Gültəkin Hacıbəylinin məhkəməsində hakimin və Mahmud Mehdiyevin yalanları üzə çıxdı

26.01.2014 - 00:45

Prosesdə
Mahmud Mehdiyevin yalan ifadə verməsi, hakimin isə hazırlıq iclasının qərarını
sabiq deputata göndərmədiyi məlum oldu

 

 

Yanvarın 24-də
Yasamal rayon Məhkəməsində hakim Sərdar Mehrəliyevin sədrliyi ilə Milli Şuranın
komissiya sədri Gültəkin Hacıbəylinin 9 il öncə ayrıldığı keçmiş həyat yoldaşı
Mahmud Mehdiyev və onun bacısı Aynur Mehdiyeva tərəfindən sabiq deputata qarşı
Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə irəli sürülmüş xüsusi
ittiham üzrə məhkəmə prosesi davam edib. Məhkəmə prosesində G.Hacıbəyli, onun vəkilləri Elçin Sadıqov, Muxtar
Mustafayev, Bəhruz Bayramov, xüsusi ittihamçılar M.Mehdiyev və
A.Mehdiyeva iştirak ediblər. G.Hacıbəyliyə dəstək üçün Milli Şuranın
Koordinasiya Şurasının üzvü, hüquqşünas Vidadi Mirkamal, Milli Şuranın
üzvü, ictimai fəal Yeganə Hacıyeva, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və
onlarla fəal vətəndaşlar məhkəmə prosesinə qatılıblar.

Proses başlayan kimi
Gültəkin Hacıbəyli vəsatət verərək Mahmud Mehdiyevin məhkəmədə yalan ifadə
verdiyi üçün məhkəmə tərəfindən onun barəsində xüsusi qərardadın çıxarılmasını
və baş prokurorluğa göndərilməsini xahiş etdi. Vəsatətini hakimin diqqətinə
çatdıran G.Hacıbəyli dedi ki, M.Mehdiyev məhkəmədə ailəli oldğunu bildirib. O,
M.Mehdiyevin bununla məhkəmədə yalan ifadə verdiyini, ötən ilin iyun ayında
M.Mehdiyevin ikinci həyat yoldaşı olan Müjgan Musayevanın ondan boşanması üçün
Nərimanov məhkəməsinə müraciət etdiyini və iyul ayının 19-da rəsmən
boşandıqlarını söylədi: “Mahmud Mehdiyev məhkəmədə ailəli olduğunu demişdi.
Amma məlum olur ki, o boşanıb. Buna görə də Mahmud Mehdiyev zərərçəkən qismində
yalan ifadə verdiyi üçün onun barəsində xüsusi qərardan çıxarılmalıdır və baş
prokurorluğa göndərilməlidir”, – deyə G. Hacıbəyli qeyd etdi. M.Mehdiyev isə
qeyd olunan bu məsələyə əsaslı cavab verə bilməkdə çətinlik çəkdi: “Bu belə
deyil. Hətta belə olsa da, heç kim özünə qarşı ifadə verə bilməz”.
G.Hacıbəylinin vəkilləri M.Mehdiyevin düzgün danışmadığını bildirdilər. Bu
zaman Aynur Mehdiyeva yerindən “Siz kimsiniz ki, Mahmud Mehdiyevin ailəli
olub-olmadığını soruşursunuz” dedi. Bundan sonra M. Mehdiyev “İkinci
nigahimdan boşanmışamsa da bunun indiki mərhələyə nə adiyyəti var?” deyə
sual etdi. G.Hacıbəyli hakimin və proses iştirakçılarının diqqətinə bir daha
çatdırdı ki, söhbət M.Mehdiyevin məhkəmədə yalan ifadə verməsindən və buna görə
qanun qarşısında məsuliyyət daşımasından gedir: “Əgər bu ifadəni yalan
söyləyibsə, məhkəmə haradan biləcək ki, onun digər ifadələri də düzdür? Artıq
onun bir yalan ifadə verməsi aşkarlanıb”.

Vəkil Muxtar
Mustafayev dedi ki, belə vəziyyətdə M.Mehdiyev bir halda məsuliyyətdən azad ola
bilər ki, yalan ifadə verdiyini məhkəmədə etiraf etsin: “Gültəkin xanımın
vəsatəti həm də ona görə əsasdır ki, Mahmud Mehdiyev sistemli şəkildə
ailələrini dağıdır. Bu hal isə məhkəmədəki işə təsir edən haldır”. Hakim
tərəfləri dinləyəndən sonra işin hazırkı mərhələsində hansısa xüsusu qərardadın
çıxarılmasına ehtiyac olmadığını və vəsatətin təmin edilmədiyini bildirdi.
G.Hacıbəyli isə növbəti vəsatətini vermək istəyəndə məhkəmədə gərginlik
yarandı. Belə ki, hakim G.Hacıbəyliyə vəsatətlərinin müəyyən hissələrini
oxumasını dedi. G.Hacıbəyli isə hakimin diqqətinə çatdırdı ki qanunda
vəsatətlərin tam oxunmasının mümkün olması göstərilib. Bu zaman M.Mehdiyev ilə A.Mehdiyeva
yerindən danışmağa başlayaraq ifadə vermək istədiklərini bildirdilər. Onların
hakimdən icazə almayaraq yerlərindən danışmalarına və vəsatətinin tam
oxunmasına imkan verilməməsinə etiraz edən G.Hacıbəyli üzünü hakimə tutaraq
“Möhtərəm hakim, biz indi hardayıq?” deyə sual etdi. G.Hacıbəylinin bu iradına
hakim “Elə mən də demək istəyirəm ki, biz hardayıq?” cavabını verdi.
G.Hacıbəyli vəsatətini oxumaq istəyəndə hakim ona vəsatəti qısa oxumağı
bildirdi.
Hakim:

