Şeyxin “halal kolbasa” biznesinə sonuncu zərbə
2012-ci ildən QMİ-yə kolbasalara “halallıq verməyi”
qadağan edən Ramiz Həsənov son nöqtəni də qoydu
“Azərbaycanda halal kolbasa və sosis
istehsal edən müəssisə yoxdur”
“Azərbaycanda halal standartına cavab verən kolbasa və sosis istehsal
edən müəssisə yoxdur”. Bu sözləri dünənki açıqlamasında
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri
Ramiz Həsənov deyib. Onun sözlərinə görə, Komitə 2012-ci ildə bununla bağlı
müvafiq standart qəbul edib: “Lakin bu günə qədər bizdən halal standart alan
bir dənə də olsun müəssisə olmayıb”.
R.Həsənovun
dediklərinə görə, baxmayaraq ki, bu gün bir çox şirkət istehsal etdiyi kolbasa
və sosislərin üzərində “halal” sözü yazır. Bu standart deyil, bu bir brend kimi
buraxılır. Biz də onlara məsləhət görürük ki, belə etməsinlər və istehsal
etdikləri ət məhsullarının üzərinə “halal” sözü yazmasınlar. Çünki bu məhsullar
halal deyil”.
Xatırladaq ki, hələ bir neçə il bundan əvvəl
Qafqaz Müsəlmanları Ruhani İdarəsi kolbasa və sosis istehsalı ilə məşğul olan bəzi müəssisələrə
“halallıq zəmanəti” verməklə bu sektorda əsas söz sahibi olmağa başlamışdı.
Bildirək ki, QMİ yalnız iki şirkətin
məhsullarına halallıq zəmanəti vermişdi. Bunlardan biri Bakı şəhərində fəaliyyət
göstərən “SAB”, ikincisi isə Gəncə şəhərində fəaliyyət göstərən “Halal
Qida” şirkətləri idi. QMİ-dən hələ o zaman bunu belə izah edirdilər ki, həmin
şirkətlər vaxtilə QMİ-yə müraciət edərək “Halal” zəmanətinin alınmasını xahiş
ediblər. Guya, QMİ tərəfindən yaradılmış komissiya da həmin şirkətlərdə prosesi
izləyərək yoxlamalar aparıb. Onların halal ətdən istifadə etməsinə və dini
baxımdan lazımi əməlləri yetirdiyinə əmin olduqdan sonra QMİ-nin komissiyası bu
zəmanəti verdiyini bəyan edirdi.
Amma QMİ-nin kolbasalara halallııq zəmanəti verməsi kimi əcaiblik həm
cəmiyyət tərəfindən, həm də müvafiq dövlət qurumları tərəfindən narazılıqla
qarşılanırdı. Məhz elə bunun nəticəsi idi ki, 2012-ci ildə Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi xüsusi açıqlama ilə çıxış edərək
QMİ-nin özünə verdiyi bu səlahiyyəti onun əlindən aldı. O zaman yayılmış rəsmi
açıqlamada bildirilirdi ki, qrtıq Qafqaz Müsəlmanları İdarəsinin yazılı zəmanət
məktubu, yaxud hansısa din xadiminin reklamda çəkilişi halal adı altında
satılan kolbasa məhsulu üçün yetərli olmayacaq. Adıçəkilən dövlət komitəsi açıq
şəkildə bəayn etdi ki, halal markası altında məhsul istehsal edilməsi üçün
mütləq sertifikatlaşdırma orqanından sertifikat almaq əsas şərt olacaq. Bundan
sonra QMİ prosesdən uzaqlaşmış kimi görünsə də qurumun tamamilə geri
çəkildiyini idiia etmək də doğru olmazdı.
Belə ki, qurum qeyri rəsmi olaraq malik olduğu təsir gücündən
istifadə edərərk hansısa firmaların istehsalı olan kolbasa və sosislərə
“halaldır” münasibətini sərgiləməklə əvvəlki mövqeyini qorumağa çalışırdı. Amma
Ramiz Həsənovun dünən səsləndirdiyi və Şeyxin halal kolbasa biznesinə son və
sarsıdıcı zərbə sayılacaq açıqlaması bu mövzunun nöqtəsi də sayıla bilər.
Açıqlamada açıq şəkildə ifadə olunub ki, halal kolbasa və sosislərə uyğunluq
sertifikatını yalnız müvafiq dövlət strukturu verə bilər və “Halal” brendi
altında satışa çıxarılan məmulatlarının heç birinin belə bir sertifikatı
yoxdur.
Short URL: http://www.cumhuriyyet.net/?p=3606