“20 yanvar təxribatları “Qladio” və “Ergenekon” tərəfindən həyata keçirilib”

25.01.2014 - 13:25
 “20 yanvar faciəsindəki təxribatlar NATO-nun gizli “Qladio”, Türkiyənin “Ergenekon” təşkilatı tərəfindən həyata keçirilib”.

 

Yazıçı-publisist Həmid Herisçi “Bizim Yol” qəzetinə
müsahibəsində regionda baş verən hadisələrlə bağlı konsproloji
proqnozlarını açıqlayıb. O, Ukraynada cərəyan edən hadisələr, Rusiya və
Qərb arasındakı ziddiyyətlərlə bağlı politoloji təhlilləri inkar edən
fikirlər söyləyib. Bildirir ki, dəyərləndirmələri məlumatlara və
faktlara əsaslanır. H.Hersçi ilə müsahibəni oxucularımıza təqdim
edirik.   

– Həmid bəy, Sizi bir çox məsələlərdə suçlayırlar, o cümlədən, atanız
Qafar Kəndlinin ruhuyla danışmaqda. Bu qınaqları necə cavablayardınız?

– Hamletlərin alnına yazılıb bu özəllik. Ata ruhuyla söhbət “Hamlet”dəki kimi övlada xüsusi sirlərə agah olmaq imkanı yaradır.

– Siz özünüzü Şekspir qəhrəmanlarına bənzədirsiz?

– Əlbəttə.

– İndi keçək əsas suala, bir gün əvvəlki Facebook statusunuzda Kiyev
hadisələrini 24 il əvvəl Bakı hadisələriylə eyniləşdirmişdiniz. Bu
fikrinizi necə arqumentləşdirə bilərsiniz?

– Əvvəla, gəlin qədim münəccimlərin təcrübəsini yada salaq.
Bilirsiniz ki, hər 12 ildən bir göydəki ulduz xəritəsi dəyişir, 1990-cı
ildən üzü bəri həmin xəritə bir dəfə 2002-də dəyişib, bir də
indi-2014-cü ilin yanvar-fevral aylarında artıq dəyişməkdədir.
Hadisələrin müəyyən təkrarı gözlənilir ki, bunun ən bariz nümunəsi
1990-cı il Bakı faciəsinin 2014-cü il  17-20 yanvar ayında Kiyevdəki
təkrarıdır.

– Ulduzları qoyaq kənara, yerlə məşğul olaq, gerçəklikdən danışaq…

– Əvvəla, münəccimlərin öncə görmələrinə həmişə hörmətlə yanaşmışam,
politoloqların isə yox. Bax, sual verin özünüzə, nə üçün onların heç
biri Kiyev hadisələriylə Bakı olayları arasında paralellər aparmadılar.

– 24 il əvvəlki faciəylə indiki hadisələr arasında hansı paralellər ola bilər?

– Bakı hadisələri SSRİ-nin süqutunu sürətləndirməyə xidmət edən
xüsusi əməliyyat idi. Kiyev hadisələri isə çağdaş Rusiyanı çökdürməyə
xidmət edir. Bakı hadisələrindən azca öncə qətlə yetirilmiş Rumıniya
rəhbəri Nikolai Çauşevskinin son sözü bilirsinizmi nə olub?

– Azərbaycanla bağlı olmayıbmı?

– Bəli, o, “ah, bu Qarabağ, Qarabağ” deyəndə bədəni gülləylə
“daranıb”. Sosialist düşərgəsinin çökməsinə, etnik münaqişələrin
şiddətlənməsinə xidmət edən NATO-ya məxsus gizli əməliyyatın adı yadda
saxlayın, “Qarabağ” idi. Çauşevski də bu əməliyyata bələd idi, onun
qarşısını almaq istəyirdi, dekabr ayında Buxarestdə Beynəlxalq Kommunist
hərəkatının müşavirəsi zamanı o, çıxış edib həmin əməliyyatı ifşa
etməliydi. Lakin Qorbaçov, Amerika Mərkəzi Kəşfiyyat İdarəsiylə
birləşərək Çauşevskini öncələdi, Rumınıyada macarlarla rumınlar arasında
gərginlik yaratdı, ölkəni böhrana soxdu, eynən Azərbaycandakı kimi.
Sonra isə Çauşevsiki qətlə yetirildi. NATO-nun həmin “Qarabağ”
əməliyyatından təxminən 2 ay öncə Bakıya Türkiyədən 100 nəfərlik turist
dəstəsi gəlmişdi, bu, 1989-cu ilin noyabr ayının 14-15 tarixlərində
olub. O zaman Akademiyanın partiya komitəsinin sədri məni çağırıb dedi
ki, sən savadlı adamsan. Türkcə bilirsən, baş verənlərdən də ağlın
kəsir, get, o turistlərlə danış. Mən onlarla görüşüb söhbət edəndən
sonra gördüm ki, bu adamların hamısı peşəkar kəşfiyyatçılardır,
tətikçidirlər, yəni killerlərdir. Vaxtilə bu adamların hamısı Türkiuə
sol hərəkatının qana qəltan olunmasında fəal iştirak etmişdilər. 
Onların rəhbərləri Mehmet Dəmirtolay ilə Əbdülrəhman Çelik idi.
Razılaşın ki, Azərbaycanda siyasi vəziyyətin bu cür ağır durumunda bir
təyyarə türk “turisti”nin Bakıya gətirilməsi sadə məsələ deyildi.