-Lüzumsuz
vəsatətləri burda oxumayın.

G.Hacıbəyli:
– Möhtərəm hakim, siz əvvəlcədən hardan bilirsiniz ki, verdiyim vəsatətlər
lüzumsuzdur?

Hakim:

-Eyni
məsələlərlə bağlı vəsatəti saatlarla oxumağa ehtiyac yoxdur.
Hakimin təkid etməsinə baxmayaraq G. Hacıbəyli vəsatətini oxumağa başladı və
qanunun buna icazə verdiyini qeyd etdi. O, dedi ki, 07 oktyabr tarixli
məhkəmə hazırlıq iclasında işin məhkəmə baxışına təyin edilməsi haqqında
qərarın qəbulundan dörd ay ötsə də, nə ona, nə də vəkillərinə bugünədək qərar
təqdim edilməyib. Halbuki, qanunvericiliyin tələbinə görə bu qərar üç gün
ərzində tərəflərə poçtla çatdırılmalı idi. Digər məhkəmə işləri ilə bağlı
məhkəmədən ona göndərilən bütün məktubları aldığını deyən G.Hacıbəyli ona qarşı
irəli sürülən və məhkəmənin icraata qəbul olunan ittihamla bağlı qərarın ona
çatmadığını bildirdi: ” İşin icraata qəbul edilməsi haqda məhkəmənin qərarı
mənə göndərilməyib. Biz məhkəmədən ittihamın bizə izah edilməsini istəmişik.
Amma möhtərəm hakim, siz ittihamın nədən ibarət olduğunu bizə izah edə
bilməmisiniz. İzah edə bilmirsinizsə, ittihamı bizə təqdim edin, onunla
tanış olaq”.
E.Sadıqov hakimə dedi ki, müdafiə etdiyi G.Hacıbəyli bu məhkəmənin qərarı ilə
təqsirləndirilən şəxs kimi cəlb edilib: “Möhtərəm hakim, biz bu qərarı necə
qəbul etdiyinizi və dəyərləndirdiyinizi bilmək istəyirik”. Hakim həmin qərarın
G.Hacıbəyliyə göndərildiyini söylədi. E.Sadıqov üzünü hakimə
tutaraq “Onda qərarın göndərilməsi haqda sənədləri bizə təqdim edin” dedi.
Çıxılmaz vəziyyətdə qaldığını görən hakim “İndi qərarın sürətini sizə təqdim
edərik” dedi. Bundan sonra hakim əsəbi şəkildə qarşısındakı sənədləri
vərəqləməyə başladı.Gültəkin Hacıbəylinin məhkəməsində hakimin və Mahmud Mehdiyevin yalanları üzə çıxdı
Hakim:

-İndi biz o qərarı
saatlarla axtarmalı deyilik.

G.Hacıbəyli:

-Biz poçtdan
dədiqləşdirmişik, göndərilməyib.

Hakim:


Göndərilməyib, göndərilməyib də. Vəkiliniz Bəhruz Bayramov hazırlıq
iclasında olub.

B.Bayramov:
– Qərar mənə də təqdim edilməyib.

Hakim vəkillərin
vaxtında qərarı tələb etməməkdə qınadı. G.Hacıbəyli hakimə dedi ki, qərarı
təqdim etmək vəkillərin yox, hakimin vəzifəsidir. G.Hacıbəylinin
vəkilləri xüsusi ittihamçı olan Mehdiyevlərə təqdim edilib-edilməməsi ilə
də maraqlandırlar. M.Mehdiyev bu haqda dolğun cavab verə və qərarın
onlarda olmasını sübut etmək üçün qərarı proses iştirakçılarına göstərə
bilmədi. Bir necə dəqiqə davam edən mübahisədən sonra qərarın sürəti
G.Hacıbəyliyə təqdim edildi. G.Hacıbəyli qərarla tanış olmaq üçün hakimdən vaxt
istədi və məhkəmənin təxirə salınmasını xahiş etdi.

Bundan sonra hakim
prosesi təxirə salaraq yanvarın 29-na saat 11:30-a təyin etdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=3656

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930