“Yanukoviç getməlidir və gedəcək də”

25.01.2014 - 13:31

“Rusiya Ukraynada mövqelərini itirdiyinə görə qəzəbi bizim üstümüzə tökə bilər”

“Cəbhədə vəziyyətin gərginləşməsi Rusiyanın Qərbə mesajıdır”

 

 

Ukraynanın paytaxtı Kiyevdə milislə müxalifət fəalları arasında
qarşıdurma səngimək bilmir. Toqquşmalarda beş nəfər həlak olub, yüzlərlə
insan yaralanıb. Gərginlik ölkənin regionlarına da keçib. Bu arada
Avropa Birliyi və ABŞ rəsmiləri də Ukrayna müxalifətinə dəstəyini ifadə
edib, eyni zamanda rəsmi Kiyevdən gərginliyin səngiməsi üçün addımların
atılması tələb edilib. Artıq qan tökülməsinə görə məsuliyyət daşıyan
Ukrayna rəsmilərinə qarşı sanksiyaların da gündəmə gələcəyi ehtimalı
artıb. Hadisələrin belə inkişafı Ukraynaya nə vəd edir? Mövzu ilə bağlı
politoloq Vəfa Quluzadənin fikirlərini öyrəndik. 

– Ukraynada hadisələrin ikinci dalğası daha sərt oldu. Bu nə
qədər gözlənilən idi və hadisələrin sonrakı inkişafını necə görürsünüz?


Bu gözlənilən idi. Çünki ortalıqda çox prinsipial məsələ durur. Ya
Ukrayna Rusiyanın yanına qayıdır, ya da öz müstəqilliyini davam edir,
Avropaya doğru özü üçün yol açır. Hiss olunur ki, Ukrayna
vətəndaşlarının əksəriyyəti Rusiyaya, yəni keçmişə qayıtmaq istəmir. O
səbəbə görə də burda ciddi qarşıdurma var. O qarşıdurmada da hiss olunur
ki, Yanukoviç stabilliyi qoruya bilmir. Yanukoviç xalqına müraciət edə
bilmir, xalqın tələbini ödəyə bilmir. Ona görə də yəqin ki, gedəcək.
Üstəlik, Qərb Ukrayna müxalifətinin arxasında çox möhkəm dayanıb. Bunu
bilmək lazımdır. O səbəbə görə də onlar istədiyinə nail olacaq.
Yanukoviç getməlidir və gedəcək də. Amma bir şeydən narahatam. Rusiya
Ukraynada mövqelərini itirdiyinə görə qəzəbi bizim üstümüzə tökə bilər.
Indi atəşkəs xəttində vəziyyət həyəcanlıdır, atəşkəs pozulub. Orda,
demək olar, müharibə gedir. Indi əgər Rusiya o qərara gəlsə ki,
Amerikanın maraqlarına Azərbaycanda təhlükə törətsin, onda burda çox
xoşagəlməz hallar ola bilər. Yenidən müharibə qızışa bilər. Cəbhədə
vəziyyətin gərginləşməsi Rusiyanın Qərbə mesajıdır. Rusiya Qərbin
Ukraynadakı fəaliyyətindən narazıdır. Rusiya burdakı vəziyyəti
gərginləşdirərək demək istəyir ki, mən sizin Cənubi Qafqazdakı
maraqlarınıza zərbə vura bilərəm. Bütün cəbhə xəttində atəşkəsin
pozulması məhz bununla əlaqədardır.    Cəbhədə vəziyyətin gərginləşməsi
Rusiyanın Qərbə mesajıdır.

 

“Ukraynanı xoşluqla Rusiyaya verməyəcəklər”

 

– Ukraynada artıq qan tökülüb. Eyni zamanda ölkənin şərqində
Yanukoviçə dəstək ifadə edən aksiyalar keçirilir. Belə vəziyyət vətəndaş
müharibəsinə gətirib çıxara bilərmi?

