“20 BANK ÇÖKƏ BİLƏR”
Avtomobillərə kreditlərin verilməməsinin pərdəarxası…

– “Bank Standart” avtomobil krediti verirmi?
– Xeyr, artıq avtomobil kreditləri verilməsi dayandırılıb.
– Səbəb nədir?
– Mərkəzi Bankdan belə bir tapşırıq gəlib və bundan sonra bizim bankımız avtomobil kreditlərinin verilməsini dayandırıb.
Avtomobil kreditləri ilə bağlı daha bir-neçə bankdan da eyni cavabı
aldıq. Digər mal və xidmətlərə gəldikdə, banklar indi bu kreditləri də
arayışsız vermirlər.
“Dəmirbank”: “Hazırda mebel, soyuducu, televizor və s. avadanlıqlar üçün kreditlər də ancaq arayışla verilir”.
Hələ ki Mərkəzi Bankın avtokreditlərə qoyduğu məhdudiyyətin nə vaxt aradan qaldırılacağı bəlli deyil.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, bu addım kredit
portfelinin keyfiyyətinin qorunub saxlanılmasına, borcalanların maliyyə
vəziyyətinin pisləşməməsinə və bankların maliyyə dayanıqlığının
artırılmasına xidmət edir.
Mərkəzi Bank maliyyə dayanıqlığının daha da gücləndirilməsi məqsədilə
banklara “məsuliyyətli borc vermə” prinsiplərinə uyğun olaraq işlərini
intensivləşdirməyi və bu sahəyə nəzarəti artırmağı tapşırıb.
İqtisadçı
Samir Əliyev avtomobil kreditinə qoyulan məhdudiyyəti əslində bankların
özünün yaratdığı problem sayır. Deyir banklar daha çox müştəri və daha
çox gəlir əldə etmək üçün arayışsız kreditlər verməyə başlayıblar.
İndi ümumi kredit qoyuluşunda istehlak kreditlərinin payının 40 faizi və
ya 6 milyard manatı keçdiyini bildirən iqtisadçı mövcud vəziyyəti çox
təhlükəli sayır: “Ölkənin inkişafı üçün biznes kreditləşməsi
vacibdir. Amma biznesdə böyük risklər olduğundan banklar istehlak
kreditləşməsinə qaçır. Bu zaman banklar biznes sahəsinə pul ayırmırlar.
İstehlak kreditlərinin payının 40 faizə çatması o deməkdir ki, əhalinin
gəlirlərinin 20 faizi borclanmaya gedib. Azərbaycan kimi ölkələrdə bu
təhlükəlidir və narahatlıq doğurmaya bilməz. Misal üçün, bu, Almaniya
üçün təhlükəli deyil. Çünki orda avtomobil ölkənin öz istehsalıdır və
kreditlərin götürülməsi əslində avtomobil sənayesinin inkişafına səbəb
olur”.
Samir Əliyev deyir ki, Azərbaycanda avtomobil istehsalı olmadığından
bankların avtomobil kreditləri verməsi dolayı yolla xarici ölkə
sahibkarlarının inkişafına xidmət edir:“Nəticədə öz sahibkarlarımız rəqabət apara bilmir. Bu baxımdan istehlak kreditləşməsi təhlükəlidir”.
Samir Əliyevin fikrincə, Mərkəzi Bankın avtokredit qadağası 6-7 ay davam
edərsə, bu, 20-yə yaxın bankın ciddi problemlə üzləşməsinə, hətta
bağlanmasına səbəb ola bilər:“Çünki həmin bankların kredit
portfelində avtomobil kreditlərinin payı daha yüksəkdir. Avtomobil
kreditləşməsinin dayandırılması həmin banklara böyük zərbədir. Bankların
xərcləri artacaq. Eyni zamanda bu sığorta bazarına da təsir edəcək”.
İqtisadçı banklara qoyulan məhdudiyyətin avtomobil bazarında ucuzlaşmaya səbəb ola biləcəyini də düşünür: “Bu
gün Azərbaycanda yeni avtomobillərin üçdən ikisi kreditlə alınır.
Məhdudiyyətlərin tətbiqi tələbatın 60-70 faiz azalması deməkdir.
Tələbatın da azalması avtomatik qiymətlərə təsir göstərəcək”.
Hələ ki, bəzi banklar buna yalnız sözdə əməl edirlər. Bunu Bakıdakı
avtomobil satış mərkəzlərindən verilən cavablar da təsdiq edir.
– İndi sizdən kreditlə avtomobil götürmək olarmı?
– Məhdudiyyət var, amma siz bizə yaxınlaşın, bizim banklarda tanış adamlarımız var, onlar düzüb-qoşub həll edə bilirlər.
İqtisadi
Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu Mərkəzi Bankın
narahatlığını başadüşülən sayır. İqtisadçı hesab edir ki, həqiqətən də
qısamüddətli istehlaka yönələn bahalı kreditlər maliyyə hesabatları və
kredit tarixlərinə əsaslanmadan ayrıldıqda, risklər getdikcə artır və
kütləviləşir. Əslində, belə təminatsız kreditlər daha əsaslı və
uzunmüddətli qiymətləndirmə sənədləri və informasiyalara istinadən
ayrılmalıdır.
İqtisadçı yada salır ki, kredit qoyuluşunun 39.6 faizi, yəni 6 milyard 420 milyon manat ev təsərrüfatlarının payına düşür.
Qubad İbadoğlu deyir ki, kasıblara ayrılan bahalı kreditlər depozit
faizlərinin yüksək olması ilə müşahidə edilir. Bu prosesdə bir tərəfdən
varlılar daha da varlanır, kasıblar bir az da yoxsullaşırlar. Bu
baxımdan da iqtisadçı insanlara məsləhət görür ki, “məsuliyyətsiz borc
vermə” prinsipləri ilə işləyən bankların kreditləri hesabına sosial və
maddi problemlərini həll etsələr yaxşı olar.
Short URL: http://www.cumhuriyyet.net/?p=3632