– Onları kim gətirmişdi, hansı xətlə gəlmişdilər?

– Onları o zaman turist şirkəti “İmprotexs” gətirmişdi, xüsusi çarter
reysiylə. Füzuli Ələkbərov o zaman həmin şirkətin rəhbəri idi. Digər
sualları artıq ona ünvanlayın.

– Bunlar öz yerində, amma mənim üçün maraqlıdır, SSRİ hələ dura-dura, müstəqil şəkildə turist şirkəti yaratmaq mümkün idimi?

– Sözsüz ki, onlar dövlətin tapşırığıyla yaranmış xüsusi şirkətlər
idi, görünür təyinatları da məxfi idi. Bakıda həmin Qarabağ
əməliyyatının keçirilməsində adını çəkdiyim o turistlərin rolu məncə
hələ lazımi qədər dəyərləndirilməyib. Hesab edirəm ki, 20 yanvar
faciəsindən öncə və sonra baş verən qanlı hadisələrdə həmin turistlərin
xüsusi iştirakı olub. Mehmet Dəmirtolayla Əbdülrəhman Çelik həmin vaxt
Bakıya xüsusi videokamerayla gəlmişdilər. 17 noyabr mitinqlərini lentə
almaqda və Əbülfəz Elçibəy müsahibə almaqda mən onlara yardım etmişəm.
Həmin lent indi də lazımi yerlərdə saxlanılır, əşyayi-dəlil kimi onun
əhəmiyyəti əvəzsizdir.

– Sizin dediklərinizdən belə çıxır 19 yanvarda televiziyanın enerji
blokunun partladılması, ümumiyyətlə Rusiya kəşfiyyatçılarının bu
faciənin yaranmasında iştirakı olmayıb…?

– Bəli, bütün təxribatlar NATO-nun gizli “Qladio”, Türkiyənin
“Ergenekon” təşkilatı tərəfindən həyata keçirilib. Sovetlərə
televiziyanın qalması vacib idi.

– Axı istintaq müəyyənləşdirib ki, televiziyanı Rusiya kəşfiyyatı partladıb, məqsəd də insanları informasiyasız saxlamaq olub…

– Televiziya o zaman Rusiyanın tam nəzarəti altındaydı, ruslar nə
üçün onu partlatmalıydılar axı? Partlayış ölkəni xaosa salmaq üçün
NATO-nun Bakıdakı təxribat qruplarına lazım idi. İndi də həmin ssenari
Kiyevdə təkrarlanır. Həmin qladioçular oxşar ssenarini Kiyevdə
səhnələşdirirlər. Yadda saxlayın, məxfi qurumlar həmişə tarix tərəfindən
sınaqdan keçirilmiş məxfi əməliyyatları təkrarlamağa meyllidirlər. Bakı
hadisələri xüsusi diversiya əməliyyatı kimi NATO məktəblərində tədris
olunur. Lazım gələndə arxivdən çıxarılıb yenidən səhnələşdirilir.

– Bütün bu fikirlərinizi sənədlərlə təsdiqləyə bilərsinizmi?

– Mən boş sözlər danışmıram, başqalarından fərqli olaraq. Bakı
hadisələrinin sirri mənə çoxdan bələd idi. Onun Kiyev güzgüsündəki zəif
əksi gözlərimdən heç nəyi gizlətmir. 

– Bütün hallarda Kiyev hadisələrinin nəticəsini necə görürsünüz?

– Öncəki yazılarımda da qeyd etmişəm ki, Rusiyaya qarşı həyata
keçirilən “Prometey” əməliyyatının təxminən 80 yaşı var. Bu əməliyyatın
hazırlanmağında Qafqaz, Orta Asiya, Ukrayna və Baltikyanı millətçi
qüvvələr fəal iştirak ediblər. Həmin əməliyyat bir an belə səngiməyib,
indi də davam edir. Moskvada çap olunmuş sənədlər göstərir ki, bu
əməliyyatın qərargahında Kremlin həmişə öz adamları olub. Məsələn, onlar
həmin əməliyyatda Məhəmməd Əmin Rəsulzadənin iştirakını dəqiqə-dəqiqə
izləyiblər. Ruslar bu əməliyyatın “mətbəxinə” yaxşı bələddirlər. Moskva
“Prometey”dəki millətçi qrupları indi də nəzarətdə saxlayır, özü imkan
yaradır ki, bu qüvvələr bir yerə toplanıb “şişsinlər”. Lazım şəraitdə
ruslar bircə zərbəylə bu “şişi” məhv edəcəklər. Həmin an yaxınlarda baş
verəcək. Yadınızda saxlayın, ruslar “Prometey” əməliyyatına qarşı
amansızdırlar. “Prometey” əməliyyatının müasir qərargahı 80 il öncəki
kimi yenə də Polşadadır. Bu əməliyyatın keçmiş rəhbəri Polşa prezidenti
Lev Kaçinskiydi, bir də ətrafındakı 100-ə yaxın əsabəsi. Ruslar onları
Katın səmasında aldadıb məhv etdilər. Sonra da dedilər ki, meyitləri
gəlin Moskva meyitxanasından götürün. “Mən Moskvaya heç vaxt səfər
etməyəcəm” deyən Polşa prezidenti Kaçinskiyə bundan yaxşı cavab ola
bilməzdi.

– Belə çıxır ki, “Prometey” əməliyyatının növbəti rəhbərlərini də qətliam gözləyir?

– Bəli.

Short URL: http://www.cumhuriyyet.net/?p=3627

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930