– Hesab etmirəm ki, bu
baş verə bilər. Vətəndaş müharibəsi olmaq üçün gərək Rusiya Ukraynaya
qoşun göndərsin. Qərbi Ukrayna, Lvov tərəfi hamısı silaha sarılsın.
Həqiqətən də onlar indi silahlanır. Yəni orda hər hansı halda Ukraynanı
xoşluqla Rusiyaya verməyəcəklər. Sözsüz ki, vətəndaş qarşıdurması da ola
bilər. Bu məsələdə Rusiyadan da çox şey asılıdır. Rusiya Ukraynaya
qoşun yeritməyə cəsarət edəcəkmi? Inanmıram buna cəsarət etsin.

 

“Ukrayna Avropa Birliyinə yeni iqtidarla daxil ola bilər”

 

– Baş verənlər Avropa Birliyinin də Ukrayna məsələsində
qətiyyətli olduğunu göstərir. Artıq həm Avropadan, həm də ABŞ-dan
sanksiya hədələri gəlir. Qərbin mövqeyi Ukrayna hakimiyyətinə nə vəd
edir?

– Birincisi, sanksiya söhbətləri var. Ikincisi də,
Avropa Birliyi birmənalı surətdə dedi ki, biz Ukraynanı qəbul edərik,
amma Yanukoviçsiz. Yanukoviç, Azarov, onların hökuməti gərək getsin ki,
Ukrayna yeni iqtidarla Avropa Birliyinə daxil olsun. Avropa Birliyi dəli
olmayıb ki, Putinin komandasına milyardlarla pul versin. Onlar ona görə
Ukraynanın çökmüş iqtisadiyyatına investisiya qoymaq istəmədilər ki,
hakimiyyətdə Putinin komandasıdır.

 

“Yanukoviç gücdən istifadəyə cəsarət etməyəcək”

 

– Avropa Birliyi Yanukoviç hakimiyyətinə qarşı sanksiyalardan əlavə daha hansı sərt addımlar ata bilər?

Ukraynanın bütün oliqarxlarının, Yanukoviçin, yaxınlarının hamısının
pulu Qərbdədir. Bunu bilmək lazımdır. Ona görə inanmıram ki, Yanukoviç
cəsarət edib gücdən istifadə etsin, Ukraynanı Rusiya ilə bərabər işğal
etsin.

 

“Putinin Ukraynanı ram etmək imkanı yoxdur”

 

– Ukraynada bu hadisələr baş qaldıranda Putin 15 milyard
dollar vəd etdi və müəyyən mənada Yanukoviç vəziyyətdən çıxa bildi. Bu
dəfə Rusiya hansı addımlar ata bilər və bu addımlar təsirli olacaqmı?


Məsələ ondadır ki, hələ bu 15 milyard dollar verilməyib. Yəqin
verilməyəcək də. Əgər Yanukoviç ölkəyə nəzarət edə bilmirsə, bu 15
milyard da ora gəlməyəcək. Ona görə burda vəziyyət olduqca kövrəkdir.
Inanmıram ki, Putinin Ukraynanı ram etmək imkanı var. Bu mümkün
olmayacaq.

– Yaxın günlərdə Ukraynada prosesləri necə görürsünüz? Yanukoviç çıxış yolu kimi hansı addımlar ata billər?
– Burda Yanukoviç üçün ən əlverişli yol yenidən seçkiləri elan etməkdir. Bu da o deməkdir ki, getsin hakimiyyətdən.

 

“Azərbaycan-Avropa Birliyi əməkdaşlığı güclənəcək”

 

 

– Avropa Birliyinin Ukrayna məsələsində göstərdiyi
qətiyyətdən belə başa düşmək olur ki, “Şərq Tərəfdaşlığı” proqramının
genişlənməsində israrlı olacaq. Belə olan halda Azərbaycan baş
verənlərdən özü üçün hansı nəticəni çıxarmalıdır?

– Bu
yaxınlarda Azərbaycan da Brüsseldə öz mövqeyini nümayiş etdirdi. Ilham
Əliyev Brüseldə Azərbaycanın NATO ilə əməkdaşlıq etdiyini və bu
əməkdaşlığın güclü inkişaf etdiyini artıq sərgilədi. Hesab edirəm ki,
Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığı da güclənəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=3628

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930