Ona görə də, fevral ayının
8-də aksiya edəcəyik.”

Short URL: http://www.cumhuriyyet.net/?p=3603

